Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Okeanın o tayında "demokratiya oyunu": Avtoritar rejim sammitə dəvət aldı

Okeanın o tayında

Tarix: 9 Dekabr 2021 16:48

Bu gün ABŞ-ın təşəbbüsü ilə Nikol Paşinyanın başçılıq etdiyi KTMT üzvü Ermənistanın iştirak edəcəyi Demokratiya Sammiti işinə başlayır. Bu sammitin qərəzli olaraq dünya dövlətlərini demokratik və qeyri-demokratik qütblərə ayırmaq və siyasi təzyiqi artırmaq məqsədi daşıdığı heç kimdə şübhə doğurmur. ABŞ tərəfindən dəvət alınan ölkələrin siyahısına diqqət yetirdikdə bunu açıq-aydın müşahidə etmək mümkündür.

Ziddiyətli sammitdə dünyada 100 demokratik dövlətin olmaması rəqəmlərdə əksini tapır. BMT-nin 200 üzvü olduğu halda demokratiya sammitinə onun yarısının dəvət alması ABŞ-ın sadəcə hansısa qütbə demokratiya alyansı formatında süni əzələ nümayişidir. Ermənistan, Konqo, Zambiya və İraq kimi dövlətlərin burda iştiraka dəvət alması sammitin qeyri-ciddiliyini təsdiq edir. 

Ermənistan parlamentində deputatların şillə-təpik davası

Ermənistandakı vəziyyət hər kəsə bəllidir. Bu ölkə "Freedom House" beynəlxalq təşkilatının hesablamalarına görə demokratiya şkalası üzrə 100 mümkün baldan 30 bal alıb və yarı konseldasiya olunmuş avtoritar rejim hesab edilir. Son 2 ildə Ermənistandakı avtoritar, diktatura rejimi müşahidə etmək üçün internetdə kiçik bir axtarış aparmaq da kifayət edir ki, bu ölkəni idarə edən rejim barədə, onun daxilində gedən çirkin oyunlar haqda məlumatlı olasan. Ancaq hansısa səbəb(lər) dən bu ölkə sammitə dəvət olunub. Belə Qərbin və Vaşinqtonun "demokratiya oyunu" tam çılpaqlığı ilə ifşa vəziyyətindədir. 

Belə ki, Amerikanın Əfqanıstandan çıxması və ölkə zor gücü ilə Taliblərin hakimiyyətə gəlməsi rəsmi Vaşinqtonun demokratiya adı altında apardığı siyasətə ümumiyyətlə sammitin demokratik dəyərlər məqsədilə çağırılmasını növbəti dəfə şübhə altına salır. Tarix təsdiq edir ki, ABŞ demokratiyasının təməlində işğalçılıq durur. Orta Şərq regionunun bu gün viran qalmasının əsas səbəbi elə ABŞ demokratiyasına inanmaq olub. Bu region illər keçməsinə baxmayaraq, hələ də xaos və vətəndaş qarşıdurmasından xilas ola bilmir. Bu səbəbdən də ayrı-ayrı dövlətlərin demokratiya meyyarlarını ölçmək istəyi çox gülünc görünür. Görünən isə ondan ibarətdir ki, ABŞ beynəlxalq məsələlərdə yeni bölücü xəttlərin yaradılması niyyətindədir.

Ermənistanın müharibə zamanı (Bərdə) dinc əhalini hədəf alması

Ağ Evin 30 il hərbi cinayətlər törədən, əlləri minlərlə günahsız insanların qanına bulaşan, bu gün isə öz xalqına divan tutan Ermənistanı tədbirə dəvət etməsinin təbii ki, heç də bu ölkədəki liberal abu-hava ilə bir əlaqəsi yoxdur. Soros tərəfindən hakimiyyətə gətirilən Nikol Paşinyanı Ermənistanda Rusiyaya qarşı etirazların gücləndiyi bir zamanda sammitə dəvət edən Vaşinqtonun, bununla da erməni cəmiyyətini rəsmi Moskvanın orbitindən bir qədər də uzaqlaşdırmaq niyyəti güddüyü açıq-aydın hiss olunur. 

Təbii ki, okeanın o tayında qurulan bu "demokratiya oyunu" rəsmi Bakını narahat etmir. Çünki demokratik dəyərələrin məhz "demokratiyanın beşiyi" sayılan ölkələrdə böhran keçirməsi fonunda Azərbaycanda multikulturalizmin ənənəvi dövlət siyasəti olmasının, Bakının Şərqlə Qərb arasında, habelə Qoşulmama Hərəkatı ölkələri üçün əlverişli fikir mübadiləsi platformasına çevrilməsinin bütün dünya şahidi oldu. Azərbaycan "demokratiya sammiti"nə niyə dəvət edilməməsi ilə bağlı səslənən suallar ritorik məna daşıması da anlaşılandır. Çünki terrorist dövlət olan və 30 il müddətində Azərbaycan xalqına qarşı dövlət səviyyəsində hər cür təxribatlar həyata keçirən, hələ dünənə qədər işğalçı olan Ermənistanın demokratiya sammitinə dəvət edilməsi kontekstində bu "yığıncaq" daha çox etnik seperatizmin və terrorun təşviq edilməsi sammiti kimi xarakterizə oluna bilər ki, Azərbaycan da hər zaman öz daxili və xarici siyasətində buna qarşı açıq şəkildə əks mövqe nümayiş etdirməyi bacaran nadir ölkələrdəndir.

Bu "Demokratiya sammiti" ikili standartların bariz nümunəsidir. Ermənistan kimi terroru açıq şəkildə dəstəkləyən ölkəni "sammitə" dəvət edib, Azərbaycanı, Türkiyəni, Macarstanı kənarda qoymaq bu "sammit"in sadəcə bir təzyiq vasitəsi olduğunu göstərir. Demokratiya Sammitinə ABŞ-a rəqib olan qlobal və regional güc mərkəzlərinin dəvət olunmaması Birləşmiş Ştatların demokratiya faktorundan öz siyasi məqsədləri üçün istifadəsinin növbəti təsdiqidir. ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da virtual keçiriləcək Demokratiya Sammitində iştirak edəcək ölkələrin siyahısında Çin və Rusiya ilə yanaşı nə Türkiyənin, nə də heç bir türkdilli dövlətin, habelə müsəlman ölkələrinin böyük əksəriyyətinin adının yer almaması Vaşinqtonun yeni hakimiyyətinin bölücü siyasətini göstərir. 

İlk dəfə keçirilən bu sammit dünyada yeni qütbləşmənin başlanğıcını qoyacaq. Dünyanın bəzi aparıcı dövlətlərinin iştirak edəcəyi bu tədbirə nəinki Azərbaycan, yeni yaranmış Türk Dövlətlər Birliyinin heç bir üzvü də dəvət olunmayıb. Əvəzində 44 günlük Vətən Müharibəsindəki Qələbəmizi həzm edə bilməyən bütün dövlətlər orada toplaşacaq. 

Ümumiyyətlə, ABŞ-ın demokratiya ilə bağlı qlobal təşəbbüs irəli sürməsi özü-özlüyündə gülünc və absurd bir məsələdir. Sanki ABŞ özünü dünyada demokratiyanın himayədarı kimi göstərmək istəyir. Guya dünyada məhz ABŞ demokratiyanın keşiyini çəkir. Halbuki, sonuncu prezident seçkilərində Co Baydenin hansı yollarla Trampı üstələdiyinin şahidi olduq. Hələ də ictimai rəy sorğusunda amerikanlar Co Baydenin yox, Trampın seçilməli olduğu qeyd edirlər. Hələ də Donald Tramp öz çıxışlarında Baydenin nəticələrini tanımadığını bildirir. Budur demokratiya?!

Təəssüf ki, faktlar təsdiq edir ki, öz sərhədlərindən kənarda demokratiya axtaran Ağ Evin siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. Xüsusilə də, hər prezident seçkiləri zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar siyasi ekspertlər, hüquqşünaslar tərəfindən xüsusi müzakirə predmetinə çevrilir. Bu ölkədə mövcud seçki qanunvericiliyi, seçkilərin keçirilmə üsul və formaları, eləcə də bir sıra prosedurlar ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bir neçə il öncə ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair hesabatında seçkilərdə çoxsaylı nöqsanların və çatışmazlıqların olduğunu bəyan etməsi, əslində, seçki sisteminin qüsurlarını ortaya qoymuşdu. Bəli, fakt faktlığında qalır ki, Co Baydenin "Demokratiya sammiti" onun hikkəsindən başqa bir şey deyil. 

O ki qaldı Azərbaycana, bu gün Azərbaycanda həyata keçirilən islahatlar, layihələr bütün hallarda demokratik prinsiplər əsasında formalaşır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdi ki, ölkənin tutduğu yol, həyata keçirilən islahatlar xalqın iradəsini əks etdirir. Ona görə də heç kəs bizə hansısa məsələdə irad tuta bilməz. Xüsusən də demokratiya ilə bağlı.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Okeanın o tayında demokratiya oyunu Avtoritar rejim sammitə dəvət aldı


RƏYLƏR