Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Azərbaycana nə verib, ala bilmir? - Ermənistan silahlanır

Rusiya Azərbaycana nə verib, ala bilmir? - Ermənistan silahlanır

Tarix: 16 Avqust 2021 14:04

Bölgədə baş verən son proseslər belə təəssürat yaradır ki, məkirli qüvvələr Ermənistan vasitəsilə yenidən regionda xaos yaratmaq, yeni təcavüzə rəvac vermək istəyirlər. Bununla da 44 günlük müharibənin ağır məğlubiyyətindən özünə gələ bilməyən düşmənə süni nəfəs verməyə çalışan bəlli qüvvələr, "Qarabağ probleminin həll olmadığı" tezisini ortaya atmaqla Ermənistanı Azərbaycanla yeni bir savaşa sürükləmək üçün əllərindən gələni əsirgəmirlər. 

Prezident İlham Əliyevin "CNN türk"ə müsahibəsi bu baxımdan regionda baş verən son prosesləri təhlil etmək nəzərdən olduqca böyük əhəmiyyətə malik oldu. Bu müsahibə çox önəmli mesajlarla diqqət çəkdi. Müsahibənin istəqamətlərindən biri məhz Ermənistanda artan azərbaycanafobiya meyilləri və müharibə ritorikası ilə bağlı oldu. Belə ki, II Qarabağ müharibəsindən ağır məğlubiyyətlə ayrılan Ermənistan xalqı bundan nəticə çıxarmış kimi görünsə də, bu, yenidən ölkəyə rəhbərlik etmək üçün seçilən Nikol Paşinyana dərs olmadı. Bununla bağlı İlham Əliyevin müsahibəsində "Müharibə başa çatıb. Yəni erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır" fikirləri mənzərəni açıq şəkildə izah etdi. Bəli, bu proses bir daha təsdiq etdi ki, erməni əhali Qarabağın onlara aid olmadığı ilə barışıb, bir daha müharibə etmək istəyində deyillər. Lakin sərhəddə son baş verən hadisələr bunun tam əksini göstərir. Ermənistanı silahlandırmağa davam edən havadarları da məhz azərbaycanafobiyanın artmasında əsas maraqlı tərəflərdir.

Bunun iki əsas səbəbi var: Birincisi, Ermənistanın uzun illərdir regionun hegemon dövləti olan Rusiyanın əyaləti kimi qəbul edildiyi heç kimə sirr deyil. Hətta bu ölkədə bütün hakimiyyət strukturlarında rusiyameyilli şəxslərin söz sahibi olduğu gün kimi aydındır. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyəti ələ almasından sonra vəziyyət dəyişməyə başladı. Onun Qərbin adamı olduğunu verdiyi qərarlarla təsdiqləməsi və 44 günlük müharibədəki məğlubiyyətə görə dolayısı ilə müxtəlif tribunalardan Moskvanı günahkar elan etməsi Rusiyanın orbitindən çıxmaq üçün xalqın dəstəyini almaq baxımdan da Paşinyanın əlində əsas silaha çevrildi. Parlamanet seçkilərindən öncə isə Paşinyanın Paris və Brüssel səfərləri, eyni zamanda keçən ayın əvvəlində Avropa İttifaqının İrəvana 2,6 milyard dollar ayırması Rusiyanın uzun illər müxtəlif cəbhələrdə təzyiq vasitəsi, köləsi olan Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə qalmaq qorxusunu artırdı. 

İkincisi isə, 10 noyabr bəyanatına əsasən bölgəyə yerləşdirilən Rusiya sülhməramlıların bu gün təzadlı, sözügedən sənədlərə zidd davranışları Moskvanın Ermənistanı Qərbə bağışlamamaq üçün ikili oyunu olmaqla yanaşı, Azərbaycana bir təzyiq vasitəsi kimi də adlandırmaq olar. Rusiya bununla bir yandan Ermənistana "mən olmasam Azərbaycan səni məhv edər" təəssüratı yaratmaq istəyir, Azərbaycana isə regionun ağası, lideri mənəm, Türkiyə yox, mənimlə hesablaşmalısan mesajı verməyə çalışır. Azərbaycanafobiyanı Ermənistanda artırmaqla iki dövləti üz-üzə qoymağa çalışan Rusiya bununla regiondakı hegemonluğunu qorumağa çalışır. 

Lakin Ermənistanın silahlandırılmasından doğan təhlükə və sülhməramlıların fəaliyyəti rəsmi Bakı üçün narahatlıq doğurmaya bilməz. Prezident İlham Əliyev "CNN türk"ə müsahibəsində bu məqamı xüsusilə qeyd etdi: "Gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni erməni xalqı da bu vəziyyətlə barışıb".

İlham Əliyev "Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir" deməklə rəsmi Moskvaya qırmızı çizgini keçməyi durdurmağa çağırış edib. Eyni zamanda Azərbaycan Prezidenti bu açıqlaması ilə Rusiyanı "30 ildir Ermənistanı silahlandırdınız, nəyə nail oldunuz?" sualı ilə üz-üzə qoydu desək yalan olmaz. Ancaq Prezident İlham Əliyev də yaxşı bilir ki, Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini düşünmək sadəlövhlük olardı. Rusiya Ermənistanı məhz ona görə silahlandırmaqda davam edəcək ki, bu ölkə Azərbaycan qarşısında tam gücsüz vəziyyətə düşməsin və münaqişə vəziyyəti yaratmaqla regionda lider güc mərkəzi kimi mövcudluğunu toxunulmaz saxlasın. Bu isə yalnız Rusiyanın özünə sərf edən oyun planıdır. 

Rusiya bundan sonra da Ermənistana pulsuz silah və hərbi texnika göndərsə nəticə dəyişməyəcək və hərbi üstünlük yenə Azərbaycanın tərəfində olacaq. Azərbaycanın artan hərbi büdcəsi və aldığı modern silahlar da bundan xəbər verir. İlham Əliyev "Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, - buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar" sözləri ilə Azərbaycanın sülhdən, sabitlikdən yana olduğunu, lakin müharibə təhlükəsi hiss edəcəyi anda Dəmir yumruğu ilə düşmənin başını yenidən əzəcəyini bəyan etdi. 

İlham Əliyevin müsahibəsinin təhlili zamanı belə nəticə çıxır ki, düşmən təxribatlara ara verməsə, müharibə hazırlığı görməkdə davam etsə, bölgədə anti-terror əməliyyatları istisna görünmür və bəlkə də yaxın zamanlarda zərurətə çevriləcək: "Biz qabaqlayıcı tədbirlər görəcəyik", "erməni faşizmi baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik", və "yeni hədəfimiz qələbəni və zəfəri möhkəmləndirməkdir".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Rusiya Azərbaycana verib bilmir Ermənistan silahlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ