Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdmanımızın kompleks problemləri - VİDEO

İdmanımızın kompleks problemləri - VİDEO

Tarix: 10 Sentyabr 2021 18:44

Olimpiya İdman Komplekslərində vəziyyət ürəkaçan deyil

Milli.Az Real TV-yə istinadən bildirir ki, ölkədə 50-ə yaxın idman olimpiya kompleksi fəaliyyət göstərdiyi halda gənc idmançıların yetişməməsi xoşagəlməz paradoksdur. Prezident İlham Əliyev yeni təyin etdiyi gənclər və idman naziri Fərid Qayıbovu qəbul edərkən bu məqamı xüsusi vurğuladı.

Demək ki, idman komplesklərimizdəki mühit münbit deyil. Münbit olmayan şəraitdə hansısa idmançının yetişməsini gözləmək Sizif əməyinə bənzəyir. Bizim idmançılarımızla paralel aparsaq Sizifin Olimpə dırmanmaq şansı elə də çox görünmür. Yunan mifologiyasından uzaqlaşmaq istəsəm də Maştağa Olimpiya İdman kompleksi buna imkan vermədi. Kompleks Zəncirlənmiş Prometeyi xatırladır.

Necə deyərlər Lələ köçüb yurdu qalıb. Olimpiadada ağırlıqqaldırma növündə niyə təmsil olunmadıq sualına bu görüntü cavab verir. Daşdan ağır mənzərədir. Bu tablo isə Maleviçin qara kvadrat əsəri qədər dəyərlidir. Şərhsiz təqdim edəcəyim daha bir mənzərə var.

Himnimizi eşitdiz? Mən yox. Ağlımızı itirmədən Maştağa Olimpiya İdman Kompleksindən çıxdıq.

Dirəkləri çat vermiş Şağan Olimpiya İdman Kompleksi də renesans dövrünü yaşamır. İdmançıların yolunu gözləməkdən divarları nəm çəkmiş mərkəzi boş gördük. Kompleksin direktoru Atakişi Cahanov dedi ki, nahar vaxtı gəldiyiniz üçün burada idmançı yoxdur.

Ümid edirik ki, biz kompleksdən çıxan kimi nahar bitdi və mərkəzdə iynə atmağa yer olmadı.

Şağandan çıxıb üz tutduq Hövsana. Bir müddət modul tipli xəstəxana kimi fəaliyyət göstərmiş kompleksin özünün müalicəyə ehtiyacı var.

Bölgələrdə də vəziyyət fərqli deyil. Başlayaq şimaldan. 2008-ci ildən fəaliyyət göstərən Qusar olimpiya idman kompleskinin direktoru Məcid Məcidov deyir ki, mərkəzə 1 ay ərzində 2 mindən çox idmançı gəlir.

Məcid müəllim, səsləndirdiyiniz statistika göz oxşayır. Amma burada başqa əmma var. Qarşısında dayandığınız kompleksin qapısından daxil olan 2 min idmançıdan hansı oradan milli komandanın üzvü kimi çıxıb?

Sadaladığınız futbol, badminton, voleybol kimi növlərdə gənc idmançıları gündüz çıraqla axtarırıq.

Quba Olimpiya idman kompleksinin vəziyyətinə isə hava da ağlayır. İdmançı yetişdirməkdən yararsız hala düşən kompleksin üstünü alan qara buludlar hər şeyi deyir. Müvəqəti narahatlığa görə üzr istəyən mərkəz təmirə bağlanıb.

Üz tutduğumuz Göygöl Olimpiya idman kompleksində problemlərin səbəbləri bir qədər fərqlidir. Kompleksin direktor müavini Müzadil Həsənov deyir ki, kütləviliyə nail olmaq üçün nəqliyyat və məşqçi problemlərinin həllinə ehtiyac var.

2021-ci ilin iyul ayında fəaliyyətə başlayan Goranboy Olimpiya idman kompleksinin səmərəli fəaliyyətindən danışmaq hələ tezdir. Goranboy rayon gənclər və idman baş idarəsinin rəisi Elşad Həsənovun sözlərinə görə kompleksdə hər cür şərait yaradılıb və yaxın gələcəkdə burada peşəkar idmançılar yetişdiriləcək.

Ağcabədi Olimpiya İdman kompleksində gördüyümüz mənzərət nisbətən ürəkaçandır. Ən azından taekvondo və boks bölmələrində müəyyən kütləviliyə nail olunub.

Beyləqan Olimpiya idman kompleksində idmanın kompleks inkişafından danışmaq tez olsa da güləşdə müəyyən nəticələrə nail olunub. Klassik güləş üzrə məşqçi Kamil Fərzəliyevin sözlərinə görə kompleks milli komanda üçün bir neçə idmançı yetişdirib. Onları Olimpiya çempionu səviyyəsinə qaldırmaq isə artıq federasiyanın işidir.

Zəncirlənmiş Maştağa İdman kompleksindən tutmuş ümid verən Beyləqana kimi gəzdik. Görüləcək işlər çoxdur. Zaman isə əleyhimizə işləyir.

Milli.Az


Etiketlər:  İdmanımızın kompleks problemləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ