Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəfərin bir addımlığında şəhadətə yüksələn döyüşçü - FOTO

Zəfərin bir addımlığında şəhadətə yüksələn döyüşçü - FOTO

Tarix: 3 Noyabr 2021 23:10

Ələddin Səidov Vətən müharibəsinin ilk günlərindən döyüş meydanına atılanlardan biri idi. Füzulidən başlayan döyüş yolu Şuşaya qədər davam edib. Zəfərin bir addımlığında şəhidlik zirvəsinə ucalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səidov Ələddin Azər oğlu 1992-ci il iyunun 17-də Bakı şəhərində anadan olub. 1998-2009-cu illərdə 193 nömrəli məktəbdə orta, 2009-2013-cü illərdə isə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Müddətli həqiqi hərbi xidmətini 2013-2014-cü illərdə Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə keçib.

Ötən il Vətən müharibəsi başlayanda könüllü cəbhəyə yollananlar sırasında Ələddin də var idi. Ələddinin Vətən qarşısında vacib imtahanı sentyabrın 29-dan başlayıb. O, Füzuli, Cəbrayıl, Xocavənd - xüsusilə Hadrut və Qırmızıbazarda - Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də Şuşada şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin atası Azər Səidov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "İki övladım var idi: biri oğlan, biri qız. Ələddin mənim arxam-dayağım idi. Adətən atalar özlərindən sonra evi, ailəni oğula etibar, vəsiyyət edərlər. Bizdə əksinə oldu. Mən övladımın çiynində son mənzilə gedəcəkdim, Ələddin məni qabaqladı, özü çiyinlərimdə getdi. Üzərimə də dağ boyda yük qoydu özündən sonra. Bir yandan da böyük qürur duyuram oğlumla. O heç zaman bizi utandırmadı, ona görə heç zaman başımız aşağı olmadı. Qısa ömründə qazandığı hörmət, belə şərəfli ölümü sayəsində başı uca gəzirik. Ələddin nişanlı idi. Onun toyunu görmək, övladlarını əzizləmək arzusunda idik. Qismət olmadı bizə. Əvəzində soyuq məzarına həkk olunan şəklini oxşayırıq. Bəy otağını bəzəmək yerinə, son mənzilini, məzarını gül-çiçəklə bəzəyirik...

Döyüşlər vaxtı Ələddinlə axşamlar danışardıq. Heç vaxt deməzdi öndəyəm, deyərdi arxa cəbhədəyəm, narahat olmayın. İstəmədi nigaran qalaq ondan. Oğlum Şuşanı görmək istəyirdi, elə Şuşa uğrunda da şəhid oldu. Bir valideynin həyatında övlad acısı qədər ağır bir hadisə ola bilməz. Mənim acımı, dağ boyda yükümü oğlumun şərəfli həyat və döyüş yolu, ən əsas da uğrunda şəhid olduğu Şuşanın azad edilməsi az da olsa yüngülləşdirdi. Təəssüf edirəm ki, Ələddin Şuşanın düşməndən tam təmizlənməsini görə, Zəfərə şahidlik edə bilmədi. Amma oğlumun ruhunun şad olduğunu bilirəm.

Ələddin noyabrın 3-də şəhid oldu. Mənə oğlumun şəhadətini noyabrın 4-də xəbər verdilər. Ələddini öz valideynlərimin yanında torpağa tapşırdım. Həmişə zirvələrdə görmək istədiyi bayraq indi məzarı üzərində dalğalanır".

Şəhid atası səlahiyyətli qurumların nümayəndələrinin onlarla maraqlandığını, "YAŞAT" Fondunun isə məişət şəraitinin yaxşılaşdırılması istiqamətində kömək etdiyini bildirib: "Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram. Mənə bu çətin günlərimdə Nərimanov Rayon İcra Hakimiyyəti, xüsusilə də icra başçısı Abdin Fərzəliyev dəstəyini əsirgəmədi. "YAŞAT" Fondunun da nümayəndələri gəlib bizimlə maraqlandı, ehtiyacımızı qarşılamağa kömək etdilər. Şəhid ailələrinin və qazilərin yanında olan hər kəsə təşəkkür edirəm".

Milli.Az


Etiketlər:  Zəfərin addımlığında şəhadətə yüksələn döyüşçü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ