Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 23:20
Qəza namazı ilə əda (vaxtında qılınmış) namazı arasında qılınma forması baxımından heç bir fərq yoxdur. Hər hansı namaz əgər öz vaxt çərçivəsində qılınmırsa, vaxt bitdikdən sonra qəzaya getmiş sayılır və mütləq qəza edilməlidir. İstər insan ümumiyyətlə namaza başlamazdan əvvəl qılmadığı günlərin namazı olsun, istərsə də, namaz qıldığı dövrdə hər hansı səbəbdən qılmadığı bəzi namazlar olsun (həmçinin, oruclar da bura aiddir). Qəza namazını dərhal və tələsik yerinə yetirmək vacib deyil, bunun üçün vaxt məhdudiyyəti yoxdur. Amma yaxşı olar ki, insan öz ibadətlərinə məsuliyyətlə yanaşsın, əcəlin qəfil və gözlənilmədən gəldiyini nəzərə alsın. Qəza namazı da eynilə əda namazı kimi qılınır, təkcə namazın əvvəlində hansı namazı qəza qıldığını niyyət etməlidir. Qəza namazlarını günün istənilən vaxtında qılmaq olar. Əgər həm zöhr, həm də əsr namazları qəzaya gedibsə, birinci zöhr, sonra əsr namazı qəza edilməlidir (məğrib və işa namazları da bu qayda ilə). Bəzi müctəhidlər arasında fikir ayrılığını nəzərə alaraq yaxşı olar ki, qəza namazlarını qılan zaman ardıcıllığa riayət edilsin. Məsələn, srağagündən iki namaz, dünəndən bir namaz qəzaya gedibsə, yaxşı olar ki, əvvəlcə srağagünün namazları qəza edilsin, ardınca dünənin namazının qəzası qılınsın. Həmçinin, eyni günün bir neçə namazı qəzaya gedibsə, onları da ardıcıllıq üzrə qılması yaxşıdır. Məsələn, həm sübh, həm də zöhr namazı qəzaya gedibsə, məsləhətdir ki, əvvəlcə sübh, sonra zöhr namazını qəza etsin. Bu məsələlərdə təqlid etdiyi müctəhidin ardıcıllığı pozmağa icazə verdiyini dəqiq bilirsə, ardıcıllığı poza da bilər.