Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2021 13:24
İsti yay ayları geridə qalsa da, Ağcabədi rayon İmamqulubəyli kənd sakinlərinin su problemi hələ də aktualdır. Onlar deyir ki, bu problemin nə yaşı var, nə də mövsümü. Hər bir insanın ilkin tələbatlardan olan suyun əldə edilməsi bu gün kənd sakinləri üçün daha da müşkülə çevrilib. Çünki illərdir suyundan yararlandıqları bulaq quruma həddindədir.
Sakinlər bu vəziyyətin dözülməz həddə olduğunu deyərək, rəsmi qurumlardan kömək istəyirlər. Hətta özlərinin müəyyən təklifləri də var.
Problemlə əlaqədar Ağcabədi rayonu Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramovla əlaqə saxladıq. O, qısa araşdırma apardıqdan sonra bildirdi ki, həmin qaynama üzərində vurulan artezian ötən əsrin 49-50-ci illərinə aiddir. Hazırda həmin artezian onların balansında deyil. Böyük ehtimalla, heç bir qurum həmin arteziana cavabdeh deyil.
Bundan sonra yerli icra nümayəndəliyi ilə əlaqə saxladıq. İmamqulubəyli kəndi üzrə icra nümayəndəsi Xaliq Rəhimov bildirdi ki, kəndin su problemi, ehtiyac olan subartezian quyuları ilə bağlı rayon icra hakimiyyətinə müraciət ünvanlayıblar və həmin müraciətin müsbət nəticəsinə inanırlar. İcra nümayəndəsi su probleminin həlli ilə bağlı başqa bir alternativin olduğunu da diqqətimizə çatdırdı. Belə ki, torpaqlarımızın işğalına qədər bu kənd Suqovuşandan gələn sudan istifadə edirmiş. İşğaldan azad olunmuş ərazilərin infrastuktur problemi tamamilə həll olunandan sonra həmin xəttin bərpası da mümkün ola bilər.