Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 23:22
Yeni növ koronavirus (COVID-19) infeksiyasının AY.4.2 növünün yoluxduruculuq qabiliyyəti digərləri ilə müqayisədə yüksəkdir. "Delta" ştamının submutasiyası hesab edilən AY.4.2 10-15 faiz daha yoluxdurucudur. Bu növlə xəstələnənlərin ağ ciyərləri adətən qısa vaxtda tutulur və ürəkdə müəyyən qüsurlar yaranır. Bu detalları nəzərə alaraq deyə bilərik ki, həmin növün öldürücülük qabiliyyəti də yüksəkdir. Ona görə də virusa yoluxmamaq üçün vaxtında vaksin olunmaq və qızıl qaydalara əməl etmək lazımdır. Kütləvi vaksinasiya pandemiyanın aradan qalxması üçün yeganə çıxış yoludur. "Buster" doza ilə peyvəndləmə isə immuniteti daha da gücləndirir. Çünki vaksinasiyanın iki mərhələsində iştirak edən vətəndaşın bir müddət sonra COVID-19 əleyhinə immuniteti zəifləyə bilər. Belə olan halda, həmin şəxsin üçüncü dəfə qüvvətləndirici doza alması məsləhətdir.
Sonxeber.net bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-mütəxəssisi Rəna Həmzəyeva deyib.
O, COVID-19 əleyhinə "buster" dozanın əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, vaksinasiyadan keçmiş vətəndaşlar da mütləq gigiyenik qaydalara əməl etməlidirlər.
"Koronavirusa qarşı orqanizmdə yaranan anticisimlərin azalması digər xəstəliklərlə müqayisədə daha sürətli baş verir. Belə olan halda, "buster" doza ilə vaksinasiyanın vacibliyi bir daha təsdiq olunur. Qüvvətləndirici doza sayəsində anticisimlər orqanizmdə daha uzun müddət qala bilər. Vaksinasiyanın üçüncü mərhələsi daha çox risk qrupuna daxil olan vətəndaşlar üçün tövsiyə edilir. Yaşı 50-dən yuxarı olanlar, yanaşı xəstəliklərdən əziyyət çəkənlər və gün ərzində kütlə içində müxtəlif qruplardan olan vətəndaşlarla daha çox ünsiyyətdə olanlar risk qrupuna aiddirlər. Həmin kateqoriyalara aid vətəndaşların COVID-19-a yoluxma ehtimalı daha yüksəkdir. Ona görə də risk daşıyanlar mütləq "buster" doza ilə peyvəndlənməlidirlər. Lakin bir sıra iş yerlərində işçilər hər gün eyni insanlarla ünsiyyətdə olurlar. İstənilən halda, vaksinasiya olunan vətəndaşlar da mütləq şəkildə qızıl qaydalara əməl etməlidirlər. Sosial məsafəni qorumaq, tibbi maskadan istifadə etmək olduqca vacibdir. Xüsusilə kütləvi toplaşmalardan uzaq durmalı, ətrafımızı və yaxınlarımızı qorumalıyıq", - deyə həkim-mütəxəssis qeyd edib.
R.Həmzəyeva bildirib ki, "buster" dozanın miqdarı və tərkibi birinci və ikinci dozalarınkından fərqlənmir: "Sadəcə olaraq, orqanizmdə koronavirus əleyhinə yaranmış anticisimlərin artırılması üçün "buster" doza vacibdir. Nəzərə almaq lazımdır ki, iki doza vaksinasiyadan 6 ay keçdikdən sonra orqanizmdəki anticisimlər azalmağa başlayır. Belə olan halda, infeksiyaya yoluxmamaq və yoluxduğu halda xəstəliyi ağır keçirməmək üçün qüvvətləndirici doza ilə peyvəndlənmək tövsiyə edilir".
Xatırladaq ki, Azərbaycanda bu günə qədər "buster" doza ilə peyvənd olunanların sayı 383 min 36 nəfər təşkil edir.