Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 18:15
Azərbaycan Prezidentinin hər dəfə işğaldan azad edilən ərazilərə səfəri düşmən cəbhəsində müəyyən təşviş, qorxu yaradır. Kəlbəcər və Laçına baş tutan növbəti səfər də Ermənistan hakimiyyətinə, onun havadarlarına narahatlıqdan başqa bir şey verə bilməz. Bunun üçün dövlət başçısının bu səfəri zamanı kifayət qədər səbəblər olduğunun şahidiyik.
İlham Əliyevin bu səfəri ilk növbədə düşmənə son zamanlar həmin istiqamətlərdə ara verməyən silah səslərinin 44 günlük müharibədən böyük tarixi qələbə ilə ayrılan Azərbaycan üçün sabun köpüyündən başqa bir şey olmadığını göstərdi, eyni zamanda işğaldan azad edilən bu ərazilərin mühafizəsində Azərbaycan Ordusuna olan etibar bir daha diqqətdən qaçmadı. Üzərindən 9 ay keçməsinə baxmayaraq Şərqi Zəngəzur iqtisadi rayonunun böyük bir hissəsində yeni hərbi hissələrin açılışının edilməsi və həmin ərazilərin yüksək hərbi texnika, silah-sursatla təmin edilməsi Ordumuzun gücünə güc qatan amillərdəndir, rəsmi Bakının düşmənə güc nümayişidir. Necə ki, bu dəfə də Prezident yeni hərbi hissənin açılışında şəxsən iştirak etdi, orada əsgər və zabit heyətinə yaradılan şəraitlə şəxsən tanış oldu.
Məsələnin ikinci tərəfi isə heç şübhəsiz ki, Azərbaycan liderinin Rus sülhməramlılarının nəzarətsiz buraxdığı erməni silahlılarının postlarına yaxın bir ərazidə səsləndirdiyi bəyanatlarla bağlıdır. Dövlət başçısı Kəlbəcərdən etdiyi açıqlamalarla şübhəsiz ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin, ona regionda qeyri-stabillik üçün, yeni münaqişə alovlandırmaq üçün dəstək verən qüvvələrin yuxusunu növbəti dəfə qarışdıracaq.
Belə ki, Prezidentin müharibədən sonrakı açıqlamalarından biri zamanı "Zəngəzura mütləq qayıdacağıq, ora bizim tarixi torpaqlarımızdır" ifadəsini çox da ciddiyə almasalar da iyulun 6-da dövlət başçısını yeni iqtisadi rayonların yaradılması ilə bağlı Fərmanından sonra Şərqi Zəngəzur ərazi vahidinin əsasının qoyulması bir çox nüanslara ciddi anlamda aydınlıq gətirdi. Düşmən də gördü ki, Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür, dediyini edir. Bundan sonra ölkə lideri "Bir yerin şərqi varsa, Qərbi də var" deməklə düşməni növbəti dəfə mənəvi istirabla üz-üzə qoydu. İlham Əliyev "CNN türk"ə də etdiyi açıqlamada açıq şəkildə Azərbaycanın gündəliyini və planlarını bəyan etdi. O bildirdi ki, məhz 10 noyabr bəyanatında açılması nəzərdə tutulan Zəngəzur dəhlizi bizi Qərbi Zəngəzura aparacaq. Ermənistan da, ona havadarlıq edən digər dövlətlər də bilirlər ki, bu gün Azərbaycan regiondakı reallığı maksimum xeyrinə dəyişib və İlham Əliyev bu cür bəyanatlar səsləndirirsə, artıq bunun planı demək çoxdan hazırlanır.
Dövlət başçısının Kəlbcər, Laçın səfəri zamanı tarixi toponimlərimizin saxtalaşdırıldığı barədə söylədikləri də ermənilərin yuxusunu ərşə çəkəcək məqam ola bilər. Ölkə başçısı tarixi toponimlərimizin bərpa edilməsi, ərazilərin adlarının düzgün qeyd edilməsinin vacibliyini vurğulaması rəsmi Bakının gələcək planlarından xəbər verir. Ölkə başçımız bunun əhəmiyyətini dilə gətirərək bildirdi ki, "Vardenis" yox, Basarkeçər, "Yerasx" deyil, Arazdəyən istifadə olunmalı və bölgələrimizin adları əsl tarixi adları ilə çağırılmalıdır.
Prezidentin "Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq" cümləsi Azərbaycanın ən böyük qələbələrinin hələ qarşıda olduğunu, tarixi ədalətin bərpa edilməsi istiqamətində bütün imkanların səfərbər edildiyindən xəbər verir. Bu, deməyə əsas verir ki, Azərbaycan xalqı qarşıdakı illər kəsiyində Qərbi Zəngəzur və Göyçəyə qayıtmaq imkanı da əldə edəcək. Təbii ki, "Nəyi, nə vaxt, necə etməyi mən yaxşı bilirəm" deyən dövlət başçısı bir neçə dəfə bu ifadəsinin nə qədər doğru olduğunu təsdiqləyib.
Düşünürəm ki, bu ifadələrə Ermənistan və havadarları xüsusi ilə diqqət yetirməlidirlər: "Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil". Azərbaycan Prezidenti "İşğal edilən bütün torpaqlarımızı geri qaytarmağı qarşıma məqsəd qoymuşdum" dedikdə nəyi nəzərdə tutduğu yəqin ki, son proseslərdən sonra daha aydın olmağa başlayır. Aydın olur ki, işğal altında qalan tarixi torpaqlarımızın da azad olunması uzaqda deyil.
Təhməz Əsədov