Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 18:25
2021-ci ilin son gününü yaşayırıq. Görəsən ilin ən qalmaqallı müğənnisi kimlər oldu? Geridə qoyacağımız 2021-ci ildə də sənət aləmində xeyli maraqlı olaylar, qalmaqallar baş verdi.
Bəs mədəniyyət yazarlarımız bu ilin ən qalmaqallı müğənnisi kimi hesab edir və nə üçün?
Sonxeber.net moderator.az-a istinadən mədəniyyət yazarlarından ilin ən qalmallı hadisələrini xəbər alıb.
"Yeni Müsavat" qəzetinin müxbiri Xalidə Gəray hesab edir ki, bu il şou-biznes aləmi üçün sakit keçib:
"Yəni, bu ildə nə qalmaqallı boşananlar, nə də böyük səs-küy yaradacaq olaylar baş vermədi. Hesab edirəm ki, ümumiyyətlə, bu il sənətçilər arasında boşanan olmadı. Yalnız Əməkdar artist Mətanət İskəndərlinin ailəsində baş verən boşanma demək olar ki, bu camiyədə ən çox səs-küy yaradan olay oldu. Müğənninin nəvələrinin qəyyumluğu anasında deyil, atasında qalması, ara-sıra gəlinini qıcıqlandıracaq statuslar yazması və sairə, bu qalmaqalı daha da alovlandırdı. Qalmaqalın qarşıdakı ildə də davam edəcəyi görünür. Digər nəzərə çarpacaq qalmaqallardan biri - Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun kürəkəninin oğuluq üstdə həbs olunması oldu. Məlum oldu ki, kürəkəni Alim Qasımovun evindən xeyli qızıl-zinət əşyaları, pul oğurlayıb. Digər xırda qalmaqallar isə bunlar oldu: Müğənni Nadir Qafarzadənin gənc həmkarı Ayan Babakişiyevanı öpməsi, Damlanın tardan oxuyub, unitaz üstündə poz verməsi, Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında "sevgili" qalmaqalı, Rəqsanənin Rusiyaya qazanc dalınca gedən həmkarları haqda səsləndirdiyi fikirlər və sairə. Beləliklə, hesab edirəm ki, bu il şou-biznes aləmində qalmaqallarda ən çox adı hallanan müğənni Mətanət İskəndərli oldu".
Aparıcı, redaktor Aysel Xıdırova geridə qoyduğumuz ilin o qədər də qalmaqallı keçdiyini zənn etmir: "2021-ci ildə Roza Zərgərli, Ayan Babakişiyeva, Nadir Qafarzadə, Mətanət İsgəndərli, Elza Seyidcahanın hərəkəti, hər sözü, paylaşımı diqqət çəkib.
Mətanət İagəndərli ilə gəlninin qalmaqalı, eyni zamanda Rəksanənin həmkarları haqqında çıxışını ilin ən qalmaqallı şousu hesab etmək olar".
Teleqraf.com saytının müxbiri Rəqsanə Həsənova pandemiyaya görə şou-biznes nümayəndələri arasında sənət baxımdan hər hansı aktivlik görmədiyini qeyd edib:
"Bu il yalnız şou əhlinin bir neçə evləri, villaları və avtomobilləri ola-ola maddi baxımdan ağladıqlarını gördük. Maddi imkansızlıqdan şikayətləndilər. Həmçinin reklam xarakterli yardımları ilə diqqət çəkdilər. Bu il yadda qalan qalmaqallardan isə xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızının adını qeyd edə bilərəm. Bu isə Afət Fərmanqızının ifa etdiyi Nəsiminin "Sığmazam" qəzəlini ifa etdiyinə görə baş verdi. Flora Kərimova hətta Afət Fərmanqızını məhkəmə ilə hədələdi. Eləcə də Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova ilə yaşanan problem də diqqət çəkdi. Canana Kərimdən ayrıldı və əməkdar artist nəvələrini gəlinindən aldı.
Yadda qalan qalmaqallardan biri də müğənni Xatirə İslamı ilə aparıcı Afaq Gəncəli arasında yaşandı. Xatirə İslamın efirə çıxmaq üçün qonorar istəməsi müzakirələrə səbəb oldu. Afaqın isə "Xatirə toylardan qazanır, efirə çıxmağa görə pul istəməsi yersizdir" fikrini bildirməsi hər iki tərəf arasında anlaşılmazlığa səbəb oldu. Xatirə Afaqı cavabsız qoymadı. O, aparıcını ünvanına "Sən özün toylara 4000 manata gedirsən",-deyə cavab verdi.
Pandemiyadan asılı olmayaraq, şou-biznesdə sənət olmasa da daim qalmaqal var. Ümid edirəm ki, pələng ilində bir-birinə mane olmaq və boş açıqlamalar əvəzinə sənət olmasa da, sənət göstərməyə çalışarlar".
Azvision.az saytının mədəniyyət müxbiri Şəhanə Rəhimova da ilin ən qalmqallı şou hadisəsini Mətanət İsgəndərlinin eks gəlini ilə yaşadıqlarını qeyd edir:
"O, oğlu Kərimin ailəsi ilə bağlı il ərzində gündəmdə qaldı. Sosial şəbəkələrdə keçmiş gəlini Cananın verdiyi açıqlamalar, oğlunun nəvəsini döyməsi ilə bağlı görüntülər geniş müzakirələrə səbəb oldu. Bu qalmaqal hələ də davam edir. Düşünürəm ki, növbəti il də Mətanət xanım və keçmiş gəlini arasında gedən mübarizə səngimiyəcək. Bir sözlə, xanım müğənni qalmaqaldakı liderliyini qoruyub saxlayacaq. Çox da böyük olmayan qalmaqal isə Tacir Şahmaloğlu ilə onun ustadı Murad Rzayev arasında baş verdi. Qarabağ Bülbülləri ansamblının rəhbəri Murad müəllimlə T. Şahmaloğlu arasında Bayatı-Şiraz muğamının improvizə müəllifliyi üstündə mübahisələr yenidın gündəmə gəldi. Məsələ o dərəcədə böyüdü ki, işə Murad müəllimin oğlu, xor artisti Fərid Rzayev qarışdı. Müğənnini yalan danışmaqda günahlandırdı".