Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 12:32
Ölkəmizdə son 20 gün ərzində yoluxma 5, ölüm halı isə 7 dəfəyə yaxın artıb. Bu gün yoluxma əmsalı 23 % təşkil edir, avqustun 1-də isə bu rəqəm 7 % idi. Vəziyyəti ağırlaşıb süni tənəffüs aparatına qoşulan xəstələrin 97%-i, koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayanlardır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, vaksin olunanlar arasında isə cəmi 0,6% yoluxma müşahidə olunur. Bu göstəricilərə baxmayaraq vətəndaşların bəzilərinin vaksinasiya ilə bağlı fikirləri heç də birmənalı deyil.
Mütəxəssislərin fikrincə, vətəndaşlarda yaranan arxayınlıq, gigiyena qaydalarına əvvəlki kimi əməl edilməməsi nəticəsində yoluxma sayı artır. Ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım var. Ölkəmizdə koronavirusa yoluxanların 94%-də "delta" ştamı aşkarlanıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun fikrincə, möcud vəziyyətdən yeganə çıxış yolu vaksinasiyadır.
Millət vəkilinin sözlərinə görə ölkəmizdə həyata keçirilmiş tədbirlər və əldə olunan müsbət nəticələrdən sonra karantin rejiminin yumşaldılması, bir çox məhdudiyyətlərin aradan qaldırılması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub.
Rəşad Mahmudov vurğulayıb ki, mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal cəlb olunmalı, qapalı məkanlarda maskadan istifadə etməli, ara məsafə saxlamalı və gigiyena qaydalara əməl etməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: