Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qohumu Aybənizi xüsusi qəddarlıqla öldürdü, sonra gedib 18 şüşə “Xırdalan” içdi...

Qohumu Aybənizi xüsusi qəddarlıqla öldürdü, sonra gedib 18 şüşə “Xırdalan” içdi...

Tarix: 11 Dekabr 2021 20:16

Qohumunu qəddarcasına öldürməkdə ittiham olunan Şəmkir rayon sakini 42 yaşlı Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi bu il aprelin 4-dən 5-ə keçən gecə Şəmkir rayonunun İrmaşlı kəndində baş verib.

Sərxoş vəziyyətdə həmkəndlisi və yaxın qohumu Aybəniz Alıyevanın evinə gələn Rəşad Tağıyev 55 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirdikdən sonra meyitin üzərindəki qızıl-zinət əşyalarını ələ keçirib. Cinayətin izini itirmək üçün döşəmədəki qan ləkələrini yuyub təmizləyib, Aybənizə məxsus mobil telefonu gölə, cinayət zamanı istifadə etdiyi bıçağı, telefon şnurunu və fəhlə əlcəklərini isə əmisinin həyətindəki köhnə ayaqyoluna atıb. Ertəsi gün mərhuma məxsus qızılları rayon mərkəzindəki lombardda satıb, pulun bir qisminə Şəmkir bazarından özünə pal-paltar alıb.

Məhkəmə prosesində Rəşad Tağıyev ifadə verməkdən imtina edib. Onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib. İstintaq zamanı elan olunmuş ittihamla özünü qismən təqsirli bilən R.Tağlıyev qohumu Aybənizlə əvvəllər aralarında narazılıq, düşmənçilik olmadığını deyib. İfadəsindən belə məlum ki, hadisə baş verən gün xurma bağında işləməyə gedib. İşlərini bitirdikdən sonra kənddəki "Kəmər Qaya" kafesində yeyib-içib. Gecə saatlarında kafedən çıxıb evə qayıdarkən yolunu qohumu Aybənizin evindən salıb. Həyətin darvazasını döymədən hasardan aşaraq həyətə keçib.

İrmaşlı kəndi

"Aybənizin qulağı ağır eşidirdi. Qapını döyməyib içəri girdim.  Salamlaşıb özümə çay süzüb oturdum. Dedim ki, Aybəniz, tikanlı kolu hasarın çöl tərəfinə yığmısan, camaatın gediş-gəlişinə mane olur. Bunu deyən kimi məni nalayiq sözlərlə söyüb təhqir etməyə başladı"- R.Tağıyev ifadəsində belə göstərib.

R.Tağıyevin versiyasına inansaq, qohumunun onu təhqir etməsinə görə aralarında mübahisə yaranıb. Bu səbəbdən də  qohumunu öldürmək qərarına gəlib. Xurma bağında işləmək üçün cibində gəzdirdiyi fəhlə əlcəklərini əlinə geyərək arxadan Aybənizə yaxınlaşıb. Əvvəlcə tefelonun şnurunu  qadının boğazına dolayaraq var gücü ilə sıxıb. Aybəniz müqavimət göstərərək şnuru boğazından çıxarmağa cəhd edib. Bu zaman Rəşad "pol taxtası"nı qadının boğazına dirəyərək boğmağa davam edib. Aybənizi öldürməyə gücü çatmadığını görüncə isə bıçağa əl atmalı olub. Masadan götürdüyü bıçağı qadının ürəyinə saplayıb. Aybənizin öldüyünə əmin olduqdan sonra onun boyun-boğazına "əl gəzdirib".

Boynundakı qızıl sepi, qulağındakı sırğaları, barmağındakı üzükləri çıxarıb. Cinayətin izini itirmək üçün yerdəki qan ləkələrini silib təmizləyib. Hətta barmağının izi qalmasın deyə çay içdiyi termosun qulpunu da əski ilə silib. Sonra əskini, tiyəsi qırılmış bıçağı, telefon şnurunu, Aybənizə məxsus köhnə mobil telefonu götürərək hadisə yerini tərk edib. Yolda telefonu gölə, şnuru, əlcəyi və əskini isə Rusiyada yaşayan əmisinin həyətindəki köhnə ayaqyoluna atıb.

"Paltarlarımda qan ləkələri vardı deyə ertəsi gün özümə bazardan təzə şalvar, köynək və "krassovka" aldım. Köhnə paltarlarımı torbaya yığıb özümlə "Kifayətin yeməkxanası"na gətirdim. Donuz kababı sifariş verdim. Günortayacan yeməkxanada oturdum. 18 şüşə "Xırdalan" pivəsi içdim. Arvadım zəng vurub Aybənizin evdə ölü tapıldığını dedi, gəlib-gəlməyəcəyimi soruşdu. Dedim, içkiliyəm, gələ bilməyəcəyəm. Bir qədər sonra tanımadığım nömrədən zəng gəldi. Zəng vuran şəxs polis əməkdaşı olduğunu dedi və təcili polis şöbəsinə gəlməyimi bildirdi. Polis şöbəsinə gedib törətdiyim əməli etiraf etdim. Əməlimdən peşmanam", - qatil ifadəsində belə deyir.

Zərərçəkmişin hüquqi varisi Türkan Əliyeva ifadəsində  bildirib ki, 2016-cı ildə həmkəndlisi ilə ailə həyatı qurub Rusiyaya köçüb, cəmi iki il sonra əri Rusiyada həbs olunduğundan kəndə geri qayıdıb. "Anam çox mülayim adam idi, mehribandı, heç kimlə işi olmazdı. Atam 2001-ci ildə Rusiyada həbs olunandan sonra anam ata evinə köçüb orada yaşayırdı. Rayonda işlədiyimə görə qohumlarımgildə qalırdım. Anamı son dəfə mart ayının axırında bacımla birgə rayona - mənim yanıma gələndə görmüşdüm. Həmin vaxt bacım yanımda qaldı, anam isə kəndə qayıtdı", - o deyir.

T.Əliyeva bildirir ki, aprelin 5-də qonşuları ona zəng vurub anasının yıxıldığını deyiblər: "Dərhal bacımla birgə kəndə gəldik. Evə çatanda anamın vəfat etdiyini öyrəndik. Həyətdə polis əməkdaşları vardı. Meyiti müayinə olunmaq üçün morqa apardılar. Anam üzərində qır-qızıl gəzdirməyi xoşlayardı. Amma meyitə baxanda gördüm ki, qızıllar üstündə yoxdur. Anamı qızıllara görə öldürdüklərini başa düşdüm. Evə baxanda stolun üstündə qəndqabı gördüm. Anam heç vaxt qəndlə çay içməzdi. Hadisəni evə gəlib-gedən Rəşadın törətdiyini fikirləşdim. Bu barədə polislərə də dedim. Polislər Rəşadı dindirəndə cinayəti etiraf etdi. Rəşad Ukraynada yaşayan qardaşının yanına getmək istəyirdi. Lakin pul tapıb bilet ala bilmirdi.  Yəqin cinayəti də buna görə törədib. Ona ağır cəza verilməsini tələb edirəm".

Məhkəmənin hökmü ilə Rəşad Tağıyev  cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Etiketlər:  Qohumu Aybənizi xüsusi qəddarlıqla öldürdü sonra gedib 18 şüşə Xırdalan içdi


RƏYLƏR