Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 21:38
Avstriya hökuməti yanvarın 16-da koronavirus əleyhinə icbari peyvənd haqqında qanun layihəsini təqdim edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ictimaiyyətin geniş müzakirələrinə və bir sıra sosial və siyasi qüvvələrin kəskin etirazına səbəb olan qanun fevralın 1-dən qüvvəyə minəcək. Federal Kansler Karl Nehammer bildirib ki, qanun Avstriyada yaşayan yaşı 18-dən yuxarı insanlara şamil olunacaq. İstisnalar hamilə və peyvəndin əks təsir göstərdiyi insanlar üçün nəzərdə tutulur.
Qanun fevral ayının əvvəlində keçid mərhələsi ilə qüvvəyə minəcək və keçid dövrü mart ayının ortalarına qədər qüvvədə olacaq. Həmin tarixdən sonra isə ölkə üzrə nəzarət mexanizmi işə düşəcək. İkinci mərhələ adlanan həmin dövrdə peyvənd sertifikatı olmayan şəxsləri 600 avro məbləğində cəzalandırılacaq.
Səhiyyə naziri Volfqanq Mükştayn bildirib ki, üçüncü mərhələdə peyvəndi olmayan şəxslərə peyvənd üçün gün təyin olunacaq. Həmin tələbi yerinə yetirməyən şəxslər əlavə olaraq 600 avro cəza ilə razılaşmalı olacaqlar. Qanunvericiliyinə tələblərinə əməl etməyən və müvafiq orqanlarla əməkdaşlıqdan yayınan şəxslərin inzibati qaydada cəzası 3600 avroyadək çatacaq. Təqvim ili ərzində bir şəxsin maksimum dörd dəfə peyvənd olunmamağa görə cəzalandırılması mümkün olacaq.
Qeyd edilib ki, koronavirusa yoluxmuş şəxslər altı ay müddətində peyvənd öhdəliyindən azad olunacaqlar.
Qanun layihəsi yanvarın 17-də ölkə parlamentinə təqdim ediləcək və müzakirələrdən sonra yanvarın 20-də parlamentdə qəbulu gözlənilir. Hökumətdə təmsil olunan Avstriya Xalq Partiyası (ÖVP) və Yaşıllar Partiyası ilə yanaşı müxalifətdə yer alan Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və liberalların (NEOS) qanun layihəsini dəstəkləyəcəyi gözlənilir. Ölkədə peyvənd öhdəliyinə qarşı çıxan və hər həftə peyvənd əleyhdarlarının təşkil etdiyi etiraz aksiyalarında fəal iştirak edən Avstriya Azadlıq Partiyası (FPÖ) qanunu bütövlükdə rədd edir və parlamentdə bu qanuna qarşı çıxacağını elan edib.