Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR

Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR

Tarix: 14 Dekabr 2021 17:12

Sonxeber.net modern.az-a istinadən Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də "Unudulan deputatlar" adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Nazim İmanovdur.

Nazim İmanovun adı zamanında mətbuatda tez-tez hallanırdı. Köhnə jurnalistlər bunu yaxşı xatırlayarlar. Mətbuat onun həm politoloq, həm də iqtisadçı kimi maraqlı fikirlərini təqdim etməyə öyrəşmişdi. Söhbət 90-cı illərin sonlarından ta 2005-ci ilə kimi olan dövrdən gedir. Onu əvvəllər İmanov, sonralar da Müzəffərli soyadları ilə tanımışıq. Yəqin ki, veteran parlament jurnalistlərinin yadında olar, Nazim müəllim Milli Məclisin ən aktiv deputatlarından biri idi. O, həm də mətbuata ən açıq parlamentarlardan sayılırdı.

Əslən Füzuli rayonundan olan Nazim Müzəffər oğlu  İmanov 1955-ci il iyunun 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Dövlət İqtisad Universiteti) Ümumiqtisad fakültəsini fərqlənmə diploma ilə bitirib.  
1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə İctimai Elmlər Akademiyasında (Moskvada) doktorluq dissertasiyaları müdafiə edib. 1992-ci ildən professordur. 1994-cü ildən isə Beynəlxalq Energetika Akademiyasının akademikidir. Rus və ingilis dillərini bilir.

N.İmanov Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi (1977-1979), Dövlət İqtisad Universitetində müəllim (1982-1986), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent (1986-1991), Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor, Elmi işlər üzrə prorektor (1991-1995) vəzifələrində çalışıb. Bir sıra şirkətlərdə məsləhətçi (2000-2003), Avropa İttifaqının eksperti (2003-2005), "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru (2005-2015), Azərbaycan Banklar Assosiasiyasında müşavir (2007-2014) kimi fəaliyyət göstərib. 100-dən artıq elmi əsərin müəllifidir.

Nazim İmanov I çağırış Milli Məclisin üzvü olub. O, 1995-ci il noyabrın 12-də Azərbaycan Milli İstiqlal Partiyasının proporsional siyahısı üzrə deputat seçilmişdi. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvü olan Nazim İmanov iqtisadşı kimi bir sıra qanunların qəbuluna töhfə verib. Bəzi qanunlar onun irəli sürdüyü təkliflər əsasında təkmilləşdirilmişdi.

Nazim İmanov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaradıcılarından biridir.
O, uzun müddət Azərbaycan AMİP sıralarında fəaliyyət göstərib, qurumun rəhbərlərindən olub.

Bir zamanlar ən təşkilatlanmış və hakimiyyət uğrunda mübarizənin ən önündə gedən AMİP indi siyasi arenada sıradan bir təşkilata çevrilib.

Vaxtilə AMİP-in adı çəkiləndə göz önünə ilk gələn simalar sədr Etibar Məmmədov və sədr müavini Nazim İmanov olurdu.

Qeyd edək ki, AXC hakimiyyəti zamanı ana müxalifət sayılan AMİP-in 1993-cü ilin iyun hadisələrindən sonra hakimiyyətdə təmsil olunmaq şansı vardı. O vaxt

Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyevin AMİP sədri Etibar Məmmədova yeni qurulacaq hakimiyyətdə təmsil olunmaq üçün vəzifə təklif etdiyini, lakin ikincinin bunun üçün müəyyən şərtlər irəli sürdüyünü bildirməsi unudulmayıb. Milli istiqlalçıların Heydər Əliyevin komandasında təmsil olunmaq məsələsi o vaxt partiya daxilində ciddi müzakirəyə səbəb olmuşdu. Hətta bu məsələ ilə bağlı partiyanın o vaxtkı tanınmış simaları arasında fikir ayrılığı da yaranmışdı. Bir qrup AMİP-in hakimiyyətdə təmsil olunmasının lehinə, digər qrup isə qəti əleyhinə çıxmışdı. Deyilənə görə, Nazim İmanov da əleyhdarlar sırasındaymış... Elə o zamankı proseslərin gedişi AMİP-in parçalanması ilə nəticələndi...

1995-ci il parlament seçkilərində AMİP sədri Etibar Məmmədov və təşkilatdakı əsas simalar Nazim İmanovla Şadman Hüseyn deputat seçildi.

I çağırış Milli Məclisdə 3 deputatla təmsil olunan AMİP 2000-ci ilin parlament seçkilərində əvvəlki uğurunu təkrarlaya bilməyərək, sarsıdıcı zərbə aldı. Həmin seçkidə AMİP-in nə sədri, nə də digər tanınmış simaları parlamentə mandat qazana bildilər.

AMİP-in 2000-ci il seçkilərdəki fiaskosundan sonra bir sıra tanınmış simalar partiyadan üz döndərdilər.

Nazim İmanov AMİP-ci olmasına baxmayaraq, o zaman üçün bütün siyasi təşkilatlarda, eləcə də hakim Yeni Azərbaycan Partiyasında hörmət edilən siyasətçilərdən sayılırdı. Yəni onun fikrini hamı qəbul edirdi. Nazim İmanov hər zaman AMİP-in digər aparıcı müxalifət partiyaları ilə, xüsusən o zaman üçün prezidentliyə iki ən iddialı siyasətçi Etibar Məmmədovla Müsavat Partiyasının başqanı İsa Qəmbərin münasibətlərinin normallaşmasına, hətta bu iki liderin bir-birinə güzəştə getmələri yönündə çıxış yolları arayırdı.

O, AMİP-də 2004-cü ilə kimi duruş gətirdi...

2003-cü ildə AMİP-in uzun illər sədri olmuş Etibar Məmmədov prezident seçkilərində uğursuzluğa düçar oldu. Və AMİP-də ikinci istefa dalğası başladı...

2003-cü il seçkilərindən sonra bir çox AMİP-çilər kimi Nazim İmanov da hər şeyin bitdiyini qətiləşdirdi.

Sədr Etibar Məmmədov 2003-cü ildə AMİP-dən istefa verəndən sonra gözlər Nazim İmanova dikilmişdi... Bəziləri onun AMİP-in yeni sədri olacağını düşünsə də, 2004-cü ilin fevral ayında partiyanın Siyasi Şurasının toplantısında istefa verdiyini bəyan edən Nazim İmanov çoxlarını təəccübləndirdi.

O, bir də 2005-ci ilin parlament seçkilərində keçmiş sədri Etibar Məmədov və Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovla Yasamal rayonundakı 16 saylı ikinci seçki dairəsindən namizədliyini irəli sürməklə gündəmə gəldi. Amma həmin seçkilərdə müstəqil namizəd olan Nazim İmanov deputat mandatı qazana bilmədi. Bu dairənin qalibi BDU-nun rektoru Abel Məhərrəmov elan edildi.

Bundan sonra Nazim İmanov bir daha Milli Məclisdə təmsil olunmaq barədə düşünmədi.

"Mən 15 il fəal şəkildə siyasətlə məşğul oldum. Fikrimcə, hamı mənim necə siyasətçi olduğuma bələddir. Amma artıq iqtisadçı-alim kimi fəaliyyət göstərməyimi daha məqsədəuyğun hesab edirəm", - deyə Nazim İmanov 2005-ci ildəki seçkidən sonra mətbuata söyləmişdi.

"Bir daha qeyd edirəm ki, Nazim İmanov bundan sonra heç bir siyası fəaliyyətlə məşğul olmayacaq. Bu isə o deməkdir ki, hətta müstəqil şəxs kimi də hər hansı siyasi blokda təmsil olunmağım mümkün deyil", - İmanov o zamankı açıqlamasında vurğulamışdı.

Həmin açıqlamadan sonra mətbuatla əlqələrini kəsən Nazim İmanov uzun müddət kölgəyə çəkildi. Kölgəyə çəkildi deyəndə ki, o, elmi və iqtisadçı fəaliyyətini müxtəlif təşkilatlarda davam etdirirdi, amma jurnalistlərlə təmasda olmaqdan qaçırdı.

Yeri gəlmişkən jurnalistlərdən qaçan Nazim müəllim bir vaxtlar "Jurnalistlərin dostu" seçilmişdi. Belə ki, 1998-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsi KİV-lə isti münasibətlərinə görə Nazim İmanovu "Jurnalistlərin dostu" elan etmiş, ona xüsusi mükafat vermişdi.


Nazim İmanovun adı bir də 9 ildən sonra - 2014-cü ilin mayında mətbuat səhifələlərində göründü. Həmin tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə iqtisad elmləri doktoru, professor Nazim İmanov İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyin olundu.

Nazim İmanov bu təyinatdan sonra da mətbuata qapalı olaraq qaldı.

"Mediaya deməyə heç bir sözüm yoxdur", - təyinatdan az sonra Modern.a-a qısa açıqlama verən N.İmanov özü barədə KİV-də hər hansı bir məlumatın getməsini istəmədiyini bildirmişdi.

Nazim İmanov vaxtilə parlamentin həm də zarafatcıl və baməzə deputatlarından biri kimi tanınmışdı. Millət vəkili olduğu dönəmlərdə Milli Məclisdə yaşanan maraqlı və məzəli hadisələri sonradan qələmə alaraq, "Milli Məclisin ağlamalı gülməcələri" adlı kitabça da çıxarmışdı.
 

Nazim İmanov evlidir, 2 oğlu var.

Sabiq deputatın böyük oğlu Araz İmanov diplomatdır. Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasının bakalavr pilləsini bitirən A.İmanov daha sonra Londonda magstr təhsili alıb.
Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, bir neçə il Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb.
Araz İmanov hazırda Xarici İşlər Nazirliyi sistemində çalışır.
O idman, musiqi, atçılıqa məşğuldur. Yaxşı at sürməyi bacaran diplomat A.İmanov öz çevrəsində həm də yaxşı musiqiçi kimi tanınır. Hələ uşaqkən fortepiano, truba, tar alətləri sinfinə getmiş Araz musiqi məktəbinin polifonik xorunda dərs keçib, dayısının rəhbərlik etdiyi "Ozan" kollektivinin məşqlərində iştirak edib.
Bu gün həm musiqi bəstələyir, həm də mahnılar ifa edir. Hətta yazdığı və ifa etdiyi mahnılar internetdə də yerləşdiriılib. A.İmanovun ilk dinləyiciləri ailəsi və dostlarıdır ki, onların fikri onun üçün çox qiymətlidir.

44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına çalışan diplomatlardan olub.

O, XİN rəsmisi kimi Vətən müharibəsindən sonra dəfələrlə xarici diplomatların işğaldan azad olunmuş rayonlara səfərlərini müşayiət edib.

Bu gün AMEA-da İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində çalışan professor Nazim müəllim elmi çevrələrdə daha çox Müzəffərli soyadı ilə tanınır.

Nazim Müzəffərli ötən ilin oktyabrında - 44 günlük Vətən müharibəzi zamanı bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna köçürməklə yadda qalmışdı.

Medianın savadlı iqtisadçı ekspertlərə ciddi ehtiyac duyduğu bir zamanda jurnalistlərlə təmasdan imtina edən Nazim Müzəffərli Vətən müharibəsindən sonra az-az hallarda AzTV, İTV, "Real" və ARB telekanallarının ekranında görünür, işğaldan azad olunmuş bölgələrin iqtisadi inkişafına dair mövzularda danışır.
O, hazırda həm də AMEA-nın İqtisadiyyat İnstitutunda buraxılan və 6 dildə nəşr olunan "Elmi əsərlər" jurnalının baş redaktorudur.

***

Yazının sonunda Nazim müəllimin "Milli Məclisin ağlamalı gülməcələri" kitabında yer almış bir neçə əhvalatı da sizə təqdim edirik. Beləliklə, Nazim İmanov (Müzəffərli) yazır: 

Allah sizə insaf versin!
 

"Qrant haqqında" Qanun layihəsinin müzakirəsinin fasiləsində o vaxt "Hürriyyət"də müxbir işləyən Ləman Ələşrəfqızı deputatlar arasında "Qrant nədir?" sualı ilə sorğu keçirmişdi. Müraciət etdiyi 28 deputatdan heç biri ona düz-əməlli cavab verə bilməmişdi və o da bunu yazmışdı qəzetinə.

Səhəri gün deputat Səmayə Piriyeva həmkarımız Etibar Məmmədovu bir kənara çəkib gileylənirdi:

- Allah Nazimə insaf versin, qəzet məni biabır edib. Bu qanunu yazanda mötərizədə qeyd eləməzlər ki, qrant nə olan şeydir?

Etibar də bəy gülə-gülə demişdi ki, "ay Səmayə xanım, bəs birinci maddə elə qrantın tərifidir də".

- Onda Allah sizə insaf versin. O vaxt gül kimi kiril əlifbamızı dəyişdirib keçirtdiz latına. İndi bu zəhrimar qanun layihələrini heç oxumaq da olmur

İşığın sönməkliyi
 

Milli Məclisdə işıqlar söndü. Rayonlardakı kimi birdəfəlik yox, elə-belə, müvəqqəti. Təbii ki, mikrofonlar da işləmədi. Deputat Eldar İbrahimov spiker Murtuz Ələsgərova təklif verdi:

- Murtuz müəllim, iclası saxlamıyacığıq ki. Gəlin işə başlayaq. Hələlik müxalifətə söz verin danışsınlar, sonrasına baxarıq da.

Təklif Murtuz Ələsgərovun sinəsinə yatdı:

- Düzgün fikirdir. İclasa başlamağımız məsləhətdir. İndi mən müxalifət deputatlarına söz verəcəyəm, ürəklərini boşaltsınlar. Amma mən genə də deyirəm, gündəlikdən kənara çıxsanız, mikrofonunuzu söndürtdürəcəyəm!

Kitaylar nə bilir qoz nədi
 

Çin səfərindən qayıtmaq ərəfəsində deputat Maksim Musayev həmkarı Qərib Məmmədova yaxınlaşır:

- Ay Qərib, başıma iş gəlib axı.

- Noolub ə, pulunu oğruyublar?

- Yox əşi, onu elə gizdətmirəm ki, oğurruya bilsinnər.

- Çamadanı itirmisən?

- Deyirəm, deputatdığa bisavad gəldin, bisavad getdin də. Ə, qastinsada çamadan itər?!

- Noolub-e bəs?

- A kişi, mən bura gələndə bir-iki dostumunan məsləhətdəşdim ki, bəs "Kitay"a nə aparım, orda nə gedir?

Dedilər orda, yanı burda, hər şey var. Axırda biri dedi ki, qoz apar, "kitaylar" qıyıxgöz şeydilər, nə bilillər qoz nədi. Mən də 10 kilo gətirdim. Burda da maqazinə girib nə görsəm yaxşıdı: qoz nə qədər istəsən, özü də su qiymətinə. İndi qalmışam avara, bilmirəm bu qozu neyniyim.

Oturub xeyli fikirləşirlər. Maksim müəllim "Doğurdan bu ticarət qəliz şeyimiş" deyib söhbəti yekunlaşdıranda Qərib müəllim təzə təklif verir:

- Əşşi, 10 kilo qozu burdan təzədən Bakıya qaytarası döyülsən ha... Ver səfirə.

Maksim müəllim acı təbəssümlə:
- Ə, verməyinə verərəm e, amma bu səfir-yazığ onu neçəyə satacaq ki?!

Millət qayğısı

Milli Məclisin nümayəndə heyəti Böyük Britaniyaya gedirdi. Təyyarədə yerimdən durub kiminləsə söhbət etmək üçün qabağa keçmişdim. Geri qayıdanda gördüm ki, kəmərim bağlı olduğu üçün yerimdə oturmağım mümkün deyil. Qonşu kresloda oturan YAP-çı deputat Ağabəy Əsgərov dedi:

- Görürsünüzmü, Nazim bəy, Siz müxalifətçilər ancaq özünüzü düşünürsünüz. Amma biz bütün xalqın, o cümlədən siz müxalifətçilərin də qayğısını çəkirik. Məsələn, indicə dedilər ki, təhlükəsizlik məqsədi ilə kəmərləri bağlayın. Mən özümünkünü də bağladım, sizinkini də...


Etiketlər:  Unudulan deputatlar Jurnalistlərin dostu seçilən Etibar Məmmədovun əvvəlcə müavini sonra rəqibi olan Milli Məclisdən gülməcələr yazan PROFESSOR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ