Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 09:26
İraq 1990-1991-ci illərdə Küveytə qanunsuz hərbi müdaxilə və işğala görə 50 milyard dollardan çox təzminatın ödənilməsini başa çatdırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İraq üzrə Təzminat Komissiyasının (UNCC) 16-cı xüsusi sessiyasında məlumat verilib.
Qeyd edək ki, Təzminat Komissiyası 1991-ci ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə İraqın Küveytə qeyri-qanuni müdaxiləsi və işğalı nəticəsində vətəndaşlara, şirkətlərə, hökumətə və beynəlxalq təşkilatlara dəymiş bilavasitə itki və ya zərəri kompensasiya etmək üçün Təzminat Fondunun idarə olunması məqsədilə yaradılıb.
BMT Təhlükəsizlik Şurası ilkin olaraq İraqın Fonda neft və neft məhsulları ixracından gələn gəlirin 30%-ni köçürməli olduğunu müəyyən edib. Sonra bu məbləğ 25%-ə, daha sonra isə 5%-ə endirilib.
Komissiya ümumilikdə 352,5 milyard dollar dəyərində 2,686 milyondan çox iddiaya baxıb. Onlardan təxminən 52,4 milyard dollar dəyərində 1,5 milyondan çox iddia təmin edilib.
Xatırladaq ki, 1990-cı il avqustun 2-də İraq qoşunları Küveytə soxularaq, onun neft ehtiyatlarını ələ keçirmək üçün ölkəni işğal edib. BMT İraqa qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar və onun müttəfiqləri BMT Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında Küveyti azad edən "Səhra tufanı" əməliyyatını həyata keçiriblər.