Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi

“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi

Tarix: 27 Iyul 2021 16:08

Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq qaydalara dəyişiklik edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sonxeber.net-a bildirilib ki, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin icrası zamanı sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Yeni prosedur qaydalarının tətbiq edilməsinə qədər "Fərqlənmə nişanı" vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günü ərzində verilirdi. Məlumat üçün bildirək ki, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdır.

Yeni qaydalara əsasən, bu fəaliyyətlə məşğul olan və ya olmaq istəyən şəxs "Fərqlənmə nişanı" əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın müvafiq region avtovağzallarında xidmət göstərən Nəqliyyat xidmət mərkəzlərinə müraciət edərkən ona prosedurun icra mexanizmi barədə ətraflı məlumat verilir. İlkin mərhələdə vergi ödəyicisi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birinci mərtəbəsində yerləşən "Azərpoçt"un "Şəbəkə" xidmət mərkəzində, respublikanın digər şəhər və rayonlarında isə "Azərpoçt"un müvafiq şöbələrinə yaxınlaşıb ərizə blankını doldurmalıdır. Növbəti mərhələdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan (həmçinin yeni müraciət edən) şəxs nəqliyyat vasitəsinin şəhadətnaməsini təqdim edərək, göstərəcəyi daşıma xidməti üçün nəzərdə tutulan vergini ödədikdən sonra "Fərqlənmə nişanı"nı əldə edir. Prosesin yekununda avtovağzalların ərazisində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitəsi vizual olaraq texniki müayinədən keçirilir. Texniki müayinənin nəticələri barədə müvafiq sənədlər möhürləndikdən sonra vergi ödəyicisi nəqliyyat vasitəsi ilə reysə başlamaq üçün icazə əldə edir.

Bu prosesin icrası üçün ümumi prosedur 40 dəqiqə təşkil edir. 2 iş günündən 40 dəqiqəyə qədər azaldılan icra müddəti həm sahibkarın vaxtına qənaət etmiş olur, həm verginin ödənilməsi tam şəffaf həyata keçirilir, həm də bütün proses eyni məkanda təşkil edilir.

Qeyd edək ki, prosesin təşkili və icrası üçün "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin müfəttişləri avtovağzallara və "Azərpoçt"un müvafiq şöbələrinə ezam edilib.


Etiketlər:  Fərqlənmə nişanının verilməsi proseduru sadələşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ