Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 12:08
"Romada keçirilən G20 sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında öncədən 20 dəqiqə olacağı elan edilən görüşün 70 dəqiqə davam etməsi məncə nə qədər önəmli mövzuları müzakirə etdiklərini göstərir".
Bunu Sonxeber.net-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Türkiyəli ekspert bildirib ki, ABŞ-la İranın tələsinə düşə bilərik:
"Bu danışıqların 20 dəqiqəyə sığmayacağını öncədən də proqnozlaşdırırdıq. Amma görüşün 70 dəqiqəyə qədər uzanması tərəflərin bir-birini yaxşı anladığını, ABŞ üçün Türkiyənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Çin-ABŞ, Rusiya-ABŞ arasındakı məsələlərin problem olaraq qaldığı görünür, amma Türkiyə ilə ortaya çıxan bu geosiyasi problemlər məncə ABŞ-ı narahat edən ən başlıca məsələlərdən biri idi.
Bağlı qapı arxasında iki dövlət rəhbərlərinin ən çox müzakirə etdikləri mövzulardan biri də məhz bu mövzu idi. Həssas yerimizi yaxşı bilirlər, amma tərəflər bu görüşlə problemi həll etdilər. Düzdür, Yunanıstan üzərindən bir strategiya qurdular, qurmağa çalışdılar. Türkiyəni təkləyən, hədəf alan bir fəaliyyətlərini, cəhdlərini görürük. Amma bu, ABŞ-ın məsələsini həll etmir. Yəni indiyə qədər ABŞ-ın məsələləri həll edəcəklərinə ümid etdiyi qüvvələrinin bu məsələni həll etməyə güclərinin yetmədiyini gördük.
PKK, YPG, İŞİD bacarmadı, FETÖ bacarmadı. İndi iş başqa bir yerə doğru gedir. 2015-ci ildə ABŞ Rusiyanı Suriyaya dəvət etməklə strateji səhvlərə yol verməyə başladı ki, bu da onlar üçün geri dönüşü olmayan bir uğursuzluğa səbəb oldu. İndi öz qanadını özü qoparan bir ABŞ görüntüsü var. Bunu da Yunanıstan vasitəsilə etdiyi həmlələrlə kompensasiya etməyə çalışır. Bəs o qopardığı qanadı əvəz edirmi? Qanadı əvəz edə bilmir. Bəs o qanad üzərindən edə biləcəklərini bu həmlə ilə bacarırmı? Bacarmır!
ABŞ Türkiyə üzərində beynəlxalq hüquqa və ədalətə uyğun strateji gedişlər edə bilər. Buna ümidim hər zaman var, amma indiki vəziyyətdə bunun belə sürətlə baş verəcəyi görünmür. ABŞ hələ ki, əlindəki bütün kartları, imkanları sona qədər istifadə etməklə istəyinə nail olmağa çalışacaq. İndiki proseslər müqavimətə aparır. Türkiyənin ABŞ-ın bu təzyiqinə nə qədər müqavimət göstərəcəyini zaman göstərəcək.
F-16 məsələsi bir həll yolu ola bilər. Amma ortada başqa bir məsələ də var, o da İran və yaxud Qafqaz məsələsidir. İran məsələsi ilə bağlı bir detal var. Məzhəb məsələsi ilə bağlı çox təhlükəli addımlar atılır. Sünni-şiə məsələlərinin ortaya atıldığını görürük. İranla Türkiyəni qarşı-qarşıya gətirəcək bir çox atmacalar, açıqlamalar eşidirik. Bu mövzu israrla qaçdığımız, amma hər tərəfi hiylə, tələ olan bir mənzərədən ibarətdir. Amma mən ABŞ-la İranın son vaxtlar çox yaxşı anlaşmağa başladığını gördüyümdən, burada da tələyə düşməmək üçün diqqətli, ehtiyyatlı davranmalıyıq. ABŞ-la İran çox fərqli münasibətləri olan iki ölkədir. Yəni Böyük Orta Şərq layihələrində bir çox məsələlər geridə qaldı. Onun üçün də həllinə çatdığımızı düşündüyümüz bir vaxtda çox fərqli geosiyasi mənzərə ilə qarşı-qarşıya qala bilərik. O mənada Türkiyənin tətbiq edəcəyi siyasi addımların bundan sonra baş verəcək proseslər baxımından çox böyük bir əhəmiyyət daşıyacağını demək istəyirəm".
Təhməz Əsədov