Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 10:34
Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir.
Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, müsabiqənin yekun - müsahibə mərhələsi alman dili, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, fransız dili, ibtidai sinif, informatika, ingilis dili, kimya, musiqi, rus dili, rus dili və ədəbiyyatı, tarix, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçiriləcək. Müsahibə mərhələsinə ümumilikdə 4973 namizəd dəvət olunub və müsahibələr avqustun 26-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.