Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hay ver mənə, cənab leytenant... - FOTO

Hay ver mənə, cənab leytenant... - FOTO

Tarix: 29 Sentyabr 2021 23:14

Leytenant Elvin Şükürlü və baş leytenant Elnur Şükürlü Vətən müharibəsində silahdaş olan qardaşlardan biridirlər. Təəssüf ki, qardaşlardan kiçiyi - Elvin Şükürlü sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhadətə yüksəlir. Bu gün onun əbədiyyətə qovuşmasından bir il ötür...

Sonxeber.net AZƏRTAC-a istinadən leytenant Elvin Şükürlünün 23 illik şərəfli ömrünün tarixçəsini təqdim edir.

Şəhid leytenant Elvin Şükürlü 1997-ci il iyunun 14-də Füzuli rayonunda hərbçi ailəsində anadan olub. Əslən Cəlilabad rayonundandır. Atasının hərbçi olması Elvinin də, qardaşı Elnurun da həyatına təsirsiz ötüşməyib. Hər iki qardaş atalarının yolunu davam etdiriblər. Ataları Azad Şəkərov, ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.

Elvin Şükürlü hərbi sahəyə ilk addımı 2011-2014-cü illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atır. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Motoatıcı" ixtisası üzrə təhsil alır. Leytenant rütbəsinə yüksəldikdən sonra Daşkəsəndə yerləşən "N" saylı hərbi hissədə dağatıcı taqım komandiri kimi xidmətə başlayır. Sonradan tank əleyhinə taqım komandiri vəzifəsində xidmət etsə də, yenidən öz istəyi ilə ön xətt taborlarında dağatıcı taqım komandiri vəzifəsində xidmətini davam etdirir. Vətən müharibəsinin ilk günündən bir hərbçi kimi ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə düşmənin Kəlbəcərdəki "Üçtəpə" postunu tutur. İki gün postu özlərində saxlayan savaşçılarımız sentyabrın 28-də düşmənin əks-hücumu ilə üzləşirlər. Post uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Lakin uzun müddət itkin olan leytenantın cənazəsi bu ilin yanvarında tapılır. Şəhid leytenant yanvarın 22-də II Fəxri xiyabanda torpağa tapşırılır.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Şükürlü ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Şəhidin qardaşı, baş leytenant Elnur Şükürlü Azərbaycan Ordusunun zabiti kimi fəaliyyətini davam etdirir.


Etiketlər:  mənə cənab leytenant FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ