Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müstəqil Komissiya: Hələ də ümumdünya fəlakəti olan COVID-19 pandemiyasının qarşısı alına bilərdi

Müstəqil Komissiya: Hələ də ümumdünya fəlakəti olan COVID-19 pandemiyasının qarşısı alına bilərdi

Tarix: 1 Avqust 2021 19:50

ÜST pandemiya zamanı beynəlxalq həmrəyliyin və patogenlər, nümunələr, ehtiyatlar, texnologiyalar və peyvəndlər də daxil olmaqla mübarizə vasitələri haqqında sürətli məlumat mübadiləsinin zəruri səviyyəsinin olmaması barədə müstəqil komissiyanın nəticələri ilə razıdır. Təşkilat gələcəkdə yoluxucu xəstəliklərin fəlakətə çevrilməsinin qarşısını almaq üçün xüsusi sessiya keçirmək və siyasi bəyannamə qəbul etmək ideyasını dəstəkləyir.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mayk Rayan, BMT-nin Baş Assambleyasında ÜST rəhbəri adından çıxış edərək, Müstəqil Komissiyanın pandemiyaya hazırlığın qiymətləndirilməsi üzrə məruzəsinin müzakirəsinə həsr olunmuş iclasda bildirib.

Komissiya üzvləri, bu günə qədər dünya miqyasında fəlakət olan COVID-19 pandemiyasının qarşısının alına biləcəyi qənaətinə gəliblər.

Müstəqil Komissiya Ümumdünya Səhiyyə Assambleyasının tapşırığı ilə ÜST Baş direktoru tərəfindən yaradılıb. Onun tərkibinə 13 mütəxəssis daxildir, o cümlədən Liberiyanın keçmiş Prezidenti Ellen Conson Serlif və Yeni Zelandiyanın keçmiş Baş naziri və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının keçmiş rəhbəri Helen Klark.

Komissiya üzvləri belə nəticəyə gəliblər ki, 2020-ci ilin fevral ayı dövlətlərin virusla mübarizə və pandemiyanın qarşısının alınması üçün tədbirlər görə biləcəyi və etməli olduğu "əldən verilmiş fürsətlər ayı" olub. Komissiya üzvləri bu miqyasda pandemiyaya səbəb olan səhvlərə işarə edərək gələcəkdə oxşar yoluxucu xəstəliklərin yayılmasına qarşı lazımi hazırlığı təmin edə biləcək yeni beynəlxalq sistem təklif ediblər.

"Hazırlıq sistemsiz şəkildə keçirilirdi, buna kifayət qədər vəsait ayrılmırdı. Xəbərdarlıq sistemi çox ləng və kifayət qədər miqyaslı olmadı. Ümumdünya Səhiyyə Təşkilatı zəruri səlahiyyətlərə malik deyildi. Cavab tədbirləri bütün səviyyələrdə bərabərsizliyi artırdı. Qlobal miqyasda siyasi rəhbərlik yox idi"- bu, ekspertlərin kədərli nəticəsidir. Onlar, COVID-19-un ilkin yayılmasının bir sıra səhvlər nəticəsində pandemiyaya çevrildiyinə əmindirlər.

2019-cu il dekabr ayının sonunda Çinin Uxan şəhərindən olan həkimlər operativ şəkildə mənşəyi bilinməyən qeyri-adi sətəlcəm ocaqları aşkar etmişdilər. Ekspertlər hesab edirlər ki, Beynəlxalq tibbi-sanitariya Qaydaları ilə nəzərdə tutulan rəsmi xəbərdarlıq və prosedurlar gecikmişdi. Bu, tənəffüs infeksiyasının yeni patogen törədicisi ilə mübarizə aparmaq üçün lazım olan ehtiyat tədbirlərini vaxtında görməyə imkan vermədi. Komissiyanın fikrincə, dəyərli vaxt artıq bu mərhələdə əldən verilmişdi.

Daha sonra, 2020-ci il yanvarın 30-da ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan edildikdən bir ay sonra, çox sayda ölkə xəstəliyin qarşısının alınması üzrə epidemiyanı məhdudlaşdıra biləcək və pandemiyanın qlobal miqyasda qarşısını ala biləcək həlledici strategiya əvəzinə, gözləmə mövqeyini tutdular. COVID-19 Çindən kənara yayılmağa başlayanda, məlum oldu ki, nə milli, nə də beynəlxalq təchizat sistemləri ilkin mərhələdə lazım olan hər şeyin tədarükünə təxirəsalınmaz tələbatı təmin etmək iqtidarında olmayıb. Bir çox ölkədə hətta antiseptiklər və maskalar da yox idi.

Bir sıra ölkələrdə reaksiya gecikmiş xarakter daşıyırdı, yaxud onların strategiyası ardıcıl deyildi, elmin rolu lazımınca qiymətləndirilmirdi, qərarlar qəbul edilərkən alimlərin fikirləri nəzərə alınmırdı. Üstəlik, qlobal miqyasda rəhbərlik səviyyəsində lazımi koordinasiya yox idi. Dünyada gərginlik və beynəlxalq təşkilatlara qarşı inamsızlıq artıb. Xüsusilə, ÜST-nin əməkdaşları məsləhət yardımı göstərmək üçün əllərindən gələni edirdilər, lakin üzv dövlətlər təşkilata lazımi səlahiyyətlər vermədilər və nəticədə o, üzərinə düşən vəzifələri yerinə yetirmək iqtidarında deyildi.

Komissiya üzvləri mövcud böhrandan nəticə çıxarmaq və gələcəkdə oxşar hallarla bağlı planlar hazırlamağı təklif edirlər.

"Bizim tövsiyələrimiz gələcəyə yönəlib. COVID-19 ilk qorxulu siqnal oldu. Bu gün dünyanın oyanması və aydın məqsədlər müəyyən edərək, əlavə resurslar ayıraraq, gələcəyə hazır olmaq üçün yeni qəti tədbirlərin görülməsi vaxtıdır", - deyə məruzədə bildirilir.

Onun müəllifləri iki kateqoriya üzrə tövsiyə təqdim ediblər. Birincisi COVID-19-un yayılmasını dayandırmağa yönəlmiş təcili tövsiyələrdir. İkinci kateqoriyaya aid tövsiyələr isə paket formasında qəbul olunarsa, beynəlxalq sistemi elə şəkildə dəyişdirməyə imkan verəcəklər ki, gələcəkdə bu və ya digər yoluxucu xəstəliyin epidemiyasının pandemiyaya çevrilməsinə yol verilməsin.

COVID-19 pandemiyasına son qoymaq üçün komissiya tez bir zamanda vaksin istehsalını artırmağı və yoxsul ölkələrlə bölüşməyi, eləcə də qeyri-əczaçılıq tədbirlərinə riayət etməyi təklif edir.

COVID-19 pandemiyasına reaksiyanın hər mərhələsində səhvləri təhlil edərək, Komissiya gələcəkdə pandemiyaların qarşısının alınmasına yönəlmiş yeddi tövsiyə təklif edib. Onlardan biri - ÜST-yə daha çox müstəqillik, səlahiyyət və maliyyə vəsaitlərinin verilməsidir.

Daha sonra, dövlət və hökumət başçılarının rəhbərliyi ilə sağlamlıq sahəsində təhlükələrin dəf edilməsi üzrə yüksək səviyyəli Ümumdünya Şurasının yaradılması təklif olunur. Komissiya üzvləri, bu il BMT Baş Assambleyasının xüsusi sessiyasında pandemiyaya hazırlıq və reaksiya təminatı sisteminin dəyişdirilməsi öhdəliyini özündə ehtiva edən siyasi bəyannamənin təsdiq edilməsini tövsiyə edirlər.

Komissiya, qarşıdakı altı ayda Pandemiya ilə mübarizəyə dair Çərçivə Konvensiyasını işləyib hazırlamağı və təsdiq etməyi təklif edir.

ÜST nümayəndəsi hesab edir ki, bütün tövsiyələri təhlil etmək və önümüzdəki aylarda və illərdə bəşəriyyətin yeni böhranlarla qəflətən qarşılaşmaması üçün hər şeyi etmək lazımdır. O, həmçinin ÜST-nin maliyyə müstəqilliyinin gücləndirilməsi, genişləndirilməsi və Ümumdünya Şurasının yaradılması ilə bağlı tövsiyəsini alqışlayıb.


Etiketlər:  Müstəqil Komissiya Hələ ümumdünya fəlakəti olan COVID pandemiyasının qarşısı alına bilərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ