Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 12:00
Prezident İlham Əliyevin Cəbrayıl səfərinin məhz oktyabrın 4-də baş tutması təsadüfi tarix deyil. Necə ki, dövlət başçısının bundan öncəki ərazilərə səfərlərinin və həmin ərazilərlə bağlı verilən qərarların tarixinin də xüsusi seçildiyinin şahidi olmuşuq. Düz 1 il əvvəl həmin tarixdə Azərbaycan Ordusu Cəbrayılı erməni işğalından azad edərək xalqımıza Böyük Zəfərə aparan yolda çox önəmli sevinc yaşatdı. Bu tarix qədər dövlət başçısının Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də Azərbaycanın və bölgənin gələcəyi baxımından olduqca önəmli səfər kimi yadda qaldı. Belə ki, bu səfərin İranın Azərbaycanın ərazi bütövlüyünə etdiyi hörmətsilik fonunda gerçəkləşməsi rəsmi Bakı üçün olduqca önəmli idi. İlham Əliyevin Araz çayının kənarından səsləndirdiyi bəyanatlar Tehranın Azərbaycanı təxribata təhrik edən, böhtan xarakterli açıqlamalarına tutarlı cavab oldu.
44 günlük müharibənin bitməsinin ildönümünə təxminən bir ay qaldığını nəzərə alsaq, belə qısa zamanda Azərbaycanın işğaldan azad edilən ərazilərdə sürətli şəkildə öz gücü hesabına bərpa-quruculuq, yenidənqurma işlərini icra etməsi nəinki erməniləri, onların havadarlarını da narahat etməyə başlayıb. Dövlət başçısı Cəbrayıl səfəri zamanı da bir sıra əhəmiyyətli obyektlərin açılışını etməklə yanaşı şəhərin baş planının təqdimatı ilə də dünya ictimiyyətinə çox önəmli mesaj ötürdü. Bununla İlham Əliyev Ermənistandan fərqli olaraq Azərbaycanın doğma yurd-yuvası olan bu yerlərə həyatın qaytarılması istiqamətində əməli-praktiki işlərinə ara vermək fikrində olmadığını göstərdi.
İranla sərhəd sayılan və 130 kilometrlik sərhəd xəttinin böyük bir hissəsini təşkil edən Cəbrayıl şəhərindən əsər-əlamət qalmadığı kadrlardan da aydın görünür. Bütün bunlara rəğmən Azərbaycan yolunda qərarlıdır, bütün gücləri səfərbər edərək qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən qurmaq, bərpa etməkdə israrlıdır. O ərazilərə səfər edən hər bir insan oradakı dağıntıların şahidi ola bilər. Lakin bu qədər dağıntını tək erməni vəhşiliyi, tək erməni vandallığının ayağına yazmaq da olmaz. Nəzərə alsaq ki, bu ərazi İranla sərhəddə yerləşir və müxtəlif mənbələrdən bu zamana kimi məlumatlar var idi ki, Cəbrayılın infrastrukturu talanaraq məhz İrana daşınaraq orada satılıb, o zaman bir çox məqama aydınlıq gəlmiş olur. Bu da sözügedən vəhşiliyin, vandallığın məhz işğal dövründə törədildiyi iddialarını artırır. Çünki müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə bütün evlərin, binaların daşının daş üstə qalmadığı, talançılığın, soyğunçuluğun hüdudsuz olduğu, İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı nitqini söylədiyi ərazidə də açıq-aşkar müşahidə etmək mümkündür.
Kadrlardan da görünür ki, vandallar hətta tikililərin palçıq qatını belə dağıdaraq metal naqilləri belə söküb aparıblar. Lakin bu talançılığa, oğurluğa uzun illər idi ki, İran başda olmaqla bütün dünya göz yumurdu. Əslində isə bunu görən Ermənistanın havadarları bu vandallığa biganə qamaqla, göz yummaqla dolayısı ilə işğala bəraət qazandırmış olurdular.
Prezident İlham Əliyev Cəbrayıl səfəri zamanı düşmənin vəhşiliyinin, soyğunçuluğunun hədsizliyini təsdiq edən bir neçə məqama diqqət çəkib: "Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər". Dövlət başçısının bu açıqlaması Ermənistanın niyyətini, məramını bir daha ortaya qoyub. O, düşmənin bölgə, region üçün nə qədər təhlükəli olduğuna yenidən işarə etməklə yanaşı, Azərbaycan Ordusunun erməni faşizmi üzərində qələbəsinin bütün insanlıq üçün əhəmiyyətini izah etmiş oldu.
Prezident Arazın sahilindən Ermənistana və ona himayədarlıq edən qüvvələrə regionun sülh içində yaşaması, inkişafı üçün manipulyasiyalardan, məlum ritorikalarından əl çəkib, ədalətli olmağa çağırdı. Əks təqdirdə Azərbaycan ona güc nümayiş etdirməyə çalışanların başından Dəmir yumruğunu əksik etməyəcək. Bunun üçün Azərbaycanın həm hərbi texniki imkanları, həm də canlı qüvvə potenasialı var. Vətən müharibəsinin Azərbaycan Ordusunun daha da təkmilləşdirilməsi və inkişafı üçün yeni bir mərhələ olduğunu nəzərə alsaq, düşmən və ona havadarlıq edənlərin ağıllarını başlarına yığıb, düzgün qərar üçün onlara verilən şansdan yararlanmaq ən doğru çıxış yolu olar.
Təhməz Əsədov