Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

17 yaşına qədər 18 azyaşlını zorlayıb öldürən manyak - O, edam olunmayacağına əmin imiş

17 yaşına qədər 18 azyaşlını zorlayıb öldürən manyak - O, edam olunmayacağına əmin imiş

Tarix: 13 Dekabr 2021 12:20

Sverdlovsk vilayət partiya komitəsinin orqanı olan "Uralski raboçi" qəzetinin 18 noyabr 1939-cu il tarixli sayında dərc olunan məktub-müraciət yerli sakinlər arasında böyük marağa və həyəcana səbəb olub.

Milli.Az Musavat.com-da dərc olunan məqaləni dərd edir. Məktub vilayət məhkəməsinin və hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanlanıb. Müraciəti Sverdlovsk şəhər sakinləri, rəsmi nikahda olan Vinniçevskilər cütlüyü yazıb. Onlar məhkəmədən öz övladları Vladimir Vinniçevskiyə güllələnmə hökmü çıxarmağı xahiş ediblər: "Biz valideynlər sizdən xahiş və tələb edirik ki, oğlumuz Vladimir Vinniçevski haqqında ən ağır hökmü, güllələnmə hökmünü çıxarasınız. Sovet ailəsində bu cür yaramaz, əclaf, cani bir uşaq böyüyə bilməz..."
 Adətən çox vaxt məhkəməyə düşən övladları üçün valideynlər əfv diləyirlər. Bu hadisədə isə hər şey əksinə olub.
 

Ata və ananı bu addımı atmağa nə vadar edib?

Hər şey 1938-ci ilin payız aylarından başlanıb. Bir il ərzində Sverdlovskda bir-birinin ardınca 2-4 yaşlı 18 uşağa təcavüz edilib. Onlardan səkkiz nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, digərləri vaxtında aşkar olunaraq həkimlərin səyi nəticəsində yenidən həyata qayıdıblar.

Sverdlovsk vilayət və şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti isti izlərlə aça bilməyiblər. Könüllü drujina dəstələri, Sverdlovsk milis məktəbinin kursantları, həmçinin fəal komsomolçular da bu işə cəlb edilib. Hüquqşünaslar araşdırma zamanı belə qənaətə gəliblər ki, cinayəti tərədən son dərəcə peşəkardır. Həqiqətən də, cinayət izlərində böyük peşəkarlıq hiss olunub. Belə ki, qətlə yetrilmiş uşaqlar başqa bir məkanda, onlara məxsus paltarlar tam fərqli bir istiqamətdə, şəxsi əşyaları - oyuncaqları isə başqa bir yerdə aşkar olunub. Hədəflər təxminən eyni yaşda olan, 2-4 yaşı qız uşaqları olublar. Uşaqlar həyət və bağçalardan çox böyük ustalıqla qaçırılıblar. Heç bir səs-küy, qışqırmaq, ağlamaq, zopakılıq ətrafdakılar tərəfindən müşahidə olunmayıb. Hadisələrin hamısı isə şəhər ətrafındakı meşə massivində baş verib.

Bir illik gərgin axtarışlar, əməliyyat tədbirləri nəticəsində, nəhayət, cinayətkar Sverdlovsk milis məktəbinin üç kursantı tərəfindən ələ keçiirilib. 1939-cu ilin oktyabrın 24-də Popov, Angelov və Krılov şəhərin Uralmaş rayonunda tramvay dayanacağının ərazisində patrul növbəsində olanda tramvaydan düşən yeniyetmə onların diqqətini cəlb edib. Həyəcanlı görünən yeniyetmə tramvaydan düşən kimi qucağında olan körpəni paltosunun altında gizlədərək meşə massivinə tərəf üz tutub. Axşam saatları olduğundan o, kursantları görməyib. 50-60 metr yoldan uzaqlaşanda kursantlar onu tutaraq milis şöbəsinə aparıblar. İlkin baxış zamanı uşağın boyun nahiyəsində bıçaq zədəsi aşkar olunub. Saxlanılan şəxsin kimliyi müəyyənləşdirilib. Bu, Sverdlovsk şəhər sakini, 16 yaşlı 8-ci sinif şagirdi Vladimir Vinniçevski olub.

Vinniçevski istintaqın işini çox da çətinliyə salmayıb. O, törətdiyi bütün cinayət əməllərini könüllü etiraf edib.

Vladimir Vinniçevski 1923-cü ildə Sverdlovsk şəhərində anadan olub. Atası şəhər kommunal təsərrüfatında mühəndis, anası mühasib işləyib. Ailə şəhərin mərkəzində həyət evinə sahib olub. Vladimir Vinniçevski heç vaxt ehtiyac içində yaşamayıb, əksinə, bir çox həmyaşadlarından fərqli olaraq o, daha yaxşı geyinib, qidalanmasına və sağlamlığına həmişə diqqət yetirilib.

Məktəbdə Vladimir Vinniçevski sakit bir şagird kimi tanınıb. Dərslərindən yüksək qiymətlər almasa da, müəllimləri onun davranışından heç vaxt şikayətlənməyiblər. Vinniçevcki daha çox musiqi ilə maraqlanıb, pianoda ifa etməyi bacarıb. Məktəb yoldaşları ilə ünsiyyətdə olmağı çox da xoşlamayan Vinniçevcki vaxtının əsas hissəsini təklikdə keçirib.

Vinniçevski yeddinci sinifdə komsomola keçib və məktəbin ictimai işlərində fəallıq göstərib. Xüsusilə metal yığımında o, daha fəal olub. Amma onun bu fəallığı heç də yığdığı metalla dövlətə xeyir vermək yox, tamam başqa bir məqsəd daşıyıb. Belə ki, metal toplamaq adı ilə evləri gəzən məktəbli "hədəf"ini məhz bu vasitə ilə axtarıb, hansı evdə uşaq olduğunu, valideynlərin nə vaxt evdə olmadığını, uşaqların həyətdə və bağçada oynadıqları vaxtı Vinniçevski bu yolla müəyyənləşdirib. Xarici görnüşündən, səliqəli geyimindən, mədəni davranışından ağıllı və tərbiyəli məktəbli təəssüratı yaradan Vinniçevskidən heç kim şübhələnməyib.

Beləliklə, məktəbli manyak birinci qurbanını 1938-ci ilin payızında ələ keçirib. İkimərtəbəli yaşayış binasının qarşısında o, dörd yaşlı qız uşağı ilə mehriban ünsiyyət yaradıb, ona konfet verib, binanın arxa tərəfində olan iki ağac arasında düzəldilmiş yelləncəkdə onu əyləndirib. Və elə yelləncəkdən də onu dilə tutaraq yaşadığı binanın ərazisindən uzaqlaşdırıb, çox da uzaqda olmayan meşəyə aparıb. Vinniçevski əvvəlcə onu evdən götürdüyü çörək bıçağı ilə boğaz nahiyəsindən yaralayıb. Həmin bıçaq evdə istifadə olunmayıb. Sonra qızı soyunduraraq onu cinsi təcavüzə məruz qoyub. Daha sonra bıçaqla ona bir neçə zərbə endirirək öldürüb. Vinniçevski ilk qurbanının paltarlarını götürərək şəhərin tamam əks istiqamətində yerləşən məktəbin həyətinə atıb, qızın əlində oynatdığı gəlinciyi isə şəhər avtovağzalının kassalarının qarşısına qoyub. Bu istintaqı kifayət qədər çətinliyə salıb. Belə düşünülüb ki, cinayət məktəbin ərazisində baş verib, qatil isə sonradan avtovağzaldan başqa şəhərə gedib.

Bu minvalla Vinniçevski bir il ərzində 18 nəfər uşağa təcavüz edib.

Yuxarıda qeyd etdiyimiz kimi, qatil kursantlar tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verildikdən sonra istintaq başlanıb. Müəyyən edilib ki, Vinniçevskinin cinayətləri qarət və soyğunçuluqla bağlı olmayıb. Səbəbini özündən soruşanda isə, bildirib ki, sadəcə bu işi görməkdən o, zövq alıb.

"Ağıılı" məktəbli məhkəmədə onu da bildirib ki, törətdiyi cinayətə görə onu ağır cəza gözləmir, həddi-büluğa çatmadığına görə ona ən ağır hökmü çıxara bilməzlər. Hakim ona xatırladanda ki, 1935-ci ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi 12 yaşdan yuxarı olanlara ən ağır cəzanın, güllələnmə cəzasının verilməsi haqqında qərar qəbul edib, Vinniçevski hönkürtüsünü saxlaya bilməyib.

5 avqust 1940-cı ildə Sverdlovsk şəhər məhkəməsi Vinniçevski haqqında ölüm hökmü (güllələnməklə) çıxarıb. 17 yaşlı qatil əfv olunması ilə bağlı yuxarı instansiyalara müraciət edib. Vinniçevcki bir daha cinayət törətməyəciyini, tankçı olmaq arzusunda olduğunu və hərbi xidmətə getmək istədiyini bildirib.

Müvafiq qurumlar onun müraciətinə müsbət cavab verməyiblər. 11 noyabr 1940-cı ildə hökm icra olunub.

Milli.Az


Etiketlər:  17 yaşına qədər 18 azyaşlını zorlayıb öldürən manyak O edam olunmayacağına əmin imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ