Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 12:20
Ermənistanın 30 illik işğalına məhz Azərbaycan özü öz gücü hesabına beynəlxalq hüquqa uyğun olaraq cəmi 44 gün ərzində son qoydu, torpaqlarını azad etdi. 10 noyabr üçtərəfli bəyanatından sonra regionda yeni reallıq yarandı ki, onun əsas aktoru məhz Azərbaycan oldu. Postkonflikt dövründə də geosiyasi vəziyyəti düzgün dəyərləndirən, diplomatik pressinq siyasətindən məharətlə istifadə edən rəsmi Bakı Ermənistanı daha gücsüz, əlacsız vəziyyətlə üz-üzə qoymağı bacardı.
Təxminən 1 ay öncəyə kimi müharibə ritorikası leksikonundan əskik olmayan Ermənistanın siyasi dairələri, ictimai xadimləri və politoloqları da o gündən bu günə çıxışlarında yerlə göy qədər dəyişikliklərlə diqqət çəkirlər. Artıq müharibənin sona çatdığını, yeni reallıqla barışmaqdan başqa yollarının qalmadığını, Ermənistanın gələcəyi üçün Azərbaycan və Türkiyə liderlərinin təklif etdiyi platformanın alternativinin olmadığını yaxşı anlayan həmin şəxslər indi kommunikasiyaların açılmasından, sərhədlərin delimitasiya və demarkasiyasından danışırlar.
Təəssüf ki, qarşı tərəfdə hər şey deyildiyi kimi icraatda da özünü göstərmir. Belə ki, son bir ay ərzində istər baş nazir Nikol Paşinyan, istərsə də onun komandasından olan bir çox millət vəkilləri və siyasi şərhçilər Bakı ilə üçtərəfli 10 noyabr bəyanatının müddəalarının icrası ilə bağlı məsələləri müzakirə etmək üçün hazır olduqlarını, gələcək üçün ən doğru yolun bu olduğunu bildirsələr də, hələ də İrəvan prosesə müdaxilə etməyə tələsmir. Təbii ki, bu da rəsmi Bakını artıq ciddi şəkildə narahat etməyə başlayıb. Elə Preizdent İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı da dilə gətirdi.
O, "Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik. Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb" deməklə bir daha dünya ictimaiyyətinə Ermənistanın vədinə əməl etmədiyini, bütün məsuliyyətin rəsmi İrəvanın üzərində olduğunu bəyan etdi. İlham Əliyev bununla bildirib ki, Ermənistan yenidən kompromisə gəlməkdən qaçır.
Bununla da dünyanın nüfuzlu siyasi liderlərini özündə birləşdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Dünya COVID-19-dan sonra" mövzusunda başlayan VIII Bakı Qlobal Forumu vasitəsilə qlobal informasiya məkanında rəy formalaşdırmaq imkanı olduğunu yaxşı anlayan İlham Əliyev bu fürsətdən yenə də maksimum yararlanaraq, Ermənistandakı revanşist qüvvələrə, havadarlarına və erməni işğalçılığına uzun illər göz yuman, müharibə zamanı təcavüzkar dövlətə açıq dəstək nümayiş etdirən dövlətlərə rəsmi İrəvanın eyni səhvi təkrarlamaması üçün bir xəbərdarlıq etdi.
Baxmayaraq ki, rəsmi Moskva da 10 noyabr bəyanatının imzalanmasının bir illinin tamam olması ərəfəsində sənəddəki bəyanatların həyata keçirilməyə başlaması üçün canfəşanlığı ilə diqqət çəkir. Elə son olaraq iki gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə ölkəsinin Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü "altılıq platforması"nın ("3+3") yaradılması ideyasını dəstəklədiyini bir daha bəyan etməsi belə düşünməyə əsas verir: "Əlbəttə, hesab edirik ki, bu planı praktik müstəviyə keçirməyin vaxtı gəlib çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu əməkdaşlıq formatında nəzərdə tutulan bütün iştirakçıların maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxmasına kömək edər. Məsələlər çoxdur. Bu əməkdaşlıq formatı həm köhnə problemlərin, həm də yeni çağırışların həllinə kömək edə bilər və etməlidir".
Ortaya Bakını düşündürən haqlı olaraq bir sual çıxır: Bəs onda Moskva İrəvanı niyə tələsdirmir? "Altılıq" formatı ona görə Rusiyanın maraqlarına cavab verir ki, regional məsələlərə ABŞ və Avropa İttifaqı qarışmasın. Əgər Rusiya həqiqətən də "altılılıq formatı"nın reallaşmasını istəyirsə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını təmin etməlidir. Bu olmadan "altılıq formatı" işləməyəcək.
Rusiya XİN sözçüsü Zaxarova brifinq zamanı onu da qeyd edib ki, "Çoxşaxəli regional əməkdaşlığın inkişaf etdirilməsi bu formatın bütün mümkün iştirakçılarının mənafeyinə uyğundur". Rusiyanın bu platformanın yaradılması üçün niyə bu qədər maraq göstərdiyi aydın məsələdir. ABŞ-ı və Qərbi Cənubi Qafqazdan mümkün qədər məsafəli saxlamaq istəyən Moskva uzun illərdir ona qarşı tətbiq edilmiş sanksiyaların təsirini bu platforma vasitəsilə qurulacaq iqtisadi əməkdaşlıqla aradan qaldırmaq haqda düşünür. Moskva eyni zamanda gələcək sanksiya təhlükəsinə qarşı da önləyici tədbir görmək niyyətindədir. Digər yandan isə son hadisələr də göstərdi ki, Donbas məsələsi hələ də gərgin olaraq qalır və demək olar ki, gərginlik hər gün daha da artmaqdadır. Rusiya üçün ikinci belə böyük münaqişədən yan keçmək onun prinsiplərini qorumaq baxımından olduqca əhəmiyyətlidir.
Zaxarovanın son açıqlamarı onu da göstərdi ki, Moskva artıq anlamağa başlayıb ki, zor gücünə və silahla nəyisə əldə etmək dövrü artıq bitib. Mövcud beynəlxalq siyasi şərait Rusiyanı vadar edir ki, Türkiyənin regionda varlığına səbrli yanaşsın. Bu isə tamamilə Bakı və Ankaranın planlarına uyğundur. İlham Əliyevin Bakı Forumu zamanı dediklərindən bir daha bu nəticə çıxır ki, Azərbaycanın konstruktiv mövqeyinə nəinki Ermənistan, heç bir qüvvə yeni reallıqlar çərçivəsində müqavimət göstərə bilməyəcək. Dövlət başçısı "Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır" açıqlaması ilə İrəvanın gələcəyinin öz əlində olduğunu, əksinin hansı nəticələrlə yekunlaşacağını bilmək üçün 1 il əvvələ nəzər salmağının kifayət edəcəyi mesajını verdi. İndi növbə İrəvanındır... Demək olar ki, Paşinyan üçün gerisayım tizeri başladı.
Təhməz Əsədov