Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək - FOTO

Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək - FOTO

Tarix: 13 Iyul 2021 14:30

Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar da qardaş Türkiyə Respublikasının "BMC Otomativ Sənaye Ticarət" şirkətinin istehsalıdır.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə Respublikasının "BMC Otomativ Sənaye Ticarət" şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.

Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək.

Görüşdə birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Bakı şəhərində avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki, onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq gələcəkdə BMC markalı avtobusların ehtiyyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirildi. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verildi.

Məlumat üçün bildirək ki, 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcəkdir. Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır. Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.

Onu da qeyd edək ki, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır. Sərnişindaşımalara yatırılan sərmayə və düzgün yanaşma sayəsində həmçinin ötən beş ildə paytaxtımızda keçirilən mötəbər beynəlxalq tədbirlərin nəqliyyat əməliyyatlarının uğurlu icrası, elektrik kəsintisi və digər fövqəladə hallar, eləcə də davam etməkdə olan pandemiya zamanı ictimai nəqliyyatın dayanaqlılığı tam təmin olunub.


Etiketlər:  Bakıya daha ədəd avtobus gətiriləcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ