Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Heç vaxt sponsorum olmayıb, hər şeyi Allah mənə yetirib" - Tanınmış rəqqasə

“Heç vaxt sponsorum olmayıb, hər şeyi Allah mənə yetirib

Tarix: 7 Fevral 2022 11:20

"Atam müharibədə həlak olmuşdu, anam isə o illərdə ağır şəraitdən, baxımsızlıqdan dünyasını dəyişmişdi. Yağış-qar yağırdı, imkan yox idi ki, ayaqqabı alıb geyinək. Yadıma gəlir ki, qışda, qarın, palçığın üstündə ayaqyalın gəzirdim. Bacımla məni uşaq evinə təhvil verdilər, elə oldu ki, ayrı-ayrı yerlərə düşdük. Mən 3-4 yaşında Bakıya gəlmişəm. Biz müharibə uşaqları idik. Atasız-anasız qız idim, uşaq evində də uşaq çox idi, kim idi mənim üçün ad günü keçirən?! Hansımızın ad gününü yadda saxlayardılar?! Tək-tək ad günləri keçirilmirdi. Uşaq evinin rəhbəri çox gözəl insan idi, ona hamımız "anacan" deyə müraciət edirdik. Bəxtim onda gətirdi ki, yaxşı uşaq evinə düşmüşdüm, hamımıza sənət öyrədirdilər. Özümü dərk edəndən, 14-15 yaşlarında bildim ki, ad günü deyilən bir şey var. Mənim çəkdiklərimi heç kim çəkməyib. 16 yaşından Dövlət Rəqs Ansamblına işə düzəldim, daha sonra ömrümün parlaq illəri başladı. Allah məni yolumdan azdırmadı, mənə yol açdı. Başa düşürdüm ki, əyri yolla getsəm mənim taleyim yaxşı olmayacaq. 16 yaşımdan 42 yaşıma qədər bütün dünyanı gəzdim, qastrol səfərlərinə getdim"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bu gün 81 yaşı tamam olan ustad sənətkar, rəqqasə, əməkdar artist Aliyə Ramazanova bildirib. O daha sonra əlavə edib.

"Heç vaxt sponsorum olmayıb, hər şeyi Allah mənə yetirib. İndi müğənnilər, rəqqasələr var ki, sponsorları onları həm göyə qaldırır, həm də yerə endirir. Amma elə rəqqasələr, müğənnilər də var ki, sponsorları olmadığı üçün itib-batırlar. Məni üzən nüanslardan biri də budur ki, kimə baxırsan hamısı açıq-saçıq geyinir. Bu bizim adət ən-ənələrimizə ziddir. Avropa düzəlir, bizimkilər isə ora-buralarını açırlar. Qadınlar toylarda elə şıdırğı rəqs edirlər ki, elə bil kişi rəqs edir. O qədər atdanıb-düşülər ki, onlarına yerinə həyəcan keçirirəm ki, bu dəqiqə ürəkləri dayanacaq. Xanımın gözəlliyi onun rəqsidir, zərifliyidir. Təəssüflər olsun ki, o zəriflikdən, gözəllikdən əsər-əlamət qalmayıb. Xanım oynayanda musiqini hiss etməlidir, ruhu oxşamalıdır" deyə əməkdar artist bildirib.

Böyük sənətkar hələ də layiq olduğu fəxri adı almadığı üçün təəssüf hissi keçirdiyini, lakin bunu dərd etmədiyini bildirib.

"Əməkdar artist" fəxri adını Sovet illərində almışdım. O vaxt mənə Mədəniyyət Nazirliyi də, əlaqədar qurumlar da yaxşı baxırdı. Fəaliyyətdə olduğum müddətdə bir çox diplom və mükafatlara layiq görülmüşəm. Hətta o vaxt Mədəniyyət Nazirliyində məni nümunə göstərib deyirdilər ki, özünüzü elə yaxşı aparın ki, siz də Aliyə xanım kimi o səfərlərə düşə biləsiniz. Keçid dövründən sonra mənə qarşı böyük saymamazlıq oldu, sanki yetim qaldım. O illərdə də qəzetlər yazırdı ki, niyə Aliyə xanım Ramazanovaya qarşı bu qədər saymamazlıq olmalıdır?! Bax onlar bu sözü bu dövr üçün yazmışdılar. Alver dünyası idi, ona görə də həmin insanların hamısını çölə atdılar. 81 yaşım var, hələ də "əməkdar artist" fəxri adında qalmışam. Mən indi prezident mükafatı və təqaüdü almalıyam, amma heç "xalq artisti" fəxri adım da yoxdur. Mən məgər "xalq artisti" fəxri adına layiq deyiləm?! Bundan sonra onlardan heç nə gözləmirəm! Heç verməsinlər, incinin qədrini zamanında göstərməyə acizlik çəkirlər! Allaha şükür edib yaşayıram, aldığım pensiya özümə və dərmanlarıma güc-bəla ilə kifayət edir. Mən dövlətimə, prezidentimə, birinci xanıma müraciət edirəm və onlara inanıram. Heç kimə yox, inancım, güvənim onlaradır" deyə ustad rəqqasə deyib.

Milli.Az


Etiketlər:  Heç vaxt sponsorum olmayıb hər şeyi Allah mənə yetirib Tanınmış rəqqasə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ