Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 13:30
Strateji dəhlizin yarısı Nüvədi kəndinin ərazisinə düşür
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Nüvədi kəndi Zəngəzur dəhlizinin açarı hesab olunur və dəhlizin yarısı məhz bu kəndin ərazisinə düşür. Ona görə də Nüvədinin qayıtması, həm də Zəngəzur dəhlizinin təhlükəsizliyi baxımından çox vacibdir.
Bunu Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı, eyni zamanda Nüvədi kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üzrə təşəbbüs qrupunun rəhbəri Əmir Əliyev deyir.
O, Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin tikintisinin əsasını Heydər Əliyevin qoyduğunu bildirir.
Nüvədi sakinlərinin öz doğma yurdlarına geri dönmə hüququnun təmin edilməsi ilə bağlı Beynəlxalq təşkilatlara iki istiqamətdə müraciət olunub. İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Avropa Şurası istisna olmaqla, digər təşkilatlardan hələ də bir cavab alınmayıb.
Kənd sakinləri ermənilər tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı prezidentə də müraciət ediblər.
Əmir Əliyev Ermənistanın ciddi cəhdlə Nüvədinin tarixini saxtalaşdırdığını, bunun üçün hətta bir qrupun da yaradıldığını deyir.
Qeyd edək ki, Nüvədi kəndinin Ermənistana verilməsinin əsası 1929-cu ildə qoyulub. Lakin qərar, 1969-cu ilin may ayına qədər rəsmiləşdirilməyib. Qərara etiraz edən kənd sakinlərini o zaman Qazaxıstana, Gəncə şəhərinə və Azərbaycanın digər ərazilərinə sürgün edib, nüvədililərin müqavimətinı qırmağa çalışıblar. Dəfələrlə SSR-i rəhbərliyinə müraciət edən sakinlər bir nəticə əldə edə bilməyiblər. Bununla da 1991-ci ilə qədər müqavimət göstərən Nüvədi kəndi öz ərazisini boşaltmayıb. Yalnız SSR-nin süqutundan sonra ermənilər kəndi ağır silahlarla atəşə tutaraq, əhalini deportasiyaya məruz qoublar.