Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 21:06
Virus canlı varlıq deyil, onun yaşamasının və nəsil artırmasının yeganə şərti canlı hüceyrəyə girməkdir. Virus heç bir halda "qonaq olduğu" hüceyrəni öldürmək istəmir. Çünki əks halda o, özü də ölümə məhkumdur. Yeni yaranmış aqressiv virusun yeganə məqsədi canlı hüceyrə ilə simbioz yaşamağa uyğunlaşmaqdır. Ona görə, yeni virus ştamları simbioz yaşamağa daha çox meyilli olan fərqli mutantlar əmələ gətirir. Həmin mutantlar törətdikləri klinik əlamətlər və ya farmakoloji fəallıqlarına görə "ana" virusdan fərqlənə bilərlər, lakin simbioz yaşam prinsiplərinə görə, heç bir halda "ana" ştamdan üstün ola bilməzlər.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev yeni növ koronavirus (COVID-19) infeksiyası barədə münasibət bildirib.
Professor qeyd edib ki, COVID 19-un hazırkı dinamik artım sürəti nisbidir: "Bunun "delta", "delta plus" ştamları ilə əlaqələndirilməsinin elmi əsası yoxdur. Koronavirus 30 min nuklein zəncirinə malik, hazırda ən mürəkkəb quruluşlu virus serotipi olduğuna görə, onun ciddi genom fərqliliyi göstərən mutantların əmələ gəlməsilə nəticələnən, sürətli mutasiyaya məruz almaq qabiliyyəti yoxdur və ola da bilməz. Koronavirusun hər ay yalnız 2 mutant ştamı əmələ gələ bilər. İlin fəsli növbələşməsinə görə, pandemiya halı alan ən ağır virus infeksiyasının (COVID-19 ən ağır virus infeksiyası hesab olunmur; onun Ro indeksi 2,2-dir) belə, ən yüksək virulentlik və letallıq əmsalının mütləq davam etmə müddəti 12 aydan artıq ola bilməz. Odur ki, hazırda koronavirusun yalnız 24 mutant ştamı var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci il mayın 31-də bu ştamları ilk tapıldığı ölkələr üzrə ardıcıllıqla etiketləşdirmək məqsədilə, yunan əlifbası üzrə işarələnməsini tövsiyə edib. Bu, təsadüfü deyil. Çünki Qədim Yunan əlifbasında cəmi 24 hərfi var. Bu, COVID-19-un genom fərqliliyi göstərən yalnız 24 mutant ştamının olmasına işarədir. Hazırda "delta" ştamı da daxil olmaqla, onlardan dördünün (digərləri "alfa", "beta" və "qamma") genom quruluşu tam öyrənilib. "Epislon", "zeta", "ita", "teta" və "iota" da öyrənilib tamamlanmaq üzrədir".
M.Qəniyev bildirib ki, koronavirus infeksiyasının yayılmağa başlamasından bu günə kimi, yəni il yarım müddətində genom fərqliliyi göstərən cəmi 4 mutant ştam haqqında məlumat verilib: "Təsdiqini tapmasa da, bu mutantların, hətta COVID-19-dan da qorxulu və öldürücü olduğu söylənilib. Deməli, bu zaman ardıcıllığı davam edərsə, yəni hər növbəti il yarımda 4 mutant ştam haqqında məlumat verilərsə, koronovirusun sonuncu (24-cü) mutant ştamının qeydə alınması barədə 9 ildən sonra məlumat veriləcək. COVID-19 fəsli infeksiyadır. İstər "delta", istər "delta plus", istərsə də yaranacaq yeni ştamların heç biri mütləq ölümə səbəb ola bilməz və gətirmək qüdrətində deyil. Bəli, koronavirusun zaman-zaman artımı ola bilər və olmalıdır. Bu, qanunauyğundur. Çünki COVID-19 12 min il tarixi olan qrip virusu kimi fəsli infeksiyadır".
Professor həmçinin vurğulayıb ki, koronavirus infeksiyasından qorxmaq lazım deyil: "Azərbaycanda mart-aprel aylarında baş vermiş kütləvi yoluxma, eləcə də vaksinasiya hesabına əhalinin ən azı 85 faizində kütləvi immunitet formalaşıb. Yəni, gigiyenik tədbirlərə əməl etməklə, yalnız öpüşməyə - flematologiyaya son qoymaq şərti ilə normal həyata davam etmək lazımdır".