Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2021 10:03
"Prezident İlham Əliyevin bölgəyə səfərləri, ən sonuncu dəfə Gəncə və Naftalan şəhərinə, Daşkəsən, Goranboy rayonlarına etdiyi səfərlər dövlətimizin idarə olunmasında özünü effektli bir üsul kimi doğrultmuş yanaşmadır".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, cəmiyyət görür ki, bu gün dövlət başçısının "heç bir status olmayacaq" yanaşması tamamilə məntiqli və əsaslıdır:
"Artıq illərdir ki, Azərbaycan Prezidenti bölgələrə səfərlər edir, yerlərdə camaatla sərbəst görüşlər keçirir. Bu görüşlərdə insanların davranışları, rəftarı demək olar ki, idarə olunmur. İnsanlar dövlət başçısı ilə sərbəst şəkildə təmas qurmaq imkanı əldə edirlər. Bu, sözsüz ki, dövlətin daxili və xarici siyasəti ilə bağlı cəmiyyətimizin nə düşündüyünü öyrənmək və müşahidə etmək üçün dövlət başçısına olduqca maraqlı, zəngin materiallar verir. Eləcə də dövlət başçısı bu səfərlərdə həm bölgələrdə insanların necə yaşayışı ilə bağlı birbaşa məlumat əldə edir. Bölgələrin sosial-iqtisadi inkişafı, bərpası və s. istiqamətlərdə planlaşdırılmış dövlət proqramlarının necə icra olunması səviyyəsi ilə bağlı birbaşa informasiya alır. Yerlərə təyin olunmuş məmurların fəaliyyəti ilə bağlı müqayisə aparmaq imkanına malik olur. Yəni, ən yeni səfərlə əvvəlki səfərin arasındakı müddətdə rayonda, bölgədə baş verən dəyişikliklər və bu dəyişikliklərin xarakterinə uyğun olaraq bölgə üçün məsuliyyət daşıyan məmurların nə dərəcədə öz vəzifə borcuna məsuliyyətlə yanaşdığı barədə nəticəyə gəlməkdə dövlət başçısına kömək edir. Bütün bunlar o deməkdir ki, Bölgələrə səfərləri həm aparılan siyasətin mahiyyətini göstərmək, həm də onun nəticələrini birbaşa bölgələrdə görmək üçün dövlət başçısına maraqlı materiallar verir.
Eyni zamanda dövlətin daxili və xarici siyasəti ilə bağlı bölgələrdə insanlara izahlar vermək, mesajlar vermək baxımından da bu səfərlərin çox önəmli əhəmiyyəti var. Təkcə belə bir faktı xatırlatmaq yerinə düşür ki, son səfərdə Prezidentin müsahibə zamanı "Dağlıq Qarabağın statusu"nin ləğv olunması barədə 1991-ci il parlamentinin qərarını xatırlatması olduqca böyük əhəmiyyət kəsb edir. Prezidentin təkcə bu xatırlatması bu gün Qarabağın "statusu" ilə bağlı dövlət başçısının apardığı sərt siyasətin hansı hüquqi rəsmi sənədə söykəndiyini birbaşa nümayiş etdirir və cəmiyyət görür ki, əgər 30 il bundan əvvəl Azərbaycan rəsmi qaydada DQMV deyilən qurumu ləğv edibsə, bu gün dövlət başçısının "heç bir status olmayacaq" yanaşması tamamilə məntiqli və əsaslıdır. Bundan başqa, bəzi bynəlxalq qurumların Azərbaycanın iqtisadi problemlərinə münasibətdə nə qədər ayrıseçkili mövqedən çıxış etdikləri ilə bağlı Prezidentin bölgə səfəri zamanı verdiyi mesajlar çox önəmlidir. İnsanlar bir daha əmin olurlar ki, dünyanın ən varlı geostrateji, geosiyasi məkanlarından biri olan Avropanın Ermənistana və Gürcüstana iqtisadi yardımlar məsələsində nə qədər ədalətsiz mövqedə dayanmasına Azərbaycan susa bilməz, necə ki, dövlət başçısı bu məsələdə insanların qarşısında açıq şəkildə etirazını bildirdi.
Bir sözlə, Azərbaycan Prezidentinin bölgələrə səfərləri, sakinlərlə canlı təmas qurması dövlət idarəçiliyimizdə effektiv bir üsuldur. Bu, həm dövlət başçısının insanlar qarşısında öz fəaliyyəti ilə bağlı real hesabatıdır, həm də onlardan görülmüş işlərlə bağlı təəssüratlarını müşahidə etmək imkanıdır".
Təhməz Əsədov