Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 23:12
Birinci Qarabağ müharibəsində onun yaxın qohumu Şakir İsgəndərov 54 gün erməni mühasirəsində qalıb. O, mühasirə günlərində özü ilə gəzdirdiyi müqəddəs Azərbaycan bayrağını düşmənlərdən qoruyub. Mühasirədən çıxandan sonra isə özü ilə apardığı bayrağı geri qaytarıb.
Uşaq vaxt Şahgündüz bu barədə valideynlərindən eşitmişdi və onlara söz vermişdi ki, həmin bayrağı doğma Laçın torpağına o özü sancacaq...
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Cabbarovlar ailəsi 1992-ci ildə məcburi köçkün kimi Laçın rayonun Oğuldərə kəndindən Bərdə rayonuna pənah gətirmişdi. Şahgündüz 1995-ci il yanvarın 13-də Bərdənin Mollalı kəndində anadan olub. Rayonun Meşəçilik qəsəbəsində Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Neft Akademiyasının neft-qaz və mədən fakültəsinə daxil olub. 2016-cı ilin Aprel döyüşləri zamanı tələbə olsa da, cəbhəyə yollanır. Lakin təhsil aldığı üçün onu qəbul etmirlər. Uşaqlıqdan vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyüyən Şahgündüz Aprel döyüşləri zamanı əsgərlərə yardımlar aparır, onlara kömək edirdi.
Ürəyi Vətən sevgisi ilə döyünən Şahgündüz təhsilini başa vurandan sonra hərbi xidmətə yollanır. Xidmət müddətində yüksək hərbi nizam-intizam göstərdiyinə görə general Mayis Bərxudarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Mənfur düşmən Tovuz sərhədində təxribat törədərkən o, hərbi səfərbərlik xidmətinə gedərək könüllü olaraq Milli Ordu sıralarına yazılıb.
Vətən müharibəsi başlananda isə ilk gündən cəbhənin ön xəttində olub. Atası Habil deyir: "Müharibə başlayan kimi zəng edib dedi ki, ata, çoxdan gözlədiyimiz gün gəlib çatdı. Mən müharibəyə gedirəm".
Anası Simuzər Əmrahova xatırlayır: "Sentyabrın 28-də Şahgündüz Bərdəyə yollanaraq yaralılara baş çəkməyə getdiyini dedi. Ayın 30-da zəng edib dedi ki, ana, sənə yaxşı bir xəbərim var: məni döyüşə çağırıblar. İnşallah, Oğuldərəyə bayrağı mən taxacağam. Ana, mən ölümə getmirəm, torpağımızı azğın düşməndən təmizləməyə gedirəm. O qədər ürəklə danışdı, mənə elə sözlər dedi ki, ona heç nə olmayacağına inandım".
O, oktyabrın 1-də cəbhəyə yola düşüb. Əvvəlcə pulemyotçu kimi döyüşlərdə iştirak edib. Sonra isə öz arzusu ilə xüsusi təyinatlıların həmlə taboruna keçib. Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısı olub.
Son əməliyyata getməzdən əvvəl bir video çəkilib. Şahgündüz əsgər yoldaşlarına ürək-dirək verir, yeni əməliyyatda hamıya uğurlar arzulayaraq deyir ki, döyüş tapşırığını yerinə yetirəndən sonra Allahın köməyi ilə hamımız sağ-salamat ata-anamızın, ailəmizin yanına qayıdacağıq.
Bu, onun son döyüşü olur.
Vətənə qovuşmaq arzusu ilə alışıb-yanan, doğma kənddə Azərbaycan bayrağı taxmaq arzusu ilə döyüşlərə atılan Şahgündüz Cabbarov oktyabrın 25-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında qəlpə yarası alır və şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.