Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində düşmənin qəniminə çevrilən şəhid kəşfiyyatçımız - FOTO

Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində düşmənin qəniminə çevrilən şəhid kəşfiyyatçımız - FOTO

Tarix: 6 Oktyabr 2021 23:12

İsgəndərov Elvin Akif oğlu 1988-ci il avqustun 14-də Şabran rayonunda anadan olub. 1995-ci ildə Şabran rayon 2 saylı orta məktəbin birinci sinfinə gedib. 2006-cı ildə həmin məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra 2009-cu ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kurs keçərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Müdafiə nazirinin əmrinə əsasən "N" saylı hərbi hissəyə motoatıcı manqa komandiri vəzifəsinə təyin olunub. Sonra xüsusi təyinatlı qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunub. Kursu bitirdikdən sonra 2011-ci ildə kəşfiyyatçı kimi xidmətini davam etdirir. 2011-ci ildə Elvin İsgəndərova kiçik gizir, 2013-cü ildə isə gizir hərbi rütbəsi verilib.

Elvin İsgəndərov 2016-cı il Aprel döyüşlərində iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirənlərin cərgəsində olub. Vətən müharibəsinin ilk günlərindən də ön xətdə olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Murovdağ yüksəklikləri, Füzuli və Cəbrayıl rayonları, Xocavəndin Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 4-də komandiri olduğu dəstə ilə Cəbrayıl rayonu ərazisində düşmən postlarından birini ələ keçirib, düşmənin xeyli sayda hərbi qulluqçusunu məhv edib. Oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaxınlığına minaatan mərmisinin düşməsi nəticəsində aldığı qəlpə yarası səbəbindən şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Ailəli idi, özündən yadigar üç övladı qalıb - Səlimə, Nuray və Cəsur...

Sonxeber.net bildirir ki, şəhidin həyat yoldaşı Səmayə İsgəndərova AZƏRTAC-a müsahibəsində deyib: "Elvinlə 2011-ci ildə ailə qurmuşam. Ailəsinə bağlı biri idi, övladlarını çox sevirdi. Eyni zamanda, Elvin xidməti məsələlərin həllində çox soyuqqanlı biri idi. Son dəfə Elvini sentyabrın 26-da yola saldım. Mənə təlimlərə qatıldığını dedi və güclü olmağımı tapşırdı. Bəlkə də son gedişi olduğunu hiss eləmişdi... Elvindən dörd gün xəbər ala bilmədik. Sentyabrın 30-da atama zəng gəldi. Əvvəl nəsə bəd xəbər eşidəcəyimdən qorxdum. Atama telefona cavab verməməsini xahiş etdim. Bir neçə çağırışdan sonra atam telefona cavab verməli oldu. Qulaqlarımı bərk tutmuşdum ki, heç nə eşitməyim. Sonradan atamın üzünün güldüyünü gördüm. Bildim ki, zəng edən Elvindir. Çox sevinmişdim. Lakin sevincim uzun çəkmədi. Oktyabrın 4-də gecə yuxumu qarışdırdım. Yuxudan oyanandan sonra içimə narahatlıq doldu. Elvinə dəfələrlə zəng etsəm də zəng çatmadı. Narahatlığım keçmirdi. Sən demə, özümə yer tapa bilməməyim əbəs deyilmiş. Pis hadisənin baş verəcəyini əvvəlcədən hiss edibmişəm. Oktyabrın 5-də ömür-gün yoldaşım şəhid oldu. Xəbəri mənə deyəndə qəbul edə bilmirdim. İndi də inana bilmirəm. Hər gün gözüm yoldadır. Bəlkə bir gün gələr ümidi ilə yaşayıram.

Elvin işi barədə evdə heç nə danışmazdı. Ölümündən sonra onun necə igid, qəhrəman bir hərbçi olduğunu öyrəndim. Elvinin şəhadətindən bir il keçdi. O, mənə güclü olmağı tapşırmışdı. Güclü olacağam və övladlarımızı şəhid atalarının adına layiq bir vətəndaş olaraq böyüdəcəyəm ki, Elvinin yanına üzüağ gedim".

"YAŞAT" Fondunun övladlarının təhsil xərcini öz üzərinə götürdüyünü və şəhidin valideynlərinə və ailəsinə maddi yardımın edildiyini bildirərək S.İsgəndərova, göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Elvin İsgəndərov oktyabrın 6-da Şabran rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Etiketlər:  Həm Aprel döyüşlərində həm Vətən müharibəsində düşmənin qəniminə çevrilən şəhid kəşfiyyatçımız FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ