Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 08:22
Vətən müharibəsi başlayanda Azər Abdullazadənin hərbi xidmətini başa vurmağına cəmi bir neçə gün qalmışdı. Azər danışır ki, sentyabrın 27-də səhər saatlarında əsgər yoldaşları ilə birlikdə tankları təmizləyən vaxt hərbi hissəyə "həyəcan" siqnalı verildi. Əvvəlcə bunun təlim üçün verilən siqnal olduğunu düşünüblər. Amma çox keçmədən elan olunub ki, Ermənistan cəbhə xəttində hərbi təxribat törədib və ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün əks hərbi əməliyyatlara başlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Azər cəbhəyə yola düşməyini rəsmi mətbuata belə nəql edir:
""Döyüşə!" əmri ilə tanklarla Füzuli rayonuna doğru hərəkət etdik. Artıq Füzulidə olarkən başa düşdük ki, müharibə başlayıb. Beləliklə, 2020-ci il sentyabrın 27-dən artıq müharibənin iştirakçısı idik. Mən həyatımın əsgərlikdən fərqli bir mərhələsinə qədəm qoymuşdum. Bir vaxtlar həsədlə izlədiyim döyüşə gedən əsgərlərdən biri idim. Çox sevinirdim və əmin idim ki, torpaqlarımızı azad edəcəyik və şəhidlərimizin qisasını alacağıq. Buna qədər döyüşdə iştirak etməmişdim. Lakin Füzuliyə yetişəndə komandirdən əsgərə qədər bütün şəxsi heyət olduqca nikbin əhvali-ruhiyyədə idi. Çünki özümüzə, gücümüzə və Ali Baş Komandanımıza inanırdıq".
Azər bildirir ki, ilk gündən döyüşdə qazandıqları uğurun əsas səbəblərindən biri hərbi təlimlərdə qazandıqları təcrübə olub:
"Hərbi xidmət dövründə təlimlərimiz çox olmuşdu, komandirlərimdən tankın peşəkar idarə olunmasının, düşmənə döyüş zamanı effektiv zərbə endirilməsinin sirlərinə yiyələnmişdim. Dəfələrlə düşmənin ön xəttinin yarılması üzrə məşqlər etmişdik. Ermənistan ordusunun işğal dövründə yaratdığı və möhkəmləndirdiyi müdafiə mövqelərini, mühəndis-istehkam qurğularını görməsəm də, müəyyən təsəvvürlərim var idi.
Ermənilər bir neçə mərhələdən ibarət mürəkkəb müdafiə mövqeləri yaratmışdılar. İlk sədlərdən biri avtomobil və zirehli texnikaların hərəkətinin qarşısını almaq üçün qazılan xəndək idi. Düşmən xəndəyi qazarkən torpağı öz tərəfinə tökmüşdü ki, hücum edən bölmələrimiz xəndəyi doldura bilməsinlər.
Növbəti səd tank əleyhinə mina sahəsi idi. Ondan sonra tank əleyhinə dirəklər, metal kirpilər gəlirdi. Həmçinin piyadalar üçün minalanmış sahələr, tikanlı məftildən hazırlanmış torlar və daha nələr... Məhz peşəkarlığımız nəticəsində sürətlə və minimal itki ilə düşmənin müdafiə xətlərini yardıq və hücuma keçdik".
Sentyabrın 27-də Azər və döyüşçü dostları Füzuli rayonunun ərazisində tanklarla düşmənin ön xətt mövqelərini uğurla yarmağa nail olurlar. Elə əks-hücumlar həyata keçirirlər ki, ermənilər gözlərini belə açmağa imkan tapmırlar. Qəhrəman döyüşçü danışır ki, ilk saatlardan düşmənin onlarca ağır hərbi texnikasını və müxtəlif nəqliyyat vasitələrini məhv etdilər, atəş mövqelərini susdurdular. Onun idarə etdiyi T-90 tankı isə elə ilk döyüşdə düşmənin bir tankını və çoxsaylı canlı qüvvəsini sıradan çıxartdı:
"İlk döyüşdə bizim tankımız minaatanla vuruldu, mən də yaralandım. Amma tankımız döyüş qabiliyyətini itirmədi və xəsarət almağımıza baxmayaraq döyüş tapşırığını sona qədər yerinə yetirdik. Axşam hava qaralandan sonra məni Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitala gətirdilər. Bir gün hospitalda müalicə aldıqdan sonra düşündüm ki, burda çox qala bilmərəm. Səhəri gün hərbi hissənin arxadakı bölmələrinin yanına gəldim. Orda da qala bilmədim və hərbi hissə komandirinin icazəsi ilə ərzaq maşını ilə ön xətdəki bölmələrimizin yanına qayıtdım.
Ön xətdə əvvəlcə mənə dedilər ki, bölüklərin tank heyətləri tam komplektləşdirilib. Amma əvvəlki uğurlu döyüşümü nəzərə alaraq məni hərbi hissənin ikinci bölüyünün tərkibinə saldılar və növbəti dəfə döyüşə girdim. Ermənilər geri çəkilsələr də, arxadakı eşelonlarda mövqe tutmuşdular. Hərbi hissəmizin döyüş əmri həmin ərazilərdəki atəş nöqtələrini məhv etmək, piyada motoatıcı bölmələrimizin hücumlarını dəstəkləmək idi. Dayanmadan irəliləyirdik. İtkimiz, tanklarımızdan vurulanı olsa da, düşməni qovaraq, məhv edərək irəliləyirdik.
Cəbrayıl rayonunun Rüzgar kəndi ətrafında gedən döyüşlər zamanı ermənilər xüsusilə möhkəmləndirdikləri mövqelərindən iriçaplı silahlardan əsgərlərimizi, həm də texnikanı atəşə tuturdular. Bu, elə bir mövqe idi ki, düşməni susdurmaq üçün dəqiq atəş açmaq lazım gəlirdi. Əvvəl başqa bir tank, sonra isə mən atəş açdım və mərmi kiçik pəncərədən daxil olaraq ermənilərin mövqeyini darmadağın etdi. Döyüşü uğurla başa vurduq, düşmənin atəş nöqtələrini susdurduq və motoatıcı bölmələrimiz hücuma keçdilər.
Döyüşdə iştirak edən 8 tankın heyətinin hamısı sağ-salamat tapşırığı yerinə yetirdi. Sonra əmr gəldi ki, tanklar iki qrupa ayrılmalıdırlar. Bizim qrup xüsusi təyinatlı bölmələrlə birlikdə oktyabrın əvvəllərində Cəbrayıl şəhəri istiqamətində hücuma keçdi. Qrupumuz irəliləyərək rayonun Şükürbəyli kəndinin yaxınlığında mövqe tutdu. Şükürbəylidən düz yol Cəbrayıl şəhərinə gedirdi, sola burulan yol isə Zəngilan və Qubadlıya aparırdı. Hər iki istiqamətdə gedən döyüşlər zamanı düşmənə sarsıdıcı zərbələr vurduq".
Azər deyir ki, Cəbrayıl rayonu ərazisində düşmənin alayının yerləşdiyi bir hərbi hissə var idi. Döyüş tapşırıqlarından biri həmin hərbi hissənin alınması idi:
"Bizim tank hərəkət edərək yüksəklikdə mövqe tutdu. Baxdıq ki, ermənilər hərbi hissədədirlər. Ərazinin tam müşahidəsini həyata keçirdikdən sonra hərbi hissəni tank atəşinə tutmağa başladıq. Bu vaxt ermənilər gizlənmək üçün toplu şəkildə hərbi hissədəki binalara doluşdular. Həmin binaları yerləyeksan etdik.
Ermənilər bu döyüşdə bir neçə dəfə tanklarımızı hədəfə aldılar. Amma biz aldadıcı manevrlərlə döyüşürdük və hər dəfə atəşdən sonra cəld hərəkət edərək yerimizi dəyişirdik. 3-cü atəşdən sonra tankımızın hədəfə düşdüyü barədə siqnal aldıq. Tez tüstü qumbarasını atdım. Bu qumbara düşmənin nişan ala bilməməsi üçün tankı maskalayan xüsusi vasitədir. Beləliklə, ermənilər nə qədər cəhd etsələr də, bizi hədəfə ala bilmədilər.
Həmin an gördüm ki, "Ural" avtomaşınına doluşan ermənilər qaçmaq istəyirlər. Cəld sərrast atəşlə maşını əsgərlərlə birlikdə göyə uçurdum. Bu vaxt kənardan maşının vurulduğunu görən 30-a yaxın erməni bir qədər aralıdakı sığınacağa doluşdu. Sərrast atəşlə sığınacağı da darmadağın etdik və içəridəkilərin hamısı məhv oldular.
Bunun ardınca erməni zabitlərin olduğu minik avtomobilini vurdum. Ümumilikdə, bu döyüşdə tankla ermənilərin bir zirehli texnikasını, iki "Ural" avtomaşınını və bir "UAZ" avtomobilini məhv etdim, 3 atəş nöqtəsini susdurdum. Məhv etdiyimiz erməni hərbçilərinin isə sayı çox idi. Ordumuz hərbi hissəni ələ keçirdi. Biz isə geri qayıdaraq tanklara yeni mərmilər yüklədik.
Bundan sonra Cəbrayıl şəhəri də azad edildi və mən düşmənin bir zirehli texnikasını qənimət götürdüm. Bütövlükdə, Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatını, döyüş və avtomobil texnikasını ələ keçirdik. Bu döyüşlərdə Cəbrayılın Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi. Müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirdik".
Qəhrəman tankçının döyüşlərdə növbəti dəfə yaralanmasından da bəhs edib:
"Oktyabrın 11-nə kimi bütün hücumlarda uğurla iştirak etdim, döyüş əmrlərini tam yerinə yetirdim. Oktyabrın 11-də hücum zamanı mənim olduğum tank Cəbrayılın Hacılı kəndi istiqamətində düşmən tərəfindən vuruldu. Bizi tank əleyhinə raketlə vurmuşdular. Zərbədən sonra huşumu itirdim. Özümə gələndə hiss etdim ki, gözlərim görmür. Həmin an fikirləşirdim ki, düşmənə əsir düşməkdənsə, döyüşüb şəhid olaram. Bir az keçmiş eşitdim ki, kimsə tankın lükünü döyür, amma səs-küydən onun nə dediyini başa düşə bilmirdim. Yavaş-yavaş lükü açanda bildim ki, tankın üstündəki bizim hərbi hissənin əsgəri Elsevər Hümbətlidir. Elsevər məni tankdan çıxartdı. Sonra ərazidən təxliyə etdilər..."
Azəri əvvəlcə Füzulinin Əhmədbəyli kəndindəki hospitala gətirirlər. Onun ilk cərrahi əməliyyatını burada doğma əmisi, polkovnik Elçin Abdullayev edir. Daha sonra Müdafiə Nazirliyinin mərkəzi hospitalına köçürürlər və burada növbəti dəfə əməliyyat olunur. Əməliyyatdan çıxandan sonra 4 gün komada qalır:
"Ayılandan sonra həkimlərin ilk işi mənim görüb-görmədiyimi yoxlamaq oldu. Qarşıma bir saat qoymuşdular və rəqəmləri göstərib soruşurdular: onları seçə bilirsənmi? Cavab verirdim ki, yox.
Hospitalda bildim ki, sağ gözümü itirmişəm, sol gözümün vəziyyəti isə yaxşı deyil və görə də bilərəm, görməyə də. Çünki hələ qəlpə qalmışdı. Bundan sonra məni yenidən əməliyyat etdilər, 4 həftə gözlərim bağlı qaldı. Daha sonra digər xəstəxanalarda müalicə aldım, tədricən zəif də olsa, görməyə başladım. Ümumiyyətlə isə, 7 dəfə əməliyyat olundum.
Tankımız vurularkən üzüm yanmışdı, dişlərim sınmışdı. Hospitalda həkimlərimiz bütün bu xəsarətlərimi ən yüksək səviyyədə müalicə edərək aradan götürdülər.
Müalicə müddətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı, diqqəti ilə əhatə olunmuşdum. Bu himayədarlıq bütün yaralı hərbçilərə aid idi. Mehriban xanım davamlı olaraq bizim vəziyyətimizlə maraqlanırdı. Müalicəmizi şəxsi nəzarətinə götürərək, gərəkli bütün tədbirləri görürdü".
Azər 2020-ci ilin dekabrında hospitaldan buraxılır. Əvvəlcə xidmət etdiyi hərbi hissəyə gedir, əsgər yoldaşları və komandirləri ilə görüşür və evlərinə qayıdır:
"Axşam saatlarında komandirim, polkovnik-leytenant Firdovsi Bəyova zəng etdim. Səsindən hiss olunurdu ki, sevinc içərisindədir. Dedi ki, Azər, səni təbrik edirəm, Ali Baş Komandan İlham Əliyev sənə "Vətən Müharibəsi Qəhrəmanı" adı verib.
Ailəmiz həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Vətən qarşısındakı borcunu layiqincə yerinə yetirib. Atamın, əmimin yolunu mən, hərbi həkim olan digər əmim, o cümlədən Suqovuşan və Talış istiqamətlərində döyüşən qardaşım Yaqub Abdullazadə layiqincə davam etdirdik. Həm torpaqlarımızı işğaldan azad etdik, həm də əmimin və bütün şəhidlərimizin qisasını aldıq. İllər öncə nənəmə verdiyim sözü tutduğum üçün qürur hissi keçirirəm.
Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmək mənim üçün böyük şərəfdir. Həm də 83 nəfərin sırasında bu adı daşıyan cəmi 3 əsgərdən biriyəm".