Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 10:48
Bakı. Trend:
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Dəmiryolu İnşaatı Korporasiyası nəzdində Çin Mülki Mühəndislik Tikinti Korporasiyasının Avrasiya üzrə Xarici İnvestisiya İşləri departamentinin baş direktoru Yanq Aymin ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb.
Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, İKT, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən İqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ikitərəfli əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev qeyri-neft sektorunun, o cümlədən tikinti sektorunun Azərbaycanda uğurla inkişaf etdiyini, ölkəmizin bu sahədə dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda marağını diqqətə çatdırıb. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan Çin Mülki Mühəndislik Tikinti Korporasiyası ilə əlaqələrin inkişafı üçün potensial genişdir.
Ş.Mustafayev ölkəmizdəki yol infrastrukturunun və dəmir yolları şəbəkəsinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verərək, Çin Mülki Mühəndislik Tikinti Korporasiyasını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmaqla birgə əməkdaşlığa dəvət edib.
Çin Mülki Mühəndislik Tikinti Korporasiyasının Avrasiya üzrə Xarici İnvestisiya İşləri departamentinin baş direktoru Yanq Aymin Korporasiyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini, əsasən yüksək sürətli dəmir yollarının inşası, hava limanlarının, metro, port və elektrik stansiyalarının tikintisi sahəsində ixtisaslaşdığını diqqətə çatdırıb. Yanq Aymin təmsil etdiyi Korporasiyanın Azərbaycanda uğurla reallaşdırılan infrastruktur layihələrində iştirak etməkdə maraqlı olduğunu qeyd edib.
Görüşdə Çin Dəmiryolu İnşaatı Korporasiyası ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin