Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 15:00
Xəbər verildiyi kimi, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Azərbaycan Respublikası Baş prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluqdan Sonxeber.net-a verilən məlumata görə, istintaqla 1992-ci il təvəllüdlü, Yevlax rayonunun Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.
Seymur Cəfərov 08.02.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, əvvəlki illərdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.
Müəyyən edilib ki, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.
Elvin Dadaşov Şabran rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf etmiş və meyiti basdırdığı yeri göstərib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılmış və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.