Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 11:57
44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə və bütövlükdə münaqişəyə son qoyduğumuza görə beynəlxalq müstəvidə aparacağımız təbliğatın da konturları əhəmiyyətli dərəcədə dəyişdi. Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından unikal bir platforma funksiyasını icra etmək üçün mühüm təbliğat poliqonumuz olmağa başladı.
Mərkəz II Qarabağ müharibəsinə kimi Azərbaycanın tarixini, mədəniyyətini və multikultural dəyərlərini təbliğ etməklə beynəlxalq müstəvidə ölkəmizlə bağlı müsbət obrazın formalaşmasına töhfələr verirdisə, ötən ilin payızındanbəri biz qlobal informasiya məkanında daha çox ərazi bütövlüyümüz və erməni işğalçılığı ilə bağlı təbliğata üstünlük verməyə başlamışıq ki, bu gündən etibarən 3 gün boyunca Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Dünya COVID-19-dan sonra" mövzusunda başlayan VIII Bakı Qlobal Forumu da rəsmi Bakı üçün bu baxımdan olduqca böyük fürsət oldu.
Regionda tamamilə yeni və unikal münasibətlər sisteminin formalaşması üçün böyük imkanlar açıldığı bir məqamda, Vətən müharibəsinin bölgədə yaratdığı yeni reallıqlar nəticəsində Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü ilə yaradılması nəzərdə tutulan yeni əməkdaşlıq platforması (3+3) regiona yalnız inkişaf, firavanlıq və təhlükəsizlik vəd edir. Bununla da regionun vacib aktoruna çevrilən Azərbaycan üçün regionda yaranmış yeni vəziyyət və gələcək perspektivlər barədə öz baxışlarını dünya ictimaiyyəti ilə bölüşmək baxımından bu Forumun əhəmiyyəti çox böyükdür.
Dünyanın nüfuzlu siyasi liderlərini özündə birləşdirən bu Mərkəzin qlobal informasiya məkanında rəy formalaşdırmaq imkanı olduğunu yaxşı anlayan rəsmi Bakı bu fürsətdən yenə də maksimum yararlanmaq niyyətindədir. Necə ki, Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Qarabağ ətrafında cərəyan edən proseslər və pandemiyanın tüğyan etdiyi dünyada pandemiya ilə bağlı vəziyyətin nəzarətdə saxlanılması, "peyvənd millətçiliyi"nə qarşı fikirləri ilə yenidən diqqət mərkəzinə düşdü. Çox önəmli mesajlar verən dövlət başçısı növbəti dəfə Ermənistanın müharibə ritorikası, işğalçılıq siyasətinə toxunaraq keçən ilin payızında Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamayacağı təqdirdə BMT qətnamələri daha 27 il kağız üzərində qalacağını diqqətə çatıdrmaqla eyni zamanda beynəlxalaq təşkilatların bu uzun illər ərzində Ermənistanın özbaşınalığına, hüquqa zidd davranışlarına göz yumaraq iki standartlardan çıxış etməkdə ittiham etmiş oldu.
30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində beynəlxalq hüququn kağız üzərində qaldığını və bu ədalətsizliyə məhz Azərbaycanın öz gücü hesabına son qoymasını Forum iştirakçılarının diqqətinə çatdıran İlham Əliyev qeyd edib ki, "Bildirmək istəyirəm ki, bu münaqişə həll olunub". Ölkə başçısı bu mesajı ilə bölgədə vəziyyəti yenidn gərginləşdirmək istəyən, Cənubi Qafqazda qeyri-sabit vəziyyətin höküm sürməsində maraqlı olan Ermənistanın daxilindəki və xaricdəki revanşist qüvvələrə xatırlatdı ki, artıq Qarabağ adlı bir mübahisəli məsələ, münaqişə qalmayıb və bu ritorika daha əhəmiyyətini itirib.
Hazırda azad edilmiş əraziləri bərpa etdiyimizi və artıq o yerlərdə genişmiqyaslı dövlət proqramının həyata keçirildiyini Forum vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdıran İlham Əliyev qeyd edib ki, bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət Zəfər çalacaq. Dövlət başçısı bu nitqi ilə bundan sonra da Azərbaycana əngəl törətmək cəhdlərinin nəticəsiz qalacağını, rəsmi Bakının 10 noyabr üçtərəfli bəyanatının bütün şərtlərinin reallaşdırılması üçün tutduğu yoldan geri çəkilməyəcəyini, bu istiqamətdə bütün gücünü səfərbər edib haqqı-ədaləti bərqrar etmək məqsədilə bundan sonra da lazımı addımları atacağı mesajı vermiş oldu. Bunu eyni zamanda Azərbaycan diplomatiyasının postmüharibə dövründə hücum taktikasının davamı da adlandıra bilərik ki, nəticəsini də Moskvadan verilən son bəyanatlar və Ermənistana görə Azərbaycanı qarşısına alan rəsmi Tehranın son anda geri addım atması fonunda sezmək çətin deyil.
VIII Qlobal Bakı Forumu Azərbaycanın postkonflikt mərhələsi üçün bu istiqamətdəki təşəbbüslərini davam etdirməsi baxımından olduqca mühüm platformadır. Azərbaycan beynəlxalq təhlükəsizliyə verdiyi önəmli töhfələrlə özünün məsuliyyətli aktor olduğunu əməli-praktiki addımlarla təsdiq edir. Prezident "İlin əvvəlindən 10 ay ərzində Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə 14 milyard kubmetrdən çox qaz ixrac edib. Azərbaycan qazı Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstanda istehlakçılara çatdırılıb. Mənim səsləndirdiyim həcmin təxminən yarısını Avropadakı istehlakçılar əldə edib" açıqlaması ilə rəsmi Bakının köhnə qitənin enerji təhlükəsizliyindəki yerini bir daha bütün dünyanın diqqətinə çatdırıb. Bütün bu amillər Azərbaycanın bundan sonra da istər regionda, istərsə də Avrasiya məkanında gücünü və nüfuzunu artıran amillərdir. Proseslərin bu cür davamı yaxın gələcəkdə Azərbaycana məqsədlərinə çatmaq üçün daha böyük güc toplamaq imkanı yaradır.
Təhməz Əsədov