Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 16:25
"Təəssüf edirəm ki, bəziləri bu xəbərləri sifarişlə yazdırdığımı düşünürlər. Əsla, belə etmərəm. Hansı ki, müxbirlər yaxınlaşırlar, xəbər almaq istəyirlər. Onlara nə deyə bilərik ki? Tanınmış insanlarıq təbii ki, bizdən paylaşım edəcəklər. Bunu da insanlar səhv başa düşürlər. Heç bir sənət adamı özünü pis PR etməz. Kimsə həyatından sığortalanmayıb. Nəsə olsa belə, onun üzə çıxmağını istəməzlər. Əksinə ört-basdır edərlər ki, adları pis hallanmasın, hansısa çətinliklə gündəm qazanmasınlar".
Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova OLAY-a açıqlamasında deyib. Sənətçi mətbuatda həyat yoldaşı barədə yayılan xəbərlərə münasibət bildirib.
Nigar bir müddət öncə yaşadığı çətin günlərdə psixoloqa müraciət etdiyini qeyd edib:
"Bizdə psixoloqu dırnaq arası qarşılayırlar. Psixoterapevtlə psixoloq tamam ayrı anlayışlardır. Bəzən tanımadığın biri ilə dərdini bölüşməyə ehtiyac yaranır. Psixoloq mənim üçün həmsöhbətim, ürəyimi açıb danışa biləcəyim bağlı bir qutudur. O qutunun da açarı yalnız məndə ola bilər. Bir psixoloqum var. Anamın xəstəliyinden sonra stressim artdı. O mənə çox kömək oldu. Hansı övlad anasının ölümdən dönməyini rahat qarşılaya bilər? Hamımız üçün çətindir, o cümlədən də mənə".
Sənətçi "Siz muğam ifaçısısız. Bəzən düşünmürsüz ki, çox gündəmə gətirirlər sizi, sanki şouya çevirirlər" sualına gəlincə bunları deyib:
"Bunun təməlini kim qoydu bilmirəm. Amma məndən qaynaqlanmadı. Mən susmağı sevmirəm. Bunun da səbəbləri var. Bu yerə gəlib çatana qədər çox insanların qarışısında susmuşam. Hey əzilmişəm, sənətimin qabağı kəsilib. Siz də fikir verirsiniz son zamanlar çox muğam oxumuram. Çünki məni xanəndəlikdən küsdürdülər, incitdilər. Mən də muğamdan bir az uzaqlaşdım. Bu o demək deyil ki, muğamı atmışam. Mənim bu sahədə Ali təhsilim var. Təməlim muğamda qurulub. Sadəcə bir az küsdüm. Mən də böyüklü-kiçikli heç kimin qarışısında susmadım. Böyüyün qarışısında da bir yerə qədər susa bilərəm. Böyük də elə etməlidir ki, kiçik onun üzünə ağ olmasın. Bu söhbətlər səbəb oldu".
Xanəndə həmçinin sənət fəaliyyətinə bir müddətdir ara verdiyini söyləyib:
"Müharibə oldu, biz qələbə qazandıq. Şəhidlərimiz oldu, klip yadıma düşmədi. Kimlərsə klip çəkdirib, konsert verdilər. Allah canlarını sağ eləsin, sənət yolları açıq olsun. Ardınca həyat yoldaşımla tanış oldum. Daha çox özəl həyatıma vaxt ayırdım. Yalnız dövlət tədbirlərində iştirak edirəm. Çünki Azərbaycan Respublikasının Əməkdar artisti adını doğrultmaq borcumdur. Dövlət tədbirlərində sevə-sevə iştirak etməliyəm. Yenidən qayıdaq bir əvvəl danışdığım məsələyə... Axı yaxşı bir söz yazmırlar. Necə özümə bu pis xəbərlərlə gündəm qazanmaq istəyərəm? Bəzi insanların da şərhləri xoşagəlməzdir. Hər kəs özünə, ailəsinə, əxlaqına yaraşanı yazır. Heç bir jurnalistden xahiş etməmişəm ki, məndən yazın. İnanın, zəngləri özüm cavablandırıram. Özüm də şirin dillə, xoş danışıram. Özümdən soruşun, rica edirəm ailəmə söz salmayın. Yanlış xəbərlər yaymayın. Mən də bir Azərbaycan qadınıyam. Əxlaqımda, tərbiyəmdə bir qüsur olmayıb. Kimsənin nəyinəsə göz dikməmişəm. Alnıaçıq, əxlaqımla, tərbiyəmlə bu günə çıxmışam. Bunu hər qadın deyə bilməz. Əsl Azərbaycan xanımlarının qarışısında baş əyirəm. Gözəl şərhlər də yazırlar. Allah pis yazanları çox xoşbəxt etsin, başları özlərinə qarışsın, yadlarına düşməyim".
Xanəndə son olaraq müğənni Rəqsanə İsmayılova ilə qalmaqalı barədə bu fikirləri səsləndirib:
"Heç kimlə qalmaqalım olmayıb. Sözümü birbaşa adı ilə hər kəsə demişəm. Ümumi fikir bildirdim. Kim özünü ortaya saldısa, öz işidir. Kiminləsə qalmaqal yaşamaq, söz atmaq fikrim yoxdur. Ümumi fikir söyləmişdim. Heç aidiyyəti olmayan insan özünü ortaya saldı. O da bir xanımdır, anadır, həyat yoldaşıdır. Kimsə ilə işim yoxdur, mədəniyyətim, sənətim buna icazə verməz, savadlı xanəndəyəm".