Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Professor: Koronavirusun “mu” ştamı ilə digər ştamların simptomları arasında kəskin fərq yoxdur

Professor: Koronavirusun “mu” ştamı ilə digər ştamların simptomları arasında kəskin fərq yoxdur

Tarix: 8 Sentyabr 2021 22:57

Türkiyədə də qeydə alınan "mu" ştamı yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni mutasiyasıdır. Bu ştam daha çox yoluxuculuq xüsusiyyətinə malikdir. Ümumiyyətlə COVID-19 virusu tarix boyu yayılmış digər viruslardan çox fərqlidir. Məsələn, İspan qripinin 100 ildə cəmi 4 mutasiyası məlumdur. Yəni, xəstəliyi idarə etmək mümkündür. COVID-19 isə iki ilə yaxındır yayılmasına baxmayaraq, dəfələrlə çox mutasiya edib. Ona görə də, panikaya düşmədən, hər şeyə hazır olmaq lazımdır. Qabaqlayıcı tədbirlər görmək, tibbi maska taxmaq, sosial məsafəni qorumaq hər zaman vacibdir. Sürətli yoluxduruculuq qabiliyyətinə malik olan "mu" ştamı qonşu Türkiyədə aşkarlanıbsa, Azərbaycanda da həmin ştamla yoluxmaq qaçılmazdır.

Milli.Az bildirir ki, Tibb elmləri doktoru, professor Əlizamin Sadiqov AZƏRTAC-a koronavirusun "mu" ştamı ilə bağlı məlumat verib.

Professor bildirib ki, "mu" ştamının simptomlarında xüsusi fərq yoxdur: "Ümumiyyətlə, koronavirusun mövcud olan bütün ştamları arasında kəskin simptom fərqi müşahidə edilmir. Ola bilər ki, hansısa kliniki əlamət bir ştamda daha kəskin, digərində daha zəif olsun. Bu, mümkündür. Misal üçün, "delta" ştamı yeni yayılmağa başlayanda mütəxəssislər qeyd edirdilər ki, həmin ştamla yoluxma zamanı virus əsasən üst tənəffüs yollarına təsir göstərir. Təcrübə əsasında isə aydın oldu ki, "delta" ştamı digərlərindən daha ağır gedişə malikdir və daha öldürücüdür".

Ə.Sadiqovun dediyinə görə, istənilən halda, koronavirus əleyhinə vaksinasiya əhəmiyyətini saxlayır: "Peyvənd virusa yoluxmanın qarşısını ala bilməsə də, kliniki gedişatı nəzarətdə saxlamağa imkan verir. Hazırda COVID-19-dan qorunmağın əsas yolu vaksin vurdurmaqdır. Bununla yanaşı isə, əlbəttə ki, tibbi maskadan istifadəni, kütləvi toplaşmalardan yayınmağı unutmaq olmaz. Onu da qeyd edim ki, cəmiyyətdə koronavirusa münasibət köklü surətdə dəyişib. Demək olar ki, hər kəsin ailəsində, ətrafında kimsə koronavirusa yoluxaraq vəziyyəti ağırlaşıb və ya dünyasını dəyişib. Bu, vətəndaşların daha məsuliyyətli olmasına səbəb olur. Vətəndaşları qızıl qaydalara əməl etməyə və peyvənd vurdurmağa çağırıram. Çünki vaksinasiya, doğrudan da, ölüm riskini kəskin şəkildə azaldır və xəstəliyin kliniki gedişini yüngülləşdirir".

Qeyd edək ki, sentyabrın 7-də Türkiyədə 2 nəfərin "mu" ştamı ilə yoluxması faktı qeydə alınıb.

Milli.Az


Etiketlər:  Professor Koronavirusun mu ştamı ilə digər ştamların simptomları arasında kəskin fərq yoxdur


RƏYLƏR