Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda regionun ən böyük kitab festivalı keçiriləcək

Bakıda regionun ən böyük kitab festivalı keçiriləcək

Tarix: 30 Sentyabr 2021 16:12

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, kitab festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur.

Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

İştirakçılar üçün 6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilir.

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək və sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunacaq.

Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, "uşaq aləmi", nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək.

Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.

Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesel və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün "fəxri qonağı" olacaqlar.

İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitabalara böyük endirimlər nəzərdə tutulur.

Ziyarətçilər üçün sərgiyə "Koroğlu" metro stansiyasından hər yarım saatdan bir, "Elmlər Akademiyası" stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcək.

Sərginin sponsoru - "BP" şirkəti, baş TV tərəfdaşı - Azərbaycan İctimai Televiziyası və festivala təşkilati dəstəyi "Caspian Event Organisers" şirkəti həyata keçirir.

Milli.Az


Etiketlər:  Bakıda regionun ən böyük kitab festivalı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ