Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mənə elə gəlir ki, bir Nəsibə Zeynalova yetişməkdədir'' - Xalq artistindən qızı ilə bağlı iddia

''Mənə elə gəlir ki, bir Nəsibə Zeynalova yetişməkdədir'' - Xalq artistindən qızı ilə bağlı iddia

Tarix: 13 Dekabr 2021 15:55

Sonxeber.net xəbər verir ki, Xalq artisti Fatma Mahmudova moderator.az-ın suallarını cavablandırıb.
 
- Fatma xanım, hal-hazırda teatrda hansı tamaşalarla sevənlərinizin qarşısına çıxırsınız?
 
- Bu günlərdə "5 manatlıq gəlin" tamaşasının premyerası olacaq. Hal-hazırda bu tamaşanın məşqi gedir. Mən də xalq artisti İlham Namiq Kamalla tamaşada baş rollarda oynayıram.
 
- İki illik fasilədən sonra səhnə sizi necə qarşıladı?
 
- Səhnə bizim üçün həyatdır, nəfəsdir. Arzu edirəm ki, sənətçilərimiz hər zaman səhnədə olsunlar, səhnədən ayrılmasınlar. Bizsiz səhnənin heç bir mənası yoxdur. Səhnə bizim yurdumuz-yuvamızdır. Mən həm də deyirəm ki, səhnə mənim vətənimdir.
 
- Nə vaxtsa səhnədən ayrılmaq istəmisiniz?
 
- Nə qədər problemlərim olub, səhhətim yaxşı olmayıb, amma yenə də səhnədən ayrı düşməmişəm. Ayağımdan böyük əməliyyat keçirməyimə baxmayaraq, gibslə də olsa, səhnəyə çıxmışam. Ayağım gibsdə həm seriala çəkilmişəm, həm də tamaşada oynamışam. O qədər böyük ağrı çəkmişəm ki.
 
- Fədakar insansınız. Gənclərdə də bunu görürsünüz?
 
- Mən başqa teatrlardan danışa bilmərəm, çünki onlara bələd deyiləm. Amma bizim teatrımızda istedadlı gənclər var. Teatrımıza gənclərimiz böyük axın edir. Təbii ki, bütün bunlar direktorumuz Əliqismət Lalayev gələndən sonra oldu. Biz gənclərin əhatəsində oynayırıq, gənclər də bizim.

- Bəzən böyük sənətkarlar gəncləri qısqanırlar.
 
- Mən heç vaxt gəncləri qısqanmamışam, amma düz deyirsiniz. Gənclər bizim gələcəyimizdir. Qoy səhnədə bu gün Nəsibə Zeynalovalar, Lütfəli Abdullayevlər, Hökümə Qurbanovalar, Ələsgər Ələkbərovlar yetişsinlər.
 
- Yetişə bilərlər?
 
- Əlbəttə, yetişə bilərlər. Nəsibə Zeynalova olmasa da, ən azından davamçısı yetişə bilər. Mən həqiqətən də fəxr edirəm ki, səhnədə Nəsibə Zeynalovanı, Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu görüb, onlarla söhbət etmişəm. O cür böyük sənətkarlarla söhbətin də sənətə böyük təsiri var.
 
- Qızınız Nigarı aktrisa kimi çox sevirsiniz, yoxsa müğənni kimi?
 
- Hər ikisində. Mənə elə gəlir ki, bir Nəsibə Zeynalova yetişməkdədir. Bu sözü mən cəsarətlə deyirəm. Demirəm Nəsibə Zeynalova olacaq, Nigarın başqa bir istedadı var. Mənim kurs rəhbərim Ədil İsgəndərov olub. O hər zaman deyirdi ki, aktrisa həm oxumalı, həm rəqs etməli, həm də avtomobil sürməyi bacarmalıdır. Görürəm ki, Nigar maşallah, həm aktrisa kimi, həm də müğənni kimi istedadlıdır. Bu günlərdə tamaşaçılar Nigarı "Uçurum" serialında da görə biləcəklər. Rejissorlar Nigardan düzgün istifadə etsə, özünəməxsus rollar oynasa o elə birincilərin birincisi kimi yetişəcək.
 
- Ağdama hələ də gedə bilməmisiniz. Buna səbəb nədir?
 
- Mən hələ ki, gözləyirəm. Hələ bir az da gözləyəcəm. O vaxt mən Ağdam teatrında səhnəyə çıxanda orta məktəb şagirdi idim, qız-gəlin teatra getmirdi. O teatrın pərdələri mənimlə açılıb. Ağdam tək musiqiçilərdən ibarət deyil. Mən bilirəm ki, bu sözümə görə özümə düşmən qazanıram, amma Ağdamın görkəmli teatr xadimləri də var. Mən bir aktrisa kimi Ağdamın simvoluyam. Amma yaddan çıxıb qalmışam kənarda, səbəbini hələ də tapa bilmirəm. 
 
- Ağdama getmək üçün müraciət etmisiniz?

 
- Niyə müraciət etməliyəm ki?! İynəyəm ki, məni axtarıb tapmayıblar?! Otun içinə düşməmişəm ki, məni tapa bilməsinlər. Kimdir mənim Ağdama getməyimə mane olan?! Bax, bunu axtarıram mən. Yeni Azərbaycan Partiyası yaranandan oranın üzvüyəm. Hər zaman dövlətimizə, dövlətçilik ənənələrimizə sadiq biriyəm. 1969-ci ildən 1998-ci ilə qədər döyüş bölgələrində, səngərlərdə, əsgərlərimizin qarşısında çıxış etmişəm, canımı qoymuşam. Əsgərlərimizə gülüş bəxş etmişəm. Ordu qarşısında çıxış edən sənətkarlardanam, bəs niyə yaddan çıxıram?! Mən də istəyirəm prezidentimi yaxından görüm, onun dəmir yumruğundan öpüm. Prezidentimi o qədər çox sevirəm ki, onun adına "Ali Baş Komandan" mahnısı bəstələtdirmişəm, qızım Nigar da ifa edir. Niyə prezidentimin yanında dayanıb ona xoş sözlərimi deməməliyəm?! Öləndən sonra məni ora aparacaqlar?! Sağ ikən gedə bilmərəm? Ağdam teatrının sütunlarına, xaraba qalmış evimə televizordan baxa-baxa qalmışam. Evim teatrla üzbəüz idi.


Etiketlər:  Mənə elə gəlir Nəsibə Zeynalova yetişməkdədir Xalq artistindən qızı ilə bağlı iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ