Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan delimitasiyadan yayınır: Rəsmi Bakı “hərbi demarkasiya” metoduna məcbur buraxılır

Paşinyan delimitasiyadan yayınır: Rəsmi Bakı “hərbi demarkasiya” metoduna məcbur buraxılır

Tarix: 10 Fevral 2022 11:02

Azərbaycan nə qədər səbirli olsa da, tezliklə özünə aid olan əraziləri birtərəfli qaydada, yəni Ermənistanın razılığı soruşulmadan nəzarət altına almaq barədə prinsipial qərar verə bilər; Qondarma "güzgü prinsipi"ni uydurub, delimitasiya və demarkasiya prosesini pozmağa çalışan Ermənistana qarşı rəsmi Bakının yaxın vaxtlarda növbəti dəfə "dəmir yumruq" metodundan istifadə edə biləcəyi qətiyyən istisna deyil...

Mili.Az müsavat.com-a istinadən xəbər verir ki, Ermənistan cəmiyyətində çaşqınlıq yaşanır. Mənasız və əsassız lovğalığa vərdişli erməni toplumu ilk dəfə olaraq, böyük həqiqətlə üz-üzə qalıb. Üstəlik, bu həqiqəti Ermənistanın KTMT üzrə hərbi müttəfiqi olan Belarusun prezidenti Aleksandr Lukaşenko gündəmə çıxarıb.

Məsələ ondadır ki, prezident A.Lukaşenko Ermənistanın heç kimə lazım olmadığını açıq mətnlə dilə gətirib. O, "Siz elə bilirsiniz ki, Ermənistan kiməsə lazımdır? Ermənilər özləri də gördülər ki, heç kimə lazım deyillər" deməklə, erməni toplumunda olan fərqli anlayışları tamamilə alt-üst edib. Hamının bildiyi, ancaq ermənilərin yaxına belə, buraxmaq istəmədikləri bu inkaredilməz həqiqətin "Batka" tərəfindən saymazyana şəkildə dilə gətirilməsi Ermənistan cəmiyyətini şoka salıb.

Ona görə də, hazırda Ermənistanın siyasi elitası və ictimai dairələri Belarusa qarşı etiraz kampaniyasına başlayıblar. Bir tərəfdən, "Batka"nın və belarusların ünvanına təhqirlər yağdırırlar. Digər tərəfdənsə, Belarusun İrəvandakı səfirliyi qarşısında ardıcıl olaraq, etiraz aksiyaları keçirirlər. Halbuki, Belarusa bu məsələ ilə bağlı etiraz notası verməyə isə deyəsən, cəsarətləri çatmır. Rəsmi İrəvan "Belarus və Ermənistan bir-birinə qarşı hörmət çərçivəsində münasibət bəsləməlidir" bəyanatı ilə kifayətlənir.

Ermənistanda artıq hər kəs tam dəqiqliyi ilə bilir ki, bu ölkə dünyada heç kim üçün elə bir ciddi önəm daşımır. Deməli, rəsmi İrəvanın xarici siyasət kursu da ilk növbədə "Ermənistanın lazımsızlığı" üzərində qurulmalıdır. 44 günlük savaşda biabırçı məğlubiyyətə uğramış, hərbi müttəfiqləri tərəfindən heç kimə lazım olmadığı etiraf edilən Ermənistanın hansısa şərtlər irəli sürməyə çalışması nəinki qeyri-ciddi, hətta tamamilə mənasız görünür.

Məsələ ondadır ki, rəsmi İrəvanın Rusiya və Azərbaycana sərhədlərin delimitasiya, demarkasiya prosesinə başlanması üçün "təkliflər paketi" göndərməsi də bu baxımdan, olduqca yersiz davranış təsiri bağışlayır. Ermənistan həmin "təkliflər paketi"ndə Azərbaycana "güzgü prinsipi" üzrə qoşunların geri çəkilməsi şərtini irəli sürür. Və təbii ki, rəsmi Bakı Ermənistanın mənasız və əhəmiyyətsiz "təkliflər paketi"nə reaksiya vermək ehtiyacı belə, duymadı.

Əslində, rəsmi Bakının bu davranışı tamamilə əsaslı xarakter daşıyır. Çünki, Azərbaycan savaş meydanında ordusunu darmadağın edib, biabırçı məğlubiyyətə uğratdığı Ermənistanın "kaprizlər"inə əhəmiyyət vermək məcburiyyətində deyil. Əksinə, rəsmi İrəvan Azərbaycandan gələn geopolitik təlimatlara həssas yanaşmalıdır. Bu baxımdan, rəsmi Bakının "Azərbaycan-Ermənistan sərhədləri heç bir ilkin şərt olmadan delimitasiya və demarkasiya olunmalıdır" bəyanatı Ermənistana ciddi xəbərdarlıq xarakteri daşıyır.

Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Ermənistanla hər hansı qondarma bir mövzunun müzakirəsinə zaman sərf etmək niyyətindən uzaqdır. Azərbaycan sadəcə, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmasında israr edir. Əgər, rəsmi İrəvan bu prosesə xoşluqla, könüllü şəkildə başlamaqdan yayınmağa çalışsa, onda rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədlərinin hərbi demarkasiyasına üstünlük verə bilər. Və Ermənistanın buna müqavimət göstərmək imkanları hazırda mövcud deyil.    

Ona görə də, "Bakta"nın "beynəlxalq güzgü"də əsl yerini göstərdiyi Ermənistan "güzgü prinsipi" xəyalını unudub, reallıqla barışmalı və sərhədlərin müəyyən olunması prosesinə başlamalıdır. Əks halda, rəsmi İrəvan Azərbaycanın "dəmir yumruğunu" əks etdirən "güzgü" ilə qarşılaşmaq məcburiyyətində qala bilər. Və bu, Ermənistanın dövlət kimi mövcudluğuna da real təhlükə törədər.

Maraqlıdır ki, Ermənistanda bu reallığı qəbul edən siyasətçilər də hər halda, mövcuddur. Belə ki, deputat Andranik Köçəryan ölkəsini qonşu dövlətlərlə uzunmüddətli sülhə yol aça biləcək addımlar atmağa çağırıb. Onun fikrincə, hazırda regionda mövcud olan dinamik və təhlükəli geopolitik şərtlər şəraitində Ermənistan bölgədəki yeni çağırışlara qonşu ölkələrlə normal münasibətlər qurmadan müqavimət göstərə bilməz.

Erməni deputat hesab edir ki, rəsmi İrəvan regionda əsas oyunçuların atdığı addımları təhlil etməli və anlamağa çalışmalıdır: "Bunun üçün isə ilk növbədə baş verənlərə daha realist nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Yersiz özünə əminlikdən imtina etməliyik. Biz müharibədə məğlub olmuşuq və ona görə də, uzunmüddətli sülh üçün qonşularla kommunikasiyaların açılamsına nail olunması çox vacibdir".

Göründüyü kimi, Ermənistan cəmiyyətində ara-sıra daha praqmatik yanaşmaya rast gəlinsə də, əslində, ümumilikdə erməni toplumu hələ də öz "kaprizlər"inə düşkünlüyünü qoruyub, saxlayır. Bu isə rəsmi İrəvanın geopolitik şərtləri qəbul edərək, qonşularla anlaşmaq imkanlarını daha da məhdudlaşdırır. Və belə vəziyyət ilk növbədə Ermənistanın gələcək perspektivlərini şübhə altına salır.

Böyük ehtimalla rəsmi Bakı nə qədər səbirli olsa da, tezliklə Azərbaycana aid olan əraziləri birtərəfli qaydada, yəni Ermənistanın razılığı soruşulmadan öz nəzarətinə almaq barədə qərar verə bilər. Yəni, "güzgü prinsipi" uydurub, delimitasiya və demarkasiya prosesini pozmağa çalışan Ermənistana qarşı rəsmi Bakının yaxın vaxtlarda növbəti dəfə "dəmir yumruq" metodundan istifadə edə biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, Azərbaycan-Ermənistan sərhədlərində "hərbi demarkasiya" prosesinin başlaya biləcəyini ehtimal etmək olar.

Milli.Az


Etiketlər:  Paşinyan delimitasiyadan yayınır Rəsmi Bakı hərbi demarkasiya metoduna məcbur buraxılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ