Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 17:16
Bu günə qədər Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları 2 000-dən çox obyektdə monitorinq aparıb.
Sonxeber.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılmış tədbirlər nəticəsində şənlik mərasimləri təşkil olunan obyektlərin xidmət personalı və qonaqlar arasında peyvənd və yaxud immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb, xidməti personalın vaksinləşmə göstəricisi 80%-dək yüksəlib.
Bununla belə, bəzi obyektlərdə qayda pozuntusu hallarına hələ də rast gəlinir. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 249 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 25 minə qədər şəxsin sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1200 nəfərə qədərinin tələblərə əməl etmədiyi müəyyən olunub.
Müşahidələr göstərir ki, əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.
Monitorinq qrupları məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntular aradan qaldırılır və tədbirlərin qaydalara uyğun keçirilməsi təmin edilir, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.