Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

Kamaləddin Qafarov: “Ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir”

Tarix: 29 Dekabr 2021 10:00

"Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini təmin etdi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Lakin Azərbaycan bundan sonra da ölkəmizə qarşı həyata keçirilməsinə cəhd edilə biləcək istənilən aqressiyaya və ya təxribatlara dərhal və layiqincə cavab verməyə, istənilən düşməni məhv etməyə hazır olmalıdır. Bu gün ölkəmizdə ordu quruculuğu işi ən yüksək səviyyədə davam etdirilir.  Bu sahəyə ayrılan xərclər müharibədən sonrakı dövrdə bir qədər də artırılıb.  İmzalanmış yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Ölkə ərazisində yeni silahlı birləşmələr, hərbi hissələr yaradılır.  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dekabrın 24-də Xocavənd rayonuna etdiyi səfəri zamanı rayonun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışında iştirak etməsi də ordu quruculuğunun prioritet istiqamət olaraq qaldığını göstərir". 

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, ordu quruculuğu prosesində dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunan məsələlərdən biri də hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması və onların məişət-mənzil problemlərinin həlli ilə bağlıdır: "Xüsusi olaraq qeyd olunmalıdır ki, son illər ölkənin müxtəlif ərazilərində salınan hərbi hissə və şəhərçiklərin ən müasir, ən yüksək standartlara cavab verməsinə xüsusi diqqət yetirilir.  Prezident İlham Əliyevin Hadrut qəsəbəsində hərbi hissənin açılışında etdiyi çıxışında dediyi kimi, hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsinlər.  Bunun üçün də hərbçilərə, ilk növbədə, hazırlıq üçün, məşq üçün yaxşı şərait yaradılmalıdır və bu istiqamətdə dövlət tərəfindən bütün lazım olan tədbirlər görülür.  Bu gün artıq bütün rayon və bölgələrimizdə yerləşən əksər hərbi hissələrimiz ən yüksək standartlara cavab verir. Azərbaycan dövləti tərəfindən bu gün hərbçilərin məişət şəraitnin yaxşılaşdırılması, onların mənzil problemlərinin həlli istiqamətində effektiv tədbirlər həyata keçirilir, bu sahə xüsusi diqqət mərkəzində saxlanılır. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur.Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir.  Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub.  Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın şanlı ordusu özünü bütün dünyaya müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanıda bilmişdir.  Heç bir şübhə yoxdur ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyub-saxlayacaq və daha da artıracaq".

Kamaləddin Qafarov Vətən müharibəsinin gedişində Hadrut qəsəbəsinin işğaldan azad edilməsi ilə nəticələnmiş əməliyyatın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: "Məlumdur ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra düşməndən təmizlənən ikinci böyük yaşayış məntəqəsi məhz Hadrut olmuşdur.  Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Əlbəttə ki, Hadrut əməliyyatı Vətən müharibəsinin gedişində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi.  Ali Baş Komandan cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, strateji əhəmiyyətə malik qəsəbənin işğaldan azad edilməsi müharibənin gedişində komandanlığın gələcək planlarına əlavə dəstək verdi.  Hadrut işğalçılardan azad edilməsəydi, sonrakı əməliyyatlar daha böyük çətinliklərlə üzləşə bilərdi.  Erməni qəsbkarları 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdular.  Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Lakin Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, əsgər və zabitlərimizin fiziki hazırlığı, mənəvi üstünlüyü, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəyə nail olmaq üçün kifayət etdi. Hadrut azad ediləndən sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirdi. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi işğalçılardan azad edildi.  Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və Laçın dəhlizini nəzarətdə saxladı.  Ən əsası da Hadrutdan sonra Şuşaya yol açıldı.  Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı.  Şuşa əməliyyatı isə məlumdur ki, artıq tamamilə başqa bir müzakirənin mövzusudur.  Əbəs yerə deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında müzakirələr gedir, təhlillər aparılır və bu əməliyyatın ən xırda təfərrüatları belə diqqətlə öyrənilir, tədris olunur".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin özünün 60 illik yubileyini ailə üzvləri ilə birlikdə Şuşada, işğaldan azad edilmiş qədim şəhərimizin sakinləri ilə qeyd etməsi dövlət başçımızın sahib olduğu gücün, yenilməz iradənin əsil mənbəyinin məhz Azərbaycan xalqı olmasını bir daha sübut edir: "Xəbər verildiyi kimi, Hadrut qəsəbəsində yeni hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın mədəniyyət paytaxtına, qədim Şuşa şəhərinə səfər ediblər.  Son dərəcə diqqətəlayiq bir haldır ki, bu səfər dövlət başçımızın 60 illik yubileyinə təsadüf edir. Lakin bu hadisənin özü heç də təsadüf deyil, əksinə tam bir qanunauyğunluqdur. Çünki Prezident İlham Əliyevin öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd etməsi, sosial obyektlərin açılışında iştirak etməsi, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşməsi artıq çoxdan bir ənənə halını almışdır.   Bu, əsil xalq-iqtidar birliyinin bariz təcəssümü, bu birliyinin təntənəsinin nümayişidir.  Məhz bu birlik sayəsində, öz Prezidentinə hər zaman inanan Azərbaycan xalqının və öz xalqının dəstəyinə hər zaman güvənən Ali Baş Komandanın sarsılmaz birliyi sayəsində bu gün Azərbaycan tarixi Qələbəyə imza atıb və bundan sonrakı daha böyük uğurlara doğru inamla irəliləyir".


Etiketlər:  Kamaləddin Qafarov Ölkəmizdə ordu quruculuğu işi yüksək səviyyədə davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ