Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əskiyə xərclənən 1,5 milyard manat - VİDEO

Əskiyə xərclənən 1,5 milyard manat - VİDEO

Tarix: 6 Sentyabr 2021 14:56

Geyim və ayaqqabıların 65 faizinin satışından vergi ödənmir

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Azərbaycan yeni yaratdığı sənaye parklarında fabriklər yaratmaqla, geyimə və ayaqqabıya olan tələbatını özü təmin edərək, ümumi daxili məhsulunu ən azı 1,6 milyard manat artıra bilər və ölkədə on minlərlə yeni iş yeri yaranar. Ölkədə fəaliyyət göstərən Qadın Sahibkarları Assosiasiyası bu məsələ ilə bağlı araşdırma aparıb və daxili tələbatın əsasən idxal və gizli istehsal hesabına ödənildiyini aşkar edib.

Assosiasiyanın araşdırmasına görə, ölkənin geyim və ayaqqabı bazarının illik dövriyyəsi təxminən 2,4 milyard manata bərabərdir və yerli müəssisələr bu tələbatın 20 faizindən də aşağı hissəsini əhatə edir. Qadın Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın dediyinə görə, tələbatın böyük hissəsini iri bazarlarda qeyri-rəsmi fəaliyyət göstərən 35-70 nəfərlik sexlər ödəyir.

Milyonlarla manat dövriyyəsi olan bu gizli iqtisadiyyatdan dövlət büdcəsinə heç nə ödənmir, həmin sexlərdə işləməyə məcbur olan işçilərə də normal maaş verilmir və sosial sığorta ödənişi edilmir. Bazarın təminatında rəsmi və qeyri-rəsmi idxalın da rolu var, ümumiyyətlə, idxalın 4 faizi Avropadan gələn, yerdə qalan Çin və Türkiyə məhsullarıdır.

Assosiasiyanın gəldiyi nəticə statistikanın müvafiq göstəricilərini tutuşduran zaman təsdiqlənir. Statistikaya görə, Azərbaycan ailələləri ayda geyim və ayaqqabı üçün adambaşına ən azı 20 manat, yəni ildə 240 manat xərcləyir. Ölkədə 10 milyon adamın yaşadığı nəzərə alınarsa, geyim və ayaqqabı mallarının dövriyyəsinin 2,4 milyard manat olduğu ortaya çıxır. Statistikaya görə, ötən il Azərbaycanda 420 milyon manatlıq geyim və ayaqqabı istehsal edilib, 206 milyon dollarlıq, yəni 350 milyon manatlıq isə idxal olub. Bu hesabla təxminən 1 milyard 630 milyon manatlıq geyim və ayaqqabı gizli iqtisadiyyat məhsuludur.
Ya ölkəyə nəzarətdən kənar gətirilib, ya da qeyri-rəsmi sexlərdə tikilib.

Bu səviyyədə qeyri-rəsmi dövriyyənin olması ilk növbədə rəsmi istehsalçıları çətin vəziyyətə salır və onlar vergi nəzarətindən kənar dövriyyəyə qiymət rəqabətində uduzurlar. Təbii ki, ölkə iqtisadiyyatı üçün bu arzuolunmaz halla inzibati üsullarla da müəyyən qədər mübarizə aparmaq mümkündür, amma Qadın Sahibkarları Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın fikrincə, qeyri-rəsmi dövriyyəyə qarşı ən uğurlu mübarizə iqtisadi yolla olmalıdır.

Babayeva çıxış yolunu yeni sənaye parklarında geyim və ayaqqabı istehsal edən müəssislərin yaradılmasına dəstək verilməsində görür. Onun fikrincə, sənaye parklarında yeni müəssislərə edilən güzəştlər. verilən maliyyə dəstəyi, texnoloji innovasiyaların tətbiqi son nəticədə rəqabət qabiliyyətli qiymət formalaşdırmağa imkan verəcək, bu isə kustar yolla tikilən geyimlərə və ayaqqabılara tələbatı azaldacaq.

On ildən artıqdır ki, geyim istehsalı sahəsində bizneslə məşğul olan Səkinə Babayeva iki il öncə Sumqayıt Kimya Sənaye Parkında da müəssisə yaradıb və Real TV-yə müsahibəsində bu təcrübədən danışıb:

"Texnoparkların yaradılması texniki olaraq göstərilən ən böyük dəstəkdir ki, burda da mexanizmlər var. Bu mexanizmlərdən ən əsası, ilkin olanı mənfəət vergisindən azad olunmasıdır, ikinci ən yaxşı məsələ torpaq vergisinin daha az verilməsidir. Eyni zamanda, avadanlıq gətirən zaman vergidən azad olunmalıdır ki, bunlar da bizə imkan yaradır. Bu bizə imkan verir ki, bu sənaye sahələrinin texniki parkların ərazisində genişləndirilməsinə öz tövsiyyələrimizi verək".

Keçən ilin aprelində Sumqayıt Kimya Sənaye Parkında maska fabriki qurmuş Səkinə xanım ötən müddət ərzində istehsalı genişləndirib və ərazidə yeni tikiş sexi də açıb. Hazırda Səkinə xanımın müəssisələrində çalışan 450-dən çox işçinin önəmli qismi Sumqayıtın payına düşür

"Son zamanlarda ən böyük dəstək isə maliyyəidir. Əlbəttə öz işini şəffaf mexanizmlərlə qurmuş müəssisələrə verilən maliyyə dəstəyidir. Öz dəstəkləri danmaq mümkün deyil. 5 faizlə verilən kreditlər bizimçün çox önəmlidir. Elə Maska Fabriki açılan zaman qısa müddətdə bizə verilən 1 miylon 200 min manat dəstək mexanizmi bizə çox böyük tövhələr verdi. Eyni zamanda Sumqayıtda yaşayan əhaliəyə böyük töhfələr verdi ki, biz 110 nəfər yeni iş yerinin açılmasına nail ola bilmişik", - Səkinə Babayeva deyib.

Sumqayıtda istehsalatı genişləndirən iş adamı maska ilə yanaşı geyim və digər tekstil məhsullarının istehsalına başlayıb. Bununla bağlı Sumqayıtdan yeni işçilər götürüb. Hazırda müəssisənin işçilərinin 54 nəfəri maska fabrikində, 66 nəfəri isə tikiş sexində çalışır. Səkinə xanım yaxın günlərdə yeni iş yerləri də açılacağını bildirir:

"İxraca meylimiz var. Ötən il Almaniyaya və Rusiyaya qısa müddət olsa da məhsul ixrac etmişdik. Türkiyə qardaş ölkədir, tekstilin mərkəzidir, Türkiyəyə də tekstilə aid olan həm ipliklər, liflər və bir çox məhsullar var ki, tekstilə aiddir, alt geyimlərinə aiddir, onları da Türkiyəyə ixrac etmişdik. Bu il isə onun coğrafiyasını genişləndirmək və xarici bazarda özümüzün rəqabətə davamlı məhsullarımızı istehsal edib göndərmək üçün öz fədakarlığımızı göstəririk".

47-yə yaxın çeşiddə məhsul istehsal edən müəssisə corab və corab məzhsulları üzrə ölkənin ehtiyaclarının 6-10 faizini təmin edir. Alt geyimləri üzrə bu göstərici 21 faiz təşkil edir. Bu il istehsalı 10 faiz artıraraq xarici bazarlara çıxmağı planlaşdırır.

10 il qabaq işə başlayan müəssisənin birinci il dövriyyəsi 800 min manat olub. Ötən il dövriyyə 11 milyon manata çatıb. Müəssisədə 145-ə yaxın peşə üzrə işçilərə ehtiyac duyur. Müəssisə işçiləri 3 aylıq kursdan keçirməklə özü yetişdirir və buna xərclənən vəsaiti özü yetişdirir. Qazi və şəhid ailələri ilə yanaşı bu sahədə güclü təcrübəsi olan yaşlı mütəxəssislər də işə alınır. Anbar, çeşidləmədə bölümündə işə götürülənlər əsasən 45-65 yaş arasında olan qadınlardır.

Əsas xammallar Türkiyədən, qismən də Rusiya və Özbəkistandan gətirilir. Şirkət ilkin parça istehsalı üzrə Türkiyədə qazandığı təcrübəni yaxın zamanlarda Azərbaycana gətirməyi düşünür.

Əslində, Azərbaycan bu sektorun inkişafı üçün Türkiyənin potensialından ciddi yararlanmalıdır. Dünya Ticarət Təşkilatının məlumatına görə, hər il Türkiyədən dünya bazarlarına toplam 25 milyard dollardan artıq geyim və tekstil məhsulları ixrac edilir. Bu sektorda birbaşa çalışan Türkiyə sakinlərinin sayı 900 minə yaxındır. Amma pərakəndə satış və sektorla bağlı sahələrin işçiləri ilə birgə bu say 2 milyona çatır.

Azərbaycan təbii ki, bu səviyyədə ixraca ümid etməsə də, sadəcə daxili ehtiyacı təmin etmək üçün regionlarda qurulacaq tekstil fabriklərində on minlərlə yeni iş yerinin açılmasına nail ola bilər.

Tekstil sənayesinin qurulması aqrar sektorda da çox sayda yeni iş yerlərinin yaranması ilə nəticələnə bilər. Ekspert hesablamalarına görə, Azərbaycanın daxili bazarının ehtiyaclarının təmini üçün ən azından 100 min tona qədər pambıq lifinə ehtiyac var. Keçən il ölkədən 100 min tondan artıq pambıq lifi ixrac edilib. Yəni Azərbaycan daxili bazar ehtiyacları üçün tekstil sənayesi qurmaqla pambıq istehsalını iki dəfə artıra bilər ki, bu da aran rayonlarında yüz minə yaxın yeni iş yeri deməkdir.


Etiketlər:  Əskiyə xərclənən milyard manat VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ