Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 14:16
Gələn il Rusiyadan Azərbaycana daha dörd yeni metro qatarı gətiriləcək.
Bunu Sonxeber.net-a açıqlmasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, həmin qatarların gətirilməsi gələn ilin yayın sonuna qədər başa çatdırılacaq və tənzimləmə-sınaq işlərindən sonra xəttə buraxılacaq.
"2019-cu ildə Rusiyanın "Metrovaqonmaş" müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən 3 il ərzində hər il metropolitenə 20 vaqon və ya 4 qatar tərkibi gətirilməsi nəzərdə tutulub.
Ötən illərdə sifariş vaxtında yerinə yetirilib. Gələn il də mütləq şəkildə 4 qatar gətiriləcək. Hazırda texniki şərtlərin hazırlanması istiqamətində işlər aparılır. Gələn ilin əvvəlindən bu şərtlər istehsalçı ilə müzakirə olunacaq və Bakı Metropoliteninin tələblərinə uyğun həmin qatarların istehsalına başlanılacaq", - B.Məmmədov deyib.
Metropoliten rəsmisi qeyd edib ki, Bakının özünəməxsus relyefi, coğrafiyası olduğundan qatarlarla bağlı xüsusi şərtlər var.
"Məsələn, kondisionerlərin quraşdırılması ilə bağlı bizim öz tələblərimiz olur. Vaqonların mühərriklərlə təmin olunması və digər məsələlərlə bağlı xüsusi şərtlərimiz var və bunlara əməl olunmalıdır. Çünki Bakı metrosu quruluş baxımından çox mürəkkəb olduğundan, bəzən də dünya standartlarından kənara çıxdığından şərtlərə əməl olunması çox vacibdir", - o bildirib.