Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 22:30
Qızıl yel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir.
Saglamolun.az bildirir ki, qızıl yel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər.
Qızıl yel əsasən yay və payız aylarında qeydə alınır. Qadınlar bu xəstəliyə daha tez-tez tutulur.
Xəstəliyin simptomları:
- yüksək hərarət (39-400 C kimi). Hərarət qəflətən qalxır.
- intoksikasiya simptomları (baş ağrıları, əzələ ağrıları, halsızlıq, ürəkbulanması, qusma)
- zədələnmiş sahəyə yaxın yerləşən limfatik düyünlərin böyüməsi
- zədələnmiş dəridə əvvəl qaşınma, yanma hissi yaranır, daha sonra ağrı, qızartı, ödem əmələ gəlir, yerli hərarət artır (dəri isti olur). Bir neçə saatdan sonra bu sahə al-qırmızı rəng alır, sahənin kənarları aydın və nahamar ("dişlər" formasında) olur. Dəridə qanlı və irinli qabarlar əmələ gələ bilər.
Streptokokk çox yayılmış mikrobdur. Bir çox insanlar bu mikrobun daşıyıcısıdırlar. Lakin qızılyel xəstəliyi hamıda inkişaf etmir. Bunun üçün "əlverişli" şərait lazımdır - insanın immun sisteminin zəifləməsi. Xəstəlik yalnız immun sistemi zəif olan insanlarda inkişaf edir. Güclü immun sistemi streptokokkla mübarizə aparır və xəstəlik inkişaf etmir. Bu səbəbdən xəstəlik əksər hallarda yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda, hamilə qadınlarda və uzun müddət ərzində hər hansı xroniki xəstəlikdən əziyyət çəkən insanlarda inkişaf edir.
Xəstəliyin risk faktorları:
- dərinin tamlığının pozulması (göbələk xəstəliyi, travma (hətta mikrotravma), sürtünmə və s. nəticəsində)
- xroniki venoz çatışmazlığı
- şəkərli diabet (bu xəstəlik zamanı toxumaların qidalanması pozulur).
Qızıl yel əsasən ayaqlar, qollar, üz, baş dərisində, nadir hallarda süd vəziləri, aralıq nahiyəsində inkişaf edir. Vaxtında başlanmış müalicə xəstənin tam sağalması ilə nəticələnir. Lakin bunun üçün xəstəliyi düzgün və vaxtında müalicə etmək lazımdır. Xəstəlikdən sonra immunitet yaranmır və xəstəlik yenə də qayıda bilər.
Xəstəliyin ilk simptomlarında infeksionist həkiminə müraciət etmək lazımdır. Əks halda xəstəlik ağır fəsadlar verə bilər (dərinin irinli iltihabları, yaralar, imfatik damarların iltihabları, "fil xəstəliyi" və s.). İmmun sistemi çox zəif olan insanlarda, yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda qızılyel fonunda hətta sepsis, toksiki şok və s. ağır fəsadlar inkişaf edə bilər.
Müalicə zamanı antibiotiklərdən (eritromisin, doksisiklin, azitromisin, penisillin törəmələri və s.) istifadə olunur. Xəstəlik əksər hallarda ev şəraitində müalicə olunur, ağır vəziyyətlərdə xəstə stasionarda müalicə alır. Dəridə olan ləkələr təxminən 15 gün ərzində yox olur. Ləkələrin yerində piqment ləkələr qalır və sonra bu ləkələr də tədricən yox olur.