Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 18:56
Rusiya prezidenti Vladimir Putin bu gün avqustun 10-da Stavrapol vilayətinin qubernatoru Vladimir Vladimirovu qəbul edib və regionda turizm sahəsinin inkişafı məsələləri barədə məlumat alıb.
Virtualaz.org Kremlin rəsmi saytına istinadən xəbər verir ki, qubernator Putinə Qafqaz Mineral Suları kurort bölgəsinin inkişafı planları barədə məruzə edib. Bildirib ki, Qafqaz Mineral Suları həm sərnişin axınına, həm istirahət edənlərin sayına və mineral sularının özəlliklərinə görə Avropadakı bütün analoqlarını üstələyir. "Üstəlik Sizə demək istəyirəm ki, 2019-cu ildə, çünki ötən ili saymaq istəmirəm, 30 faiz geriləmə olub,-uzaq xarici ölkələrdən 147 min adam Qafqaz Mineral Sularında istirahət edib", - qubernator bildirib.
Vladimir Vladimirov onu da deyib ki, bir çox xarici investorlar, o cümlədən azərbaycanlılar Qafqaz Mineral Suları kurort zonasına böyük yatırımlar qoyur. "Olduqca çox xaricilər, azərbaycanlılar çoxlu pullar yatırırlar. Beş il ərzində, 2015-2020-ci illərdə, Sizin sayənizdə biz Qafqaz Mineral Sularına 25 milyard yatırmışıq",-o prezidentə məruzə edib.
Qeyd edək ki, son illər azərbaycanlı biznesmen-oliqarxlar Rusiyanın Şimali Qafqaz kurort bölgələrinə böyük həcmdə yatırımlar qoyurlar. Onların arasında Milli Məclisin keçmiş üzvü, "Karat Holding"in rəhbəri Əsabil Orucovdur. Əsabil Orucov Yessentukidə, Kislovodskda beşulduzlu otellər və istirahət mərkəzləri tikib. Ötən gün onun Moskvanın da otel sektoruna girdiyi və beş il əvvəl aldığı ərazidə otel-apartament inşasına başladığı haqda xəbər vermişdik.