Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 12:27
Romada G-20 Sammiti çərçivəsində baş tutan Ərdoğan-Bayden görüşü nəinki, müxtəlif regionların, bütövlükdə dünyanın gələcəyi baxımından olduqca böyük əhəmiyyət kəsb edirdi. Elə öncədən 20 dəqiqə çəkəcəyi deyilən ABŞ və Türkiyə dövlət başçılarının görüşünün 1 saat 10 dəqiqə uzanması da müzakirə ediləcək mövzuların çoxluğundan və tərəflərin ortaq razılıq əldə etmək üçün bir-birindən güzəştlər gözləməsindən xəbər verir.
Ümumilikdə bu görüşü Türkiyə və ona müttəfiq ölkələr üçün qənaətbəxş hesab etmək olar. Tərəflər arasında konkret yazılı anlaşmalar olmasa da, görüşün bu qədər davam etməsi pozitiv məqamların olduğundan xəbər verir.
Hələ ailə fotosu çəkilişi zamanı Co Baydenin Rəcəb Tayyib Ərdoğana "hərbi salam" verdikdən sonra iki liderin yaxınlaşaraq əl sıxması ABŞ-ın da Türkiyə qədər aradakı problemlərin həllində maraqlı olduğunu göstərirdi. Məhz Baydenin Romaya gəlişinin kökündə də bu gün sürətlə hərbi və siyasi nüfuzu artan Türkiyə ilə bir masa arxasında kompromis əldə edib, gələcək üçün daha arxayın çizgi çizmək məqsədi dayandığını səfərin ilk akordlarından hiss edilirdi.
Co Bayden və Rəcəb Tayyib Ərdoğan 16-cı G-20 sammiti çərçivəsində bir araya gəldikdən sonra yayımlanan açıqlamada iki ölkə liderinin konstruktiv dialoqu davam etdirmək qərarına gəldikləri məlum oldu. Hər iki tərəf görüşün nəticəsini müsbət qiymətləndiriblər. Nə qədər özünü tərəfdaşlığa yaşıl içıq yandırmaq istəyən tərəf kimi göstərməyə çalşsa da, ABŞ prezidenti Co Baydenin görüşdən sonrakı açıqlamaları optimizmə əsas vermir. Baydenin açıqlamaları göstərdi ki, Vaşinqton əvvəlki tək Türkiyənin Rusiyadan S-400 raket sisteminin almasından narahatdır və Vaşinqton Türkiyəyə F-35 təyyarələrinin əvəzinə F-16 təyyarələrini satmaq fikrində hələ ki son qərarını verməyib. O da məlumdur ki, F-16 məsələsində Pentaqon və Ağ Ev müsbət qərar versələr belə Konqresin təsdiqi lazım gələcək. ABŞ Konqresinin isə anti-Türkiyə mövqeyi tutduğu hər birimizə məlumdur və bu cəbhədə müsbətə bir dəyişiklik hələ də gözə çarpmır. O deməkdir ki, bu xəmir hələ çox su aparacaq...
Türkiyənin ən yaxın müttəfiqi, tərəfdaşı kimi bu görüşün Azərbaycan üçün də əhəmiyyəti olduqca böyük idi. 44 günlük müharibədən sonra regionda dəyişən reallığı ABŞ-ın nə dərəcədə qəbul etdiyi hələ də özünü tam şəkildə büruzə vermir. ABŞ-ın Ermənistandakı səfirinin müharibədən sonra etdiyi canfəşanlıq, Azərbaycanla sərhəddə kimi gedib çıxması və səsləndirdiyi destruktiv bəyanatlar Vaşinqtonun mövqeyi hesab edilərsə, bunun rəsmi Bakının ürəyincə olduğunu adlandırmaq olmaz.
Amma burada bir diqqətçəkən məqam bar: Nəzərə alsaq ki, əslində NATO üzvü Türkiyənin Cənubi Qafqazdakı mövqelərinin güclənməsi ABŞ-ın maraqlarına uyğun olmalıdır. Əks təqdirdə fərqli mənzərənin şahidi ola bilərik. Belə ki, Cənubi Qafqazda Amerikanın rəqibi Rusiya tək hakim, tək diqtə edən güc kimi üstünlüyünü artıra bilər ki, bu isə ABŞ-ın arzulamadığı bir vəziyyətdir. Lakin təəssüf ki, biz bu məsələdə ABŞ-ın destruktiv yanaşmasının şahidiyik. Problem ondadır ki, Amerikada siyasətçilər və bir qrup konqresmen lobbi maraqlarını ölkələrinin milli və təhlükəszilik maraqlarından üstün tuturlar. Misal üçün erməni lobbisinə bağlı amerikalı konqresmenlərin, siyasətçilərin və diplomatların şəxsi maraqları Ermənistana dəstəyi məcbur edir. Və beləcə dünyanın "super gücü" adlandırılan bir dövlətdə bu kimi hallarda şəxsi maraqlar dövlət maraqlarını üstələyir.
Bütün bu hadisələr fonunda oktyabrın 30-da Romada keçirilən "G20" sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşərək Vətən müharibəsindən sonra bölgədə zərurətə çevrilən kommunikasiyaların açılması məsələsi və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin təşviqi məqsədilə "3+3" regional mexanizminin işə salınmasının perspektivləri ətrafında fikir mübadiləsi aparması Moskvanın ABŞ-ın mümkün həmlələrini önləmək üçün həyati əhəmiyyət kəsb edən bir hadisə hesab edilə bilər. Biz "G20" sammitindən dərhal sonra Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da və yanvarın 11-də imzaladıqları üçtərəfli sazişlərin həyata keçirilməsini müzakirə etmələri Rusiyanın da çıxış yolu qalmadığını, bəyanatın icraatının gecikməsinin Moskvaya zərərdən başqa bir şey verməyəcəyini hiss etdiyini göstərir.
Lavrovla Mirzoyan arasında telefon söhbəti zamanı bölgədə kommunikasiyanın blokadadan çıxarılması, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə yanaşı bir il öncə imzalanan üçtərəfli bəyanatların ildönümü ərəfəsində icrası məsələsinin prioritet təşkil etməsi bir daha göstərir ki, Qərbin, ABŞ-ın bölgəyə marağını ruslar öz vasitəçiliyinə risk olaraq görür və tez bir zamanda üstünlüyünü praktik olaraq icra etməklə etibarını itirməməyə çalışır. Qərbin bölgədə Türkiyəni tərəf kimi qəbul etməsi heç şübhəsiz ki, Ankara və Bakının əlini gücləndirir.
Təhməz Əsədov