Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 15:10
Bərdədə sovetlər dönəmindən istismar olunan 21 kilometr uzunluqlu kanal vasitəsilə hazırda 9 min hektardan artıq əkin sahəsi suvarılır.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, suvarılmanın daha itkisiz aparılması üçün kanala yeni beton üzlük çəkilərək, suyun istiqaməti dəyişdirilib.
Bu il Bərdə rayonunda 11 min hektara yaxın sahədə pambıq əkilib. Fermerlər yığım zamanı pambığın məhsuldarlığını yüksək gözləyirlər. Bu günə kimi pambığın suvarılması ardıcıl şəkildə aparılıb. Rayonda əvvəllər pambıq əkilməyən sahələr də su ilə təmin olunduqdan sonra əkinə yararlı olub.
Bərdə Suvarma Sistemləri İdarəsinin texnikaları vasitəsilə sahələrin su təminatının bir hissəsini həyata keçirən torpaq məcralı kanallarda lildən təmizləmə işləri görülüb.
Bərdə Suvarma Sistemləri idarəsi tərəfindən suvarılmanın mütəşəkkil təşkili üçün bu il 115 ədəd hidrotexniki qurğularda cari təmir işləri aparılıb, 24 ədəd hidropostlar təmir olunub. Qeyd edək ki, Bərdə rayonunda suvarma kanallarının ümumi uzunluğu 1366 kilometr təşkil edir.