Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənə 82 yaş vermirlər, deyirlər ki, cavan oğlana oxşayırsan”

“Mənə 82 yaş vermirlər, deyirlər ki, cavan oğlana oxşayırsan”

Tarix: 4 Fevral 2022 10:45

"Bu gün 82 yaşım tamam olur. Mənə heç o yaşı vermirlər, deyirlər ki, maşallah cavan oğlana oxşayırsan. Mənim anam da uzunömürlü idi, dünyasını dəyişəndə 100 yaşını haqlamışdı. Yəqin ki, bu da nəsildən, gendən gəlir. Uzun illərdir ki, Ağstafada yaşayıram, çəkilişlər, tamaşalar olanda gəlib oynayıb gedirəm. İndi artıq repertuarda tamaşam da yoxdur. Yaşla əlaqədar olaraq bəzi aktyorları teatrdan çıxarıblar, o cümlədən də məni. Yaxşı ki, Ağstafadakı evi vaxtında tikdirmişəm. Ora gedib başımı təbiətlə qatıram"

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən xalq artisti Tariyel Qasımov bildirib. O daha sonra əlavə edib.

"Aktyorun tabutu teatrdan götürülməlidir. Bu da o deməkdir ki, aktyor ölənə qədər teatrda işləməlidir. Rusiyada, Türkiyədə və digər qonşu ölkələrdə biz bunun şahidi oluruq ki, sənətkarlar ölən günə qədər səhnədə olurlar. Ağasadıq Gəraybəylinin gözləri görmürdü, amma səhnəyə çıxıb, tamaşa oynayırdı. Mənim teatr sahəsində xidmətlərim çox böyükdür. Mən həm də Qazax Dövlət Dram Teatrınını dirçəltmişəm. O vaxt Polad Bülbüloğlu nazir idi. Məni yanına çağırıb demişdi ki, "o teatr ya bağlanmalıdır, ya da siz bu teatrı qaldırmalısınız". Qazaxa getdim, İcra Başçısı dedi ki, siz bu teatrı bağlasanız gələcək nəsillər sizi lənətləyəcək. Ona görə də həmin teatra gedib işlədim, bir ildə 3 tamaşaya quruluş verdim. İndi fədakar sənətçilər yoxdur. Gənc nəslin nümayəndələri sənətə sənəti sevmək üçün yox, məşhur olmaq üçün gəlirlər" deyə xalq artisti bildirib.

Xalq artisti son çəkildiyi işlərdən də danışıb.

"Sonuncu dəfə "Fərhad və Şirin" serialında baş rollardan birində çəkildim. Əsas qəhrəmanı Rüstəm Cəbrayılov canlandırırdı. Daha çox səhnələrdə onunla toqquşurdum. Yay aylarında Ağstafadan gəlib çəkilib, gedirdim. Baxımlı serail oldu. Serialın kollektivi də peşəkar idi, əsasən gənclərdən ibarət idi. Seriallardan çox dəvət alıram, amma əksəriyyətindən imtina edirəm. Baxıram ki, həvəskar rejissordur, əlinə pul düşüb deyə serial çəkir. Mən sıradan, sıravi aktyor deyiləm ki, elə səviyyəsiz işlərdə görünüm. Mənlik olmayıb, sağollaşmışam" deyə xalq artisti bildirib.


Etiketlər:  Mənə yaş vermirlər deyirlər cavan oğlana oxşayırsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ