Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 22:06
Ağ evin qərargah rəisi Ron Kleyn bildirib ki, əgər Əfqanıstanda qalmış amerikalılar oradan getmək istəsələr, Birləşmiş Ştatlar həmin şəxsləri oradan çıxarmaq üsulunu tapacaq.
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan aparıcı üzvü Maykl MakKol isə deyib ki, taliblər təxliyə ediləcək şəxslərin Kabil aeroportundan maneəsiz çıxarılmalarına imkan vermirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ron Kleyn CNN telekanalının "İttifaqın Vəziyyəti" verilişində bu barədə çıxış edib. O bildirib ki, Ağ evin məlumatına görə, avqustun 31-də - Amerika qoşunlarının Əfqanıstandan çıxarılması tamamilə başa çatdırılan gün 100-ə yaxın amerikalı Əfqanıstanda qalıb.
Kleyn deyib: "Əgər həmin şəxslər Əfqanıstanı tərk etmək istəsələr, biz onları təxliyə etmək üsullarını tapacağıq".
Bayden administrasiyası güman edir ki, Kabil aeroportundan Qətərə uçuşlar bərpa olunandan sonra bu şəxslərin təxliyə edilməsi mümkün olacaq. O daha sonra bildirib ki, ABŞ uzun illər boyu Amerika qoşunlarına kömək etmək əfqanların bu ölkədən çıxmalarına yardımçı olmaq cəhdlərini davam etdirəcək.
Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində respublikaçı konqresmen Maykl MakKol "Fox News Sunday" televiziya verilişinin efirində bildirib ki, Amerika kəşfiyyatının brifinqlərində yayılmış məlumata görə, avqustun 31-dək Əfqanıstanı tərk edə bilməyən yüzlərlə amerikalı orada qalıb. O deyib ki, həmin gündən sonra heç bir ABŞ vətəndaşı Əfqanıstanı tərk etməyib.
ABŞ-da aparılmış ictimai rəy sorğuları göstərir ki, amerikalılar Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını dəstəkləyirlər, lakin hərbi qulluqçuların çıxarılması prosesinin xaotik olmasına görə Baydeni tənqid edirlər.
Xatırladaq ki, ötən həftə "İD-Xorasan" qruplaşması tərəfindən aeroportda törədilmiş terror aktı nəticəsində 13 nəfər amerikalı hərbi qulluqçu öldürülüb.