Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməni cəmiyyəti bu xəyanəti bağışlamayacaq'' - İrəvanı qarışdıran ETİRAF

''Erməni cəmiyyəti bu xəyanəti bağışlamayacaq'' - İrəvanı qarışdıran ETİRAF

Tarix: 24 Sentyabr 2021 15:48

Azərbaycan artıq iki gündür Ermənistanla arasındakı informasiya savaşında böyük üstünlüyə yiyələnib. İstər ötən gün Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışı zamanı verdiyi mesajlar, istərsə də bu gün Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsi 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqla bağlı son vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, mövcud vəziyyətlə bağlı daha dəqiq təsəvvür formalaşdırmaq baxımından olduqca böyük önəmə malikdir. Dövlət başçısı sessiyadakı fikirlərinin davamı olaraq Azərbaycanın region, bölgə üçün gördüyü işləri və gələcək planları barədə geniş informasiya verib.

İnformasiya savaşındakı bu vacib həmlələrin artıq ilkin cücərtiləri görünməkdədir. Belə ki, Azərbaycan Prezidentinin tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsinin sonunda dedikləri erməni cəbhəsində birmənalı qarşılanmayıb. İlham Əliyevin Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq davam etdiriləcəyi ilə bağlı fikirləri sosial şəbəkələrin erməni seqmentini bərk qəzəbləndirib. Dövlət başçısının ona ünvanlanan suala verdiyi "Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək. Bir daha demək istəyirəm, biz əminik ki, ölkələrimiz arasında əməkdaşlıq gələcəkdə yüksələn xətt üzrə davam edəcək" cavabı Ermənistanda zəlzələ effekti verib. Ermənilər İlham Əliyevin bu açıqlamasından sonra Azərbaycanın Rusiyadan yeni hərbi texnika almaq üçün təklif göndərdiyini öyrənincə Rusiya dövlət başçısı Vladimir Putinin ünvanına təhqiramiz ifadələr səsləndirməkdən, Rusiyanı "satqın" adlandırmaq belə çəkinməyiblər.

Ən böyük havadarı və müttəfiqi, hətta II Qarabağ müharibəsində xilaskarına çevrilən Moskvanın ünvanına "Erməni cəmiyyəti belə bir xəyanəti bağışlamayacaq" ifadəsini çox rahatlıqla işlədən ermənilər unudurlar ki, əgər Ermənistan Rusiya üçün bir təzyiq vasitəsi, "maşa" funksiyasını yerinə yetirirsə, Azərbaycan Moskvanın ən etibarlı tərəfdaşı olduğunu dəfələrlə təsdiq edib və Kreml rəhbərliyi Ermənistana görə Azərbaycan kimi qonşunu itirməyi nəyinki gözə almaq istəmir, hazırki situasiyada rəsmi Bakı ilə münasibətlərin korlanmasında maraqlı da deyil. Amma Ermənistanda "Kremlin növbəti xəyanəti" kimi adlandırılan bu addımın pərdəarxasına nəzər salsaq, başqa məqamlar da üzə çıxır. Belə ki, Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığının davam etdiriləcəyini ermənilər də gözəl anlayırdılar. Çünki Azərbaycan Rusiya ilə yox, Ermənistanla müharibə apardı, çünki 44 günlük müharibə zamanı istər Rusiya, istərsə də onun rəhbərlik etdiyi KTMT neytrallığını qoruyub saxladı. Prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, onlar da anlayırdılar ki, bu savaş Azərbaycanın ərazisində gedir: "Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər". 3 il əvvəl Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanı Qərbə inteqrasiya etdirmək məqsədilə bütün imkanlarını səfərbər edən baş nazir və komandası üçün Rusiyanı "vurmaq" üçün Azərbaycanla hərbi əməkdaşlıq istiqamətində yeni addımları İrəvana fürsət kimi görünə bilər. Buradan da bir daha məlum olur ki, Ermənistan istənilən an Rusiyanı bir göz qırpımında "satmağa", zərbə qarşısında qoymağa hazırdır. Çox güman ki, Kreml də bunun fərqindədir. 

Cənubi Qafqazda perspektivləri, vəziyyət dəyərləndirən dövlət başçısı bütün bunların əsasən erməni tərəfin mövqeyindən asılı olduğunu bildirib: Biz öz mövqeyimizi bildirmişik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır".

Azərbaycanın münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazır olduğunu bir daha qeyd edən dövlət başçısı, erməni tərəfdən buna qarşılıq olaraq hələ də hər hansı bir müsbət siqnalın olmadığını diqqətə çatdırıb: "Təəssüf ki, hələ də "Dağlıq Qarabağ"ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq". Bununla da Prezident İlham Əliyev rəsmi İrəvana, revanşist qüvvələrə ritorikalarından yerli-dibli əl çəkib, yeni reallığı qəbul edərək nə qədər ki, gec deyil, qonşuluq prinsipləri əsasında regionun sülh, əminamanlıq, sabit şəraitdə inkişafı naminə əməkdaşlıq perespektivlərini qəbul etməyə çağırıb.

O, bir daha revanşist qüvvələrə "Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz" deməklə ərazi iddiasından əl çəkmələrinin onlar üçün ən doğru yol olacağı müsajını verib. Prezident bu mesajı ilə qarşı tərəfi status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlərdən tez-tez istifadə etməyin Ermənistan üçün ancaq böyük təhlükə mənbəyi ola biləcəyini xəbərdarlığını edib.

İlham Əliyev Vətən müharibəsinin 1-ci il dönümü ərəfəsində ağır məğlubiyyətin fəsadlarını üzərindən ata bilməyən Ermənistanı revanş xülyasından əl çəkməyəcəyi təqdirdə daha ağır vəziyyətin gözlədiyini açıq bəyan edib: "Yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər". Bununla da Azərbaycan lideri Ermənistanın təxribatıardan və 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan bəndlərin icrasını ləngitmək, icra etməmək üçün müxtəlif manipulyativ addımlardan əl çəkməyəcəkləri halda bölgədə növbəti irimiqyaslı hərbi əməliyyatların başlayacağını istisna etməyib. 

Azərbaycan 1 il bundan əvvəl olduğu kimi, yenə dünya ictimiyyətinin, beynəlxalq təşkilatların gözü önündə Ermənistana növbəti xəbərdarlıqlarını etdi. Bundan sonrakı proseslərin hansı məcrada davam edəcəyi isə heç şübhəsiz ki, rəsmi İrəvanın verəcəyi qərardan, atacağı addımdan asılıdır. 

Təhməz Əsədov


Etiketlər:  Erməni cəmiyyəti xəyanəti bağışlamayacaq İrəvanı qarışdıran ETİRAF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ