Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 13:50
1911-ci ildə tikilmiş evə köçən gənc evdə qorxunc tapıntı ilə üzləşib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, videonun müəllifi "Haus of the Rising Sun" ləqəbli "TikTok" istifadəçisidir.
Onun sözlərinə görə, qədim evi aldıqdan sonra onun içində əsaslı təmir etmək qərarına gəlib. Lakin döşəmə örtüyünü çıxardan zaman "sürprizlə" rastlaşıb. Belə ki, döşəmə və xalça üzərində qırmızı ləkələr olub.
"Ləkələr çoxaldıqca bunun qan ləkəsi olduğuna əminliyim artdı", - deyə videonun müəllifi bildirib.
Bundan sonra ev sahibi qorxunc tapıntı ilə əlaqədar polisə müraciət etmək qərarına gəlib. Polis məmuru ilkin baxış zamanı ləkələrin qan kimi görünməsi ilə razılaşıb, lakin bunun insana, yoxsa heyvana aid ola biləcəyini söyləməkdə çətinlik çəkib.
"O, evdə hər hansı cinayət olub-olmadığını öyrənəcəyinə, qanı isə müayinəyə göndərəcəyinə söz verdi", - deyə istifadəçi əlavə edib.
Video sosial şəbəkədə böyük maraq və heyrətlə qarşılanıb. Bir çoxları gəncə qanın kimə və nəyə aid olması barədə nəticələrdən asılı olmayaraq, evdən çıxmasını tövsiyə ediblər.